Xəyal Bəşirov: “O maliyyə resurslarının yönləndirildiyi QHT-lərdən və media nümayəndələrindən öz maraqlarının təmin edilməsi üçün istifadə edəcəklər”
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bəyan edib ki, Gürcüstan hökumətinə dayandırılmış maliyyə yardımı bu ölkənin QHT-ləri və mediasına dəstək üçün ayrılacaq.
“Biz demokratiyanı, qanunun aliliyini, müstəqil medianı və iqtisadi inkişafı gücləndirməklə gürcü xalqının xeyrinə olan proqram və fəaliyyətləri dəstəkləməyə davam edəcəyik. Bəzi hallarda yardım proqramları resursların müəyyən sektorda çalışan QHT-lərə yönləndirilməsi üçün dəyişdirilə bilər” - deyə o bildirib.
Patel, həmçinin, Gürcüstan hökumətini “Xarici təsirin şəffaflığı haqqında” qanunu və digər “problemli qanun layihələrini” geri götürərək “demokratik yola qayıtmağa” çağırıb.
ABŞ Gürcüstan hökumətinə yardımı dayandırıb, amma o yardımı Gürcüstanda QHT-lərə və mediaya ayırıb, yönəldib.
ABŞ-ın bu addımı Gürcüstanda vəziyyətə necə dəyişdirici təsir göstərə bilər?
“Gürcüstanda parlament seçkiləri zamanı etiraz aksiyalarının keçirilməsi məqsədilə bu maliyyə resurslarından, bu yardımlardan istifadə olunacaq”
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu ilin may ayında Gürcüstanda “Xarici agentlər haqqında” (“Xarici təsirin şəffaflığı haqqında” ) qanun qəbul olundu: “Bu qanunun qəbul olunmasından sonra, ABŞ başda olmaqla, kollektiv Qərbdən Gürcüstana qarşı səfərbərlik dayanmaq bilmir, Gürcüstana qarşı sanksiyalarla bağlı müzakirələr aparılır, bu ölkənin Avropa Birliyinə üzvlüyünə namizədliyinə dair məsələ dayandırıldı, gündəmdən çıxarıldı. Gürcüstanın bir sıra təsisatlardan, xüsusilə də Qərb təsisatlarından çıxarılması ilə bağlı fikirlər səsləndirilir. Bütün bunlar Gürcüstanda “Xarici agentlər haqqında” qanunun qəbul olunmasından sonra baş verən proseslərdir. Əslində, tarixə nəzər yetirsək, Gürcüstan 2004-cü ildə Mixeil Saakaşvilinin hakimiyyətə gəlməsindən sonra, yəni keçən 20 il ərzində Qərbyönümlü siyasət yürütməkdə çox böyük bir yol keçib və NATO, Avropa İttifaqı, Avropa Şurası kimi təsisatlardan savayı həm də ayrı-ayrı dövlətlərlə münasibətlərdə böyük bir yol qət edib. Amma bir qanunun qəbul edilməsinə görə Gürcüstanın artığı bütün addımların, keçdiyi 20 illik yolun üzərindən bir xətt çəkildi. Söhbət həm də Gürcüstanın daxili qanunvericiliyinə uyğun olaraq hansısa bir qanunun qəbul edilməsindən gedir ki, Gürcüstan hakimiyyəti bunu özünün suveren, müstəqil dövlət olması ilə əlaqələndirir. Amma görünən odur ki, bu, kollektiv Qərbi qane etmir. Bunun onları qane etməməsi həm də onların real addımlarında özünü göstərir. Düşünürəm ki, bu istiqamətdə hələ təzyiq və təsirlər artacaq və Gürcüstan tərəfin bundan sonra atacağı addımların cavabı müxtəlif formalarda veriləcək.
X.Bəşirovun sözlərinə görə, “Xarici agentlər haqqında” qanunun qəbul edilməsində məqsəd Gürcüstanda fəaliyyət göstərən QHT-lərin və media nümayəndələrinin gəlirlərinin böyük hissəsi xarici qrantlardan, xarici resurslardan qaynaqlanarsa, onun qeydiyyatdan keçirilməsi ilə bağlıdır. “Amma ABŞ-ın növbəti addımı Gürcüstan dövlətinə ayrılmış yardımı dayandırıb bu vəsaitin QHT-lərə və mediaya yönəldilməsi ilə bağlıdır. Düzdür, bu, Gürcüstana bu məsələdə güzəştlər edilməyəcəyi və bu dövlətlə bu məsələdə mübarizənin davam edəcəyi, Gürcüstanın daxili işlərinə qarışacaqları anlamına gəlir. Bu gün ayrı-ayrı dövlətlər özlərinə gələndə bütün ölkələrin daxili işlərinə qarışa bilərlər.
Məsələn, Fransa Azərbaycanı bizdən onminlərlə kilometr uzaqda yerləşən Yeni Kaledoniyanın daxili işlərinə qarışmaqda ittiham edir, amma Gürcüstanda parlamentin qarşısında etiraz aksiyaları zamanı Avropa ölkələrindən olan dövlətlərin deputatları belə iştirak edirdilər. Yəni bu dərəcədə daxili işlərə qarışmaq təcrübəsi bəlkə də tarixdə görünməyib. Amma onlar bunu daxili işlərə qarışmaq hesab etmirlər. Kollektiv Qərbdən olan bəzi dövlətlərə, Fransaya, ABŞ-a gələndə onlar insan hüquq və azadlıqlarını, demokratiyanı dövlətlərin daxili məsələsi hesab etmirlər, onu beynəlxalq problem adlandırırlar. Amma özlərinə gələndə isə onların daxili məsələsi gündəmə gəlir, aktuallaşır, ayrı-ayrı dövlətləri bu məsələdə ittiham edirlər. Qısa olaraq qeyd edim ki, bu, Gürcüstanın daxili işlərinə açıq şəkildə qarışmaqdır. Bu yardım Gürcüstanda kollektiv Qərbə, onların təsisiatlarına bağlı olan vətəndaş cəmiyyətinin, media təşkilatlarının gücləndirilməsi, əlaqələrin möhkəmləndirilməsi, onların maliyyə resurslarının qorunub saxlanılması və gələcəkdə onlardan istifadə edilməsi ilə bağlıdır. Nəzərə almalıyıq ki, oktyabrda Gürcüstanda parlament seçkiləri olacaq. Gürcüstanda parlament seçkiləri zamanı etiraz aksiyalarının keçirilməsi məqsədilə bu maliyyə resurslarından, bu yardımlardan istifadə olunacaq. O maliyyə resurslarının yönləndirildiyi QHT-lərdən və media nümayəndələrindən öz maraqlarının təmin edilməsi üçün istifadə edəcəklər”-deyə X.Bəşirov qeyd etdi.
İradə SARIYEVA