Rusiya prezidenti Vladimir Putin iki və ya daha çox uşağı olan ailələr üçün yeni illik ailə müavinətinin tətbiqini nəzərdə tutan qanunu imzalayıb.
Yeni tənzimləmə gəlirləri müəyyən səviyyədən aşağı olan Rusiya vətəndaşlarına şamil ediləcək.
Qanun rəsmi olaraq iyulun 13-də dərc edilib və 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Qanuna əsasən, 18 yaşına qədər uşağı olan ailələr (əgər övladları 23 yaşa qədər universitet tələbəsidirsə) bu ödənişdən yararlana bilər. Təxminən 4 milyon rus ailəsinin bu yeni müavinətdən faydalana biləcəyi gözlənilir.
2025-ci ildən başlayaraq minimum əməkhaqqı 17 min 733 rubla (təxminən 343 manat) qədər artırılacaq. Bu o deməkdir ki, bir ailənin gəliri ayda adambaşına 26 min 599 rubldan (təxminən 515 manat) çox olmamalıdır. İki uşaq böyüdən və aylıq 53 min rubl (təxminən 1026 manat) gəlir əldə edən valideynlər bu dəstəkdən yararlana bilməyəcəklər.
Müavinətin məbləği fərdi gəlir vergisi əsasında hesablanacaq. Ailələr əvvəlki il ödədikləri gəlir vergisinin 7 faizini geri ala biləcəklər. Bu yolla aztəminatlı ailələr illik gəlir vergisi ödənişlərinin bir hissəsini geri almaqla “on üçüncü maaş” şəklində dəstək alacaqlar.