RU

Müdafiə Nazirliyinin Ermənistana XƏBƏRDARLIĞI: Üç paytaxtdan TƏHDİD!

Müdafiə Nazirliyinin üç paytaxtı Ermənistanı yeni müharibəyə təhrikdə suçlaması vəziyyətin riskli xarakter aldığını göstərir    

Azərbaycan Müdafiə Nazirliyinin  iyulun 25-də yaydığı  bəyanatda həm Brüsseli, həm Vaşinqtonu, həm də Parisi Ermənistanı yeni müharibəyə həvəsləndirməkdə ittiham etməsi ciddi müzakirə mövzusuna çevrilib. Çünki adətən, xaricə bu cür ünvanlı  bəyanatları Müdafiə Nazirliyi deyil, Xarici İşlər Nazirliyi yayır.   

Müdafiə Nazirliyi son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsinin davamlı xarakter  aldığını qeyd edərək  bəyan edib: “Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən ”Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir".

Müdafiə Nazirliyi  Ermənistan və onun havadarlarını Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməyə çağırıb:  “Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcəkdir. Bildiririk ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcəkdir”.  

Bu dəfə məhz Müdafiə Nazirliyinin belə bir bəyanat verməsi vəziyyətin get-gedə daha ciddi xarakter aldığı və real müharibə riskinin yarandığının anonsu sayıla bilərmi? Qərb paytaxtları müharibəyə təhrikdə ittihamlara cavab verəcəklərmi?

Polkovnik

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, son günlər Cənubi Qafqaz regionunda ümumi gərginliyin artması tendensiyası müşahidə edilir. Gərginliyin yaranmasının əsas səbəblərindən biri ABŞ-ın Ermənistanda hərbi təlimlər keçirməsi, İrəvana Fransa tərəfindən hücum xarakterli silahlar verilməsidir: “Bütün bu və digər məsələlər bölgədə sabitliyə, sülhə ciddi təhdid yaradır. Azərbaycan bölgədə sülh, sabitlik istəyən dövlətdir. Eyni zamanda, Azərbaycan Ermənistanın silahlandırılmasına, müharibəyə həvəsləndirilməsinə laqeyd qala bilