RU

Azərbaycanın ehtiyac duyduğu İtaliya silahları

Kərim Vəliyevin Roma səfərində hədəf; polkovnik: “Silah aldığımız ölkələrin sayını artırmaq zərurəti yaranıb”

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev sentyabrın 19-da İtaliyaya rəsmi səfər edib. Rəsmi məlumata görə, səfər proqramına İtaliyanın hərbi rəhbərliyi ilə görüşlər və müdafiə sənayesi şirkətinə ziyarət daxildir, xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Səfər çərçivəsində Kərim Vəliyev İtaliyanın müdafiə naziri Quido Krosetto ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər ölkələr arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov da iştirak edib.

Xatırladaq ki, İtaliya Azərbaycanla NATO-nun Türkiyədən sonra hərbi sahədə sıx əməkdaşlıq etdiyi ikinci dövlətidir. Bəs İtaliya Azərbaycana hansı silahları tədarük edə bilər və hazırda ikitərəfli hərbi əməkdaşlıq hansı mərhələdir? İtaliya silahlarının keyfiyyət göstəriciləri necədir?  

2108575.jpg

Rövşən Məhərrəmov 

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, 44 günlük Vətən müharibəsində İtaliya Azərbaycanın haqlı mövqeyini müdafiə etdi. Azərbaycan-İtaliya münasibətləri bütün sahələrdə yüksək səviyyədədir. İtaliya ilə Azərbaycanın münasibətləri hər zaman müsbət olub. Təsadüfi deyil ki, cənab Prezdentimiz İlham Əliyevin bu yaxınlarda İtaliyaya səfərindən sonra Azərbaycan ordusunun baş qərargah rəisi Kərim Vəliyevin bu ölkəyə səfəri reallaşdı. Bu səfər cənab Prezidentimizin səfəri zamanı aparılan danışıqların, razılaşmaların zəruri etdiyi səfər kimi qiymətləndirilə bilər. Azərbaycan ordusunun yeni müasir silahlarla təchiz olunması prosesi davam etdirilir: “Ermənistanın Fransa, ABŞ və digər ölkələr tərəfindən silahlandırılması prosesinin getdiyi bir vaxtda Azərbaycan ordusunun silah arsenalının daha da zənginləşdirilməsinin aktuallığı artır. Azərbaycan ən müasir silahlarla silahlanmalıdır. İsrail, Türkiyə kimi ölkələrlə yanaşı, İtaliya kimi ən müasir hərbi sənayesi olan dövlətlərdən də silah tədarük etməliyik. İtaliya NATO-nun güclü dövlətlərindən biridir. Hərbi sənayesinə görə Avropa dövlətləri içərisində dördüncü ölkə İtaliyadır. Ondan əvvəlki siyahıya Fransa, Almaniya və Böyük Britaniya daxildir.

İtaliya ilə Azərbaycanın iqtisadi əlaqələri çox yüksək səviyyədədir. Bu iqtisadi əlaqələr, birgə böyük layihələr müdafiə sənayesi sahəsi sahəsində sıx əməkdaşlığa stimul verir. General-polkovnik Kərim Vəliyevin İtaliyaya səfəri, orada İtaliyanın hərbi rəhbərliyi ilə keçirdiyi görüşlər, apardığı danışıqlar yəqin ki, hər halda bu dost ölkənin müasir silahlarının əldə edilməsi ilə nəticələnəcək. Azərbaycan ordusunun silah arsenalında yəqin ki, İtaliya hərbi sənayesinin güclü silah və texnikalarını görə biləcəyik.

Bizim silah aldığımız ölkələrin sayını artırmağımız zərurəti yaranıb. Bilirsiniz ki, İsrail xeyli vaxtdır özü müharibəyə cəlb olunmuş vəziyyətdədir. İsrailin özünə silahlar lazımdır. Rusiya-Ukrayna müharibəsi gedir və bizim bu ölkələrin də silahları daha çox özlərinin istifadəsi üçündür. Bu və digər reallıqlar Azərbaycanın silah aldığı ölkələrin sayını artırmağı tələb edir. İtaliya ilə əməkdaşlıq o deməkdir ki, biz çox güclü və müasir silahları bundan sonra da ordumuzun silah arsenalına daxil edəcəyik. Azərbaycan NATO standartlarına uyğun ordu qurur və buna uyğun da komplekləşdirmə həyata keçirilməlidir. Əgər biz İtaliyadan silah alacağıqsa, bu addım qeyd etdiyimiz komplekləşdirməyə töhfə olacaq".   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Избранный
14
50
musavat.com

10Источники