RU

“Mənim ölümümlə bağlı şayiələr...”-Putinin yanlış “mərci”

Son üç ildə rusiyalılar üçün bütün sahələrdə asan olmayıb və bunun günahını Putinin yanlış siyasətində görənlər də az deyil

Rusiya prezidentinin 21-ci dəfə keçirdiyi mətbuat konfransının formatını özü düşünüb və yəqin ki, nə qədər dövlətin başındadır, bu ənənəni davam da etdirəcək. Bu gün 4 saat 27 dəqiqqə ərzində bir neçə milyon sualdan 76-sına cavab vermək yəqin ki, Putin kimi həm də fiziki hazırlıqlı siyasətçi üçün çətin iş deyildi. İndi elə Rusiya mediasında da çox deyilir ki, suallar saf-çürük edilir, suallara nəzarət var və sairə. Bizim oxucular üçün o saatlar sürən mətbuat konfransında bir neçə məqam maraqlı ola bilər. Çünki rusiyalını xiyarın qiymətinin son bir həftədə 40-60 faiz bahalaşması da, infilyasiya da, hökumətin sosial, Mərkəzi Bankın pul siyasəti də Ukraynadakı müharibənin nə vaxt başa çatmasından heç də az narahat etmir. Son üç ildə rusiyalılar üçün bütün sahələrdə asan olmayıb və bunun günahını Putinin yanlış siyasətində görənlər də az deyil. Bu da bədiiləşdirsək, Rusiya prezidenti üçün ilsonu “rus hamamında təmizlənmə” fürsətidir. 

Screenshot_1.png

Mətbuat konfransında müharibənin nə vaxt və necə bitməsi ilə bağlı Putinin aydın rəyi görünmədi. Məsələn, Ukrayna hərbçilərinin Kurskdan nə vaxt çıxarılacağı soruşuldu, Putin hərbi əməliyyatların sona çatması ilə bağlı konkret tarix açıqlamaqdan yayındı, yalnız yad ordunun vilayətdən “mütləq çıxarılacağına” söz verdi. Putinin Ukrayna müharibəsi ilə bağlı sualları cavablarını ümumiləşdirsək, ziddiyyəti məqamlar da var. Rusiya lideri Zelenski ilə danışıqlara hazır olduğunu da deyir, başqa bir sualda onu qeyri-legitim hesab etdiyini vurğulayır, Ukraynada qanuni hakimiyyəti yalnız Radanı və onun rəhbərini sayır, sənəd imzalanacaqsa, həmin şəxsin legitim olmasını qabardır. Putin deyir ki, Rusiya Ukrayna ilə bağlı ilkin şərt olmadan, lakin İstanbul razılaşmaları əsasında dialoq aparmağa hazırdır. İstanbul razılaşması isə əslində elə Rusiyanın “ilkin şərtlərindən” ibarət idi. Məsələn, sənədə görə Ukrayna NATO da daxil olmaqla, istənilən hərbi alyansa üzvlükdən imtina edərək “daimi neytrallığı” saxlamalı, nüvə silahı istehsalından, əldə etməkdən imtina etməli, öz ərazisində xarici qoşunlar yerləşdirməmək, hava limanları da daxil olmaqla infrastrukturun başqa dövlətlərin istifadəsinə verməmək kimi şərtlər vardı. Moskva Kiyevdən ordusunun sayını 85 min nəfərə endirməyi də tələb edirdi, rus dilinin Ukraynada ikinci rəsmi dil olmasını da. Putin yenə deyir ki, İstanbul razılaşması əsas götürülməlidir, amma dəqiqləşdirmir ki, bu razılaşma masada olanda (2022-ci ilin apreli) Rusiya Luqans və Donetskə iddia edirdi, amma ondan sonra Rusiya bu siyahıya daha 2 vilayəti də “ əlavə edib”- Zaporojye və Xersonu. Davam edən hərbi əməliyyatların gedişində Xarkov vilayətnin bir hissəsi “boz zonaya”(bufer zona), Odessa işğal siyahısına düşə bilər. Yəni İstanbul razılaşmasının ilkin şərt olmadan masaya qoymaq “Ukrayna kapitulyasiyanı qəbul etməlidir” deməkdir. 

