RU

“Putinin guya Əsədi Trampla hansısa razılaşmaya görə müdafiə etməməsi əsassız söhbətdir...”

“Belə versiyaları irəli sürənlər özlərinə bir sual versinlər: 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməyə əsasən Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ torpaqlarından ən tezi 2025-ci il noyabrın 10-da çıxmalıydılar.  Düzdümü?..”
 
“Çünki Türkiyə açıq şəkildə ultimatum vermişdi ki, hansısa bir üçüncü tərəf Ermənistana arxa duraraq müharibəyə qoşulsa, qarşısında Türkiyəni görəcək. Və bu, elə belə söz deyildi...”
 
"Əsəd rejiminin devrilməsi Rusiyanın ağır hərbi-siyasi itkisi demək oldu. Çox güman ki, yeni Suriya rəhbərliyi Xmeymim və Tartusdakı Rusiya bazalarının çıxarılmasını tələb edəcək..."
 
Son günlər Suriyada baş verənlərdən, yəni Əsəd rejimininn çöküşündən və onun son lideri oğul Bəşər Əsədin qaçışından sonra belə versiyalar səslənir ki, guya Rusiya istəsəydi, Əsədi müdafiə edərdi. Yəni guya Rusiya məcburən yox, bilə-bilə geri çəkildi, çünki Putin ABŞ ilə, konkret yeni prezident seçilmiş Trampla razılaşıb və Suriyanı güzəştə gedərək Ukraynada işğal etdiyi Donetski, Xersonu, Zaporojyeni qazanacaq, hətta hazırkı Ukrayna prezidenti Vladimir Zelenskinin yeni seçkilərdə rusiyameyilli biri ilə əvəzlənməsinə də nail olacaq... Bəs gerçəklik nədən ibarətdir?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bunları söyləyib:
 
“Hesab edirəm ki, Putinin guya Əsədi Trampla hansısa razılaşmasına görə müdafiə etməməsi əsassız söhbətlərdir.  Birincisi, Rusiyanın ABŞ ilə hansısa gizli razılaşması haqda heç bir sübut yoxdur. Məntiqi, elmi-siyasi təhlildən isə belə çıxır ki, Rusiyanın Bəşər Əsədi, onun rejimini xilas etmək üçün gərəkli imkanları yox idi. O, bütün imkanlarını Ukrayna cəbhəsinə yönəldib.  Belə versiyaları irəli sürənlər özlərinə bir sual versinlər: 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməyə əsasən Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ torpaqlarından ən tezi 2025-ci il noyabrın 10-da çıxmalıydılar.  Düzdümü? Amma onlar təxminən bir il yarım tez – 2024-cü ilin yazında getdilər.  Niyə tez getdilər? Ona görə ki, Rusiyanın əvvəlki gücü, nüfuzu, potensialı, qabiliyyəti yoxdur. Odur ki, Azərbaycan rəhbərliyi ona təklif edən kimi Kreml  üzüsulu ordusunu Qarabağdan çıxardı. Eynilə Bəşər Əsədin süqutu məsələsidir... O, Moskvaya getdi, kömək istədi, onu müdafiə etmələrini xahiş etdi- ruslar bundan imtina etdi. Çünki Kremlin əlavə qoşunu, gücü yoxdur, hamısı Ukrayna ilə müharibəyə cəlb olunub. Hətta məcbur olub Sakit okeandakı donanmasındakı dəniz piyadalarını da Rusiyanın bu başından o başına gətirdi, Ermənistandakı, Tacikistandakı hərbi bazaların da şəxsi heyətlərinin bir hissəsini Ukrayna cəbhəsinə yolladı...
 
Əsəd rejiminin devrilməsi Rusiyanın ağır hərbi-siyasi itkisi demək oldu. Çox güman ki, yeni Suriya rəhbərliyi Xmeymim və Tartusdakı Rusiya bazalarının çıxarılmasını tələb edəcək. Nəticədə Aralıq dənizində yegənə hərbi dəniz bazasını itirəcək Rusiya – orada dəniz donanması saxlaya bilməyəcək. Bütün bunlar onu göstərir ki,  hansısa gizli danışıqlar haqda deyilənlər boş söhbətdir..
 
Bir məsələni də xatırladaq ki, Azərbaycanın 2020-ci ildəki 44 günlük müharibədəki qələbəsindən sonra bir çoxları, o cümlədən Ermənistanda hədyanlar danışmağa başladılar ki, bəs Azərbaycan, Türkiyə və Rusiya razılaşıblar, Ermənistanı bada veriblər, satıblar və Azərbaycana Qarabağı alması üçün şərait yaranıb. Bunlar da boş söhbət idi. Bunların boş söhbət olduğunu Şuşaya və Bakıya atılan “İsgəndər” raketləri sübut etdi. Və Azərbaycanın o zaman Xankəndinə hücumdan geri şəkilməsi də göstərdi ki, Moskva Azərbaycanı müdafiə etmirdi. Sadəcə Rusiya daha genişmiqyaslı müharibəyə qoşulmaq istəmirdi. Çünki Türkiyə açıq şəkildə ultimatum vermişdi ki, hansısa bir üçüncü tərəf Ermənistana arxa duraraq müharibəyə qoşulsa, qarşısında Türkiyəni görəcək. Və bu, elə belə söz deyildi. Putin özü də həmişə deyir ki, Ərdoğan sözünü deyib edən kişidir... Digər tərəfdən, həmin vaxt Rusiya Ukrayna ilə savaşa hazırlaşırdı və bu ərəfədə Türkiyə kimi güclü orduya malik bir dövlətlə - rəqiblə qarşılaşmaq ona əl vermirdi...” 
 
Избранный
12
50
moderator.az

10Источники