“Neftçi”nin hazırkı vəziyyətlə üzləşməsinin bir nömrəli səbəbkarı Adrian Mutu və onu dəstəkləyənlərdir.
Futbolçu kimi yaddaşlarda dərin izlər buraxan rumın, məşqçi kimi bacarıqsız olduğuna hər ötən gün əmin olmaqdayıq.
Keçmişi vərəqləməyə gərək yoxdur, dünənə boylananda göz qabağında “Araz-Naxçıvan”la oyunun nümunəsi var. Bu oyundakı hava-su qədər vacib 3 xalı məhz baş məşqçi əldən verdi. Başqa heç kim!
Lakin burada söhbət bir oyundan, yaxud oyunlarda buraxılan kobud səhvlərdən getmir. Məsələnin kökü dərindədir. O qədər dərindədir ki, qazdıqca həlli tapılmır.
“Neftçi”nin hər oyun üçün heyətinə diqqət yetirənlər məlum durumdan mütləq ki, xəbərdardır. Mutu məhz öz dönəmində transfer olunan futbolçuları əsas heyətdə bərkitməklə digərlərini gözdən çıxarıb.
Samir Abasovla Laurentsiu Regekampfın dönəmində daim şans qazanan Ömər Buludov, İsmayıl Zülfüqarlı, Fərid Yusifli kimi klubun öz yetirmələri əsas heyət üzünə həsrət qalıb. Oyun təcrübəsinin yoxluğundan əziyyət çəkməmək üçün əvəzedici heyətə göndəriliblər.
Rəqib müdafiəçilər üçün qorxulu yuxuya çevrilən Kilan Lebon artıq əvəzedici statusu ilə barışıb. Mutu əsas heyətdə Reziuan Mirzova şans verməklə Lebona gözləməyi məsləhət görür. Kilan cari mövsümdə cəmi 7 oyunda “11-lik”də yer alıb.
Sonuncu oyunda Kenni Sayef də meydanda yox idi. İsrailli solaxay cari mövsümdə 11 halda ilk dəqiqələrdən meydanda olub. Oun hazırkı halından məmnun olmadığı meydandakı əhvalından və üz cizgilərindən görünür.
Əsas heyətin dəyişməz üzvü Ataa Caber isə 14 matçın 11-də əsas heyətdə şans qazanıb.
Cari mövsümdə cəmi 3 dəfə “11-lik” üzü görən Yeqor Boqomolski rumın çalışdırıcının yadına ən sonda düşən futbolçudur. Gərək hücumda heç kim qalmasın ki, belarusluya güvənsin.
Adrian Mutunun start heyətində tez-tez dəyişikliklərə əl atması səbəbsiz deyil. Adam bütün futbolçulara, xüsusən də öz dönəmində komandaya cəlb olunanlara şans verməyə çalışır.
Məsələn, İsmayılla Ömərin yoxluğunda Ervin Koffi özünü suda balıq kimi hiss edir.
Kilan kimi sürətli oyunçu ehtiyatda qaldığı halda, onun mövqeyində ağır Mirzova üstünlük verilir.
Eddi İsrafilovla Ataa Caber ehtiyatda qalır, əvəzində Dieqo Valdez ilk dəqiqələrdən meydana çıxır.
Daha hazırlıqlı Aaron Olanare ilə Yeqor Boqomolski Mutunun yanında əyləşir, komandaya uyğunlaşmadığı aşkar görünən Lukas Melano “11-lik”də yer alır.
Bu cür vəziyyətdə baş məşqçi bilmir hazır olan futbolçulara güvənsin, yoxsa özünün razılığı (dostlarının xahişi) ilə gətirilən oyunçulara üstünlük versin. Yuxarı baxır bığ, aşağı baxır saqqal. Qalıb qapı arasında.
O başqa məsələ ki, yayda transfer olunan legionerlərin əksəriyyəti “Neftçi” üçün yararsızdır. Qol vurmaq üçün dəvət olunan 3 legioner (Aaron Olanare, Andre Şinyaşiki, Lukas Melano) cəmi 1 qol vurmağı bacarıb ki, o da Olanarenin hesabındadır.
Yayda edilən uğursuz baş məşqçi və futbolçu seçimi çempionatın gedişində özünü bütün çılpaqlıqları ilə göstərməkdədir. Allah betərindən qorusun!
HƏBİB / SPORTİNFO.AZ