RU

Qulu Məhərrəmli: "Yayılan məlumatların qiymətləndirilməsi media savadlılığının əsas məqsədidir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bu gün media savadlılığı informasiya işi sahəsində əsas trendlərdən biridir. Biz savadlılıq deyəndə, adətən, insanlar oxumaq, yazmaq qabiliyyətinə yiyələnmək, tarix, fizika, riyaziyyat, informatika və s. fənlərini öyrənməyi nəzərdə tutular. İstiqamət olaraq bu, doğrudur, lakin media savadlılığı deyəndə birinci növbədə kütləvi informasiya vasitələrində, mediada yayılan məlumatları qiymətləndirmək səriştəsi nəzərdə tutulur".
Bu sözləri Oxu.Az-a açıqlamasında Əməkdar jurnalist, tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli deyib.
O bildirib ki, insanların müəyyən bir bilik səviyyəsi olmalıdır ki, onlar mediada yayılan məlumatları qiymətləndirə, dəyərləndirə bilsinlər:
"İnsanlar yayılan məlumatın doğru, yoxsa yalan olduğunu, hansı məqsədlə yayıldığını, nə dərəcədə mötəbər mənbədən yayıldığını və s. müəyyənləşdirə bilməlidirlər. Ona görə də media məlumatlarının qiymətləndirilməsi media savadlılığının əsas məqsədidir. Bu həm də geniş yayılmış sosial şəbəkələrdə davranış tərzini müəyyənləşdirir.
Media savadlılığının dərinləşdirilməsinə ona görə ehtiyac var ki, biz fərdi məlumatlar ilə mediada yayılan məlumatları fərqləndirə bilək. Məsələn, bir şəxsin digərinə yazdığı mesajı bir şəxs oxuyur, lakin o mesajı sosial şəbəkədə paylaşanda çox sayda insan oxuyur. Ona görə də bunlar arasındakı fərqi bilmək, informasiyanın ictimai arenaya çıxışının məsuliyyətini duymaq, onunla necə davranmaq, yazmaq, ötürmək və s. - bunların hamısı media savadlılığının tərkib hissəsidir".
Professor vurğulayıb ki, Avropa ölkələrində, qardaş Türkiyədə media savadlılığı artıq on ildir ki, orta məktəblərdə dərs kimi tədris edilir. Məqsəd budur ki, insanlar mətbuatda yayılan məlumatları dəqiq qiymətləndirə bilsinlər, özlərinin dünya görüşlərini formalaşdıra bilsinlər:
"Bu gün Qərbdə çap olunan kitabların əksəriyyəti media savadlılığına həsr olunub, bununla bağlı treninqlər keçirilir. Kütləvi informasiya vasitələrinin özündə savadlılıq məsələsi ayrıca yer alır. Yəni burada medianın təsirini duymaq və qiymətləndirmək, məqsədyönlü kütləvi kommunikasiya məlumatını araşdıra bilmək, media istehlakçısı, böyük bir auditoriya üçün media savadlılığının nə olduğunu anlatmaq çox vacibdir. Bizdə də bu istiqamətdə işlər görülür, elmi məqalələr, dissertasiyalar yazılır".
Q.Məhərrəmli qeyd edib ki, media savadlılığının iki aspektindən danışmaq olar:
"Bunun birincisi ümumiyyətlə xəbər istehlakçısının məlumatı yönləndirdiyi auditoriyadır, yəni bu, ümumi kütlədir, medianın verdiyi məlumatı dəyərləndirə bilməlidir. İkincisi isə medianın özündə, yəni konkret kütlə informasiya vasitəsinin özündə media savadlılığının tətbiqidir. Medianın özündəki media savadlılığı artıq peşə məsələləri ilə birbaşa bağlıdır. Yəni xəbərin suallarına dəqiq əməl olunmalı, araşdırma aparılanda mənbələrlə necə işləməyi, xəbərin necə yazılmalı olduğunu bilməli, konfliktli məsələlərdən yazırıqsa, tərəflərin hamısının mövqeyini verməliyik. Bunların hər biri də jurnalist peşəkarlığı ilə bağlı olan məsələlərdir. Burada tələb olunan peşəkarlıq standartlarını, etik qaydaları, hüquqi aspektləri dəqiq öyrənməliyik, bu nüansların köməyi ilə materiallarımıza keyfiyyət aşılamalıyıq".
Xatırladaq ki, ötən il Bakıda "Media savadlılığı" platformasının təqdimatı keçirilib. Beş bölmə və 10 altbölmədən ibarət olan veb-sayt platforması vasitəsilə hər bir istifadəçi testləri edərək öz media savadlılığını yoxlaya bilər.
Aygün Mirakif
Избранный
45
30
oxu.az

10Источники