Screenshot_2.png

Putin Qərbə təhdidlərində həmişə əndazəni, soyuqqanlılığını qoruyub, amma bu dəfə gozlənilməz bəyanat verdi. “Oreşnik”in köhnə texnologiyaya əsaslanan silah olması barədə suala “Qərb liderlərinə silahları sınaqdan keçirmək üçün 21-ci əsrin yüksək texnologiyalı dueli” keçirməyi təklif edib. “Əgər Qərb ekspertləri “Oreşnik”in vurula biləcəyinə inanırlarsa, qoy Kiyevdəki hədəfləri müəyyən etsinlər, hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərini orada cəmləşdirsinlər, biz də zərbə endirək. O zaman baxarıq. Biz belə bir eksperimentə hazırıq”, – Putin bildirib. Bu, Putinin “Oreşnik”ə güvəndiyindən daha çox Kiyev üzərində qorxunc məşq təklifinə bənzədi ki, ciddi siyasət adamı üçün geniş auditoriya qarşısında belə təklif məncə, “qüsurlu mərcə” bənzədi. Mətbuat konfransından sonra Rusiya prezidenti “Moskva. Kreml. Putin” proqramının aparıcısı Pavel Zarubinə açıqlamasında yenidən bu məsələyə qayıtması təsadüfi deyildi. Putin dedi ki, “dueli” başqa yerdə də təşkil oluna bilər. Kiyevi isə hədəf kimi o səbəbdən qabardıb ki, “ Ukrayna paytaxtında Qərb ölkələri tərəfindən kifayət qədər ciddi hava hücumundan müdafiə sistemi qurulub”. Amma gec idi. Zelenski Brüsseldə keçirdiyi mətbuat konfransında Putinin bu dediklərinə çox sərt cavab verib. Amma o da yalan əndazəsini aşıb, deyib ki, Putin çox İstanbul razılaşması deyir, amma ümumiyyətlə, belə sənəd heç vaxt mövcud olmayıb.

Putinin “2022-ci ilin fevralına dönəcəyi təqdirdə müharibə qərarını dəyişib-dəyişdirməyəcəyi” sualına cavabı da maraqlı oldu. “2022-ci ilin əvvəlində verilən qərar daha əvvəl verilməli idi ”, - deyə, Rusiya prezidenti bildirib. 

Screenshot_3.png

Daha bir maraqlı sualı amerikalı jurnalist səsləndirdi, deyəsən Putini də bir az əsəbiləşdirmək istədi. Amerikalı jurnalist Rusiya liderinin Donald Trampla mümkün danışıqlarda açıq-aşkar zəif mövqeyinə işarə etdi. Bunları sadaladı da. Dedi ki, müharibədə Rusiya çox itki verib, Moskvanın dəstəklədiyi Bəşər Əsəd Suriyadan qaçıb, ölkədə yüksək inflyasiya var və s. Putin cavabında dedi ki, siyasət kompromis sənətidir, o səbəbdən danışıqlara və kompromislərə hazırdırlar. Zəifləyən mövqeyinə gəlincə, Putin Mark Tvenin məşhur sitatı ilə cavab verdi: "Mənim ölümümlə bağlı şayiələr çox şişirdilib." Onun fikrincə, Rusiya həmişəkindən daha güclü mövqedədir. “Trampla görüşsək, danışacaq bir şeyimiz olacaq ...”
Mark Tvendən söz düşmükən, prezidentin otağında kimin portreti olması barədə suala cavabında bəlli oldu ki, Putinin kabinetlərinin birində Lomonosovun büstü, başqa birində ikona var...

Nazim Sabiroğlu,
Musavat.com

Избранный
13
50
musavat.com

10Источники