EN

Trampın adamı NATO-nu məhv edəcək? – Bir güllənin dəyişdiyi REALLIQLAR

Birləşmiş Ştatlar tarixinin ən qalmaqallı və gərgin seçkilərindən birinə hazırlaşır. Budəfəki seçki kampaniyasının ən ciddi hadisəsi şübhəsiz ki, Donald Trampa atılan güllə oldu. “Trampı yaralayan, Baydeni “öldürən” güllə”. Əksəriyyət tərəfindən baş verənlər məhz bu cür qiymətləndirilir. Məsələ burasındadır ki, sui-qəsd cəhdindən sonra Trampın reytinqi görünməmiş həddə çatıb. Elə bu səbəbdən də iyunun 15-də respublikaçıların qurultayında Ağ Evin keçmiş rəhbəri əsl qəhrəman kimi qarşılanıb, prezidentliyə namizəd kimi rəsmən təsdiq olunub. 13 iyul sui-qəsd cəhdindən sonra Ağ Evin keçmiş rəhbəri tədbirə sadəcə mühafizəkarların lideri kimi deyil, az qala ABŞ qəhrəmanı kimi gəlib. Sui-qəsd cəhdindən sonra onun özünü aparma tərzi ciddi rezonans doğurub. Bu hadisə prezident Bayden və onun seçki komandasının üzərinə əlavə yük qoyub. Hətta demokratların kampaniya reklamlarına da ara verilib.

Medianews.az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Trampa qarşı sui-qəsddə İran izi?

Sui-qəsd cəhdi ilə bağlı indiyə qədər ən müxtəlif versiyalar səslənib. Buraya İran da daxil edilib. ABŞ-nin milli təhlükəsizlik üzrə rəsmiləri bildiriblər ki, Trampın müdafiəsi hadisədən bir neçə həftə əvvəl gücləndirilibmiş. Buna səbəb isə İranın onu öldürmə planının olması ilə bağlı iddiaların ortaya çıxması olub. Bununla belə, rəsmilər hələlik sui-qəsd cəhdi ilə İran arasında hər hansı əlaqəni sübut edən faktın olmadığını deyiblər. Mənbələrin bildirdiyinə görə, hələ iyun ayında İrandan mümkün təhlükənin olması ehtimalı ilə bağlı Məxfi Xidmət ciddi rejimə keçib və Trampın mühafizəsinə əks-hücum və antisnayper casusları, eləcə də dron və robot itlər cəlb edilib. Tramp və keçmiş dövlət katibi Mayk Pompeo da daxil olmaqla, bir sıra rəsmilər 2020-ci ildə İranın Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin İraqda öldürülməsindən sonra rəsmi Tehran tərəfindən təhdidlərlə üzləşiblər. İranın BMT-dəki missiyası yayılan xəbərləri “əsassız və pis niyyətli” adlandırıb. İranlı nümayəndə əlavə edib ki, Tramp “cinayətkar olub və buna görə qanun qarşısında mühakimə edilməli və cəzalandırılmalıdır”.

 

 

Sıradan hadisə deyil

Ümumilikdə bu sui-qəsd cəhdi sıradan hadisə deyil. İlkin versiyalarda hadisənin Trampın rəqiblərinin təşkil etdiyi də bildirilir. Tramp Aİ və digər ölkələrlə inteqrasiya əleyhdarıdır. Ehtimal edilir ki, bu inteqrasiya prosesini gücləndirmək istəyənlər, onun iqtisadi siyasəti ilə razılaşmayanlar, Rusiya ilə münasibətləri normallaşdırma siyasətini bəyənməyənlər, yəni Trampın rəqibləri – Demokratlar Partiyası, bu partiyanın dəstəkçiləri sui-qəsd ssenarisini cızıblar. Çünki onlar Trampı fərqli üsullarla – barəsində cinayət işi açaraq, Floridada 11 qərargah üzvünü tutaraq, Arizonada ilkin seçkiyə buraxmayaraq seçki prosesindən uzaqlaşdırmağa çalışdılar.

Trampın milli, cinsi, irqi azlıqlar tərəfindən hücuma məruz qala biləcəyi ehtimalı da var. O, xüsusilə miqrantlara qarşı sərt siyasət yürüdüb. Ola bilsin, sui-qəsd Trampa xüsusi kin-küdurət bəsləyən bu kəsimlərdən birinin nümayəndəsi tərəfindən həyata keçirilib.

Trampın partiyadaxili müxalifətin planı ilə sui-qəsdə məruz qalması da mümkündür. Məsələ burasındadır ki, Respublikaçılar Partiyası Trampın namizədliyinin qarşısını ala bilmədi. Ancaq onu fiziki olaraq məhv etsəydilər, partiya yerinə başqa namizəd irəli sürə bilərdi. İstənilən halda, sui-qəsd cəhdi Trampın özünə xeyir versə də, ümumi anlamda ABŞ üçün müsbət heç nə vəd etmir.

Vitse-prezidentliyə qalmaqallı namizəd

Seçki prosesinə gəldikdə, respublikaçıların qurultayının ən maraqlı hadisələrindən biri Donald Trampın vitse-prezidentliyə namizədi elan etməsi oldu. O, Ohayodan olan 39 yaşlı senator Ceyms Devid Vensi bu posta irəli sürüb. Respublikaçıların vitse-prezidentliyə namizədi haqqında nə məlumdur? Ohayo ştatından olan Vens 2022-ci ilin payızında ABŞ Konqresinə əvvəlki seçkilərdə seçilib və yalnız ötən ilin yanvarında vəzifəsinin icrasına başlayıb. Avtobioqrafik kitabı ilə bütün ABŞ-də məşhurlaşan bu siyasətçi səkkiz il əvvəl Trampa rəqib olub. İndi isə respublikaçıları təmsil edir. Siyasi karyerasının əvvəlində o, Trampın əleyhinə olub. 2016-cı ildə hətta onu “axmaq” adlandırıb və Hitlerə bənzədib. Onun fikirlərini dəyişməsinə nə vadar etdiyi əslində aydın deyil – yəqin ki, Trampın prezidentliyi dövründə izlədiyi xətti bəyənib. Vens Ukrayna münaqişəsinə son qoyulmasının tərəfdarıdır. Keçən il o, prezident Co Baydeni gələcək dəstək paketlərini bloklamaqla hədələyərək Ukraynaya “məhdudiyyətsiz yardımı” dayandırmağa çağıran respublikaçı qanunvericilərdən biri idi.

Trampın Vensi vitse-prezidentliyə namizəd kimi göstərməsi Avropada ciddi narahatlıq yaradıb. Bu barədə “Financial Times” yazır. Belə ki, bu qərar Trampın prezidentlik müddətində transatlantik təhlükəsizlik əlaqələrinin kəskin şəkildə zəifləyəcəyi, tariflərin qalxacağı və ABŞ-nin Ukraynaya mühüm dəstəyinə son qoyulacağı anlamına gəlir. “Əgər Tramp seçilərsə və Vensin üstünlük verdiyi siyasət davam edərsə, o, NATO-nun məhv olduğunu və ya ən azından ABŞ-nin alyans üzərində himayəsinin sona çatdığını elan edə bilər”, – məqalədə vurğulanıb.
Beləliklə, ABŞ seçkiləri bir güllə ilə tamamilə dəyişmiş olub desək, yanılmarıq. Proseslərin gedişi ölkədə ciddi təlatüm yaratmaqla yanaşı, qütbləşməni dərinləşdirə, hətta vətəndaş müharibəsinə gətirib çıxara bilər.

Chosen
148
50
medianews.az

10Sources