RU

Mahmud Kaşğarlıya həsr olunmuş beynəlxalq konfrans keçirildi - FOTO

Odlar Yurdu Universitetində  ADPU Türkoloji Mərkəz, Mahmud Kaşğarlı adına Beynəlxalq Fond, AMEA Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu – İKSAD-ın təşkilatçılığı ilə “Mahmud Kaşğarlı: 2-ci beynəlxalq elm, mədəniyyət və təhsil konfransı” keçirildi.

 

Mahmud Kaşğarlının “Divanü lüğət-it-türk” əsərinin 950 illiyi münasibətilə təşkil edilən beynəlxalq mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başladı. Beynəlxalq konfrans türk dünyasının birliyi, qarşılıqlı əlaqələri və mədəni irsə verilən böyük diqqəti nümayiş etdirən əlamətdar bir tədbir oldu. Bu konfrans yalnız Kaşğarlının həyatını və irsini araşdırmağa olan marağı göstərməklə qalmadı, həm də Türk xalqlarının ümumi tarixinin, mədəniyyətinin və dil birliyinin önəmini bir daha vurğuladı.

 

Mahmud Kaşğarlı adına Beynəlxalq Fondun rəhbəri, millət vəkili  Cavanşir Feyziyev, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, İKSAD-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Əlvan Cəfərov və digər çıxışçılar qeyd etdilər ki,  Mahmud Kaşğarlının “Divanü lüğət-it-türk” əsəri yalnız dilçilik və etimologiya baxımından deyil, həm də türkdilli xalqların sosial və mədəni həyatını öyrənmək üçün vacib bir mənbədir. Kaşğarlının bu əsəri türk dilinin müxtəlif dialektlərini, onların fərqliliklərini və oxşarlıqlarını təqdim etməklə yanaşı, türk xalqlarının mədəniyyətini, tarixini və coğrafiyasını əks etdirir. Bu baxımdan əsərin 950 illiyi münasibətilə keçirilən beynəlxalq konfrans türk dünyasının dil və mədəniyyətinə olan marağı daha da artırır və bu irsin tədqiqinə yeni bir impuls verir.

 

Beynəlxalq mərasimdə ADPU Türkoloji Mərkəzin nəşri “Mahmud Kaşğarlı” beynəlxalq elmi jurnal da təqdim olundu. Jurnalı ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovanın təsisiçiliyi və baş redaktorluğu ilə nəşr edilir və 2 sayı işıq üzü görüb.

 

Rəsmi hissədən sonra konfrans bölmələrdə işini davam etdirdi.

 

 

Избранный
15
18
sfera.az

10Источники