“Hazırda tərəflər arasında (Ermənistan ilə Azərbaycan) reqlament razılaşdırılıb.
Razılaşmaya uyğun olaraq zəmin və çərçivə yaradılır ki, delimitasiya prosesi aparılsın. Qarşılıqlı anlaşma şəraitində proses bundan sonra da ikitərəfli əsasda davam edəcək. Sərhədlərin delimitasiya prosesi sırf ikitərəfli xarakter daşıyır”.
Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib:
“Prosesin iki dövlət arasında sülh, qarşılıqlı anlaşma şəraitində gedişatını nəzərə alaraq hesab edirik ki, artıq Avropa İttifaqının sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur. Bu missiyanın da fəaliyyətinə xitam verilməsinin zamanı yetişib”.
Qeyd edək ki, Avropa mülki missiyası sərhəddə təhlükəsizliyin və sülhün təminatı istiqamətində hər hansı rol oynamayıb. Monitorinq qrupunun fəaliyyət göstərdiyi ərazilərdə dəfələrlə atəşkəsin pozulmasına baxmayaraq, bu missiya Ermənistan tərəfindən törədilən hərbi təxribatları qeydə almayıb. Hətta missiyanın fəaliyyəti neytral mövqe nümayiş etdirdiyinə görə Ermənistanda da tənqid hədəfinə çevrilib.
Ona görə də Avropa İttifaqının missiyasına ehtiyac qalmayıb. Sadəcə olaraq, Avropa İttifaqı, Fransa və Kanada yarımhərbi missiyanı Ermənistan üzərindən regiona yerləşdirməklə Cənubi Qafqazda geosiyasi mövqeyini möhkəmləndirməyə çalışır.
Qərbin Rusiyaya qarşı alternativ güc mərkəzi formalaşdırmaq cəhdi bölgədə gərginliyin artmasına səbəb olur. Ermənistan isə bu vəziyyətdən istifadə edib Qərb dövlətlərini əraziyə cəlb etmək hesabına silahlanır.
Yəni kənar aktorların maraqlarının bölgədə toqquşması Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına mane olur. Bu baxımdan, Avropa İttifaqının missiyasının şərti sərhəddən çəkilməsi geosiyasi qarşıdurmanın səngiməsini və müharibə risklərini azalmasını təmin edə bilər.
Xatırladaq ki, Avropa İttifaqı mülki missiyanın Ermənistandan çıxarılması ilə bağlı hələ mart ayında öz şərtlərini irəli sürüb. Həmin vaxt Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışan Toyvo Klaar 3-cü Antalya Diplomatiya Forumunda çıxışı zamanı missiyanın fəaliyyətinə xitam verilməsi ilə bağlı “yol xəritəsi” təklif edib.
“Sülh bərqərar olanda Avropa İttifaqının müşahidəçiləri Ermənistan sərhədini tərk edəcəklər”, - deyən diplomat Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bu il imzalanacağına ümid etdiyini bildirib.
Toyvo Klaarın sözlərinə görə, 1991-ci ildə Azərbaycanın və Ermənistanın sərhədlərinin bölünməsi zamanı Almatı Bəyannaməsi də daxil olmaqla iki ölkə arasında yekun sazişlərə etibar etmək lazımdır.
Klaar bildirib ki, saziş insanların və yüklərin Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsindən Naxçıvana keçməsi üçün sərhədin açılmasını ehtiva etməlidir. Avropa İttifaqının təklif etdiyi sülh formulu delimitasiya və demarkasiya prosesinin 1991-ci il Almatı Bəyannaməsi imzalanan vaxt Azərbaycanla Ermənistan arasında mövcud olmuş inzibati sərhəd xətti üzrə aparılmasını təklif edir.
Yəni Klaar Azərbaycana sərhədlər məsələsində Ermənistanın mövqeyini qəbul etməyi təklif edib. Əvəzində, Avropa İttifaqı Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın kompromisə getməsini təklif edir.
Toyvo Klaarın açıqlaması göstərir ki, Avropa İttifaqı qeyd edilən şərtlər müqabilində sülh müqaviləsi imzalanarsa, Azərbaycana Ermənistandakı müşahidə missiyasını geri çağıracağını vəd edir. Lakin Ermənistan Azərbaycan ərazilərini işğal etməklə Almatı Bəyannaməsindən və Sovet dövründə mövcud olmuş inzibati sərhədlərdən imtina edib.
Yəni 1991-ci ildə Azərbaycanla Ermənistan arasında dövlət sərhəddi mövcud olmayıb. Ermənistan isə SSRİ dövründəki inzibati sərhədi hələ 1989-cu ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini qanunsuz ilhaq etməklə ləğv edib. Ona görə də sərhədlərin yenidən müəyyənləşməsi üçün delimitasiya və demarkasiya prosesi aparılmalıdır.
Əgər delimitasiya və demarkasiya prosesində Sovet dövrünə aid xəritələr əsas götürülərsə, o zaman yalnız 1991-ci ilin deyil, 1920-ci ildən sonra tərtib edilmiş istənilən dövrün xəritələri əsas götürülə bilər.
Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında dəhlizin açılmasına görə hər hansı güzəşt şərtinin qoyulması siyasi və hüquqi baxımdan, düzgün deyil. Çünki Ermənistan 2020-ci il 10 noyabr Bəyanatına uyğun olaraq, Zəngəzurdan dəhlizin açılmasına dair öhdəlik götürüb.
Rəsmi İrəvan bu öhdəliyi yerinə yetirməməklə Ermənistanın bolkadasını uzadır. İki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər Ermənistanın Konstitusiyasına dəyişikliklər edilməli, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi İrəvan tərəfindən tanınmalı, işğal altındakı dörd kənd geri qaytarılmalıdır.
Bundan sonra Zəngəzur dəhlizi açılmalı və Sovet dövrü xəritələri əsasında sərhədlərin delimitasiya və demarkasiya prosesi aparılmalıdır.
Avropa İttifaqı missiyasının regiondakı fəaliyyəti isə bu öhdəlikləri yerinə yetirməli olan Ermənistanın siyasi məsuliyyətdən yayınmasına gətirib çıxarır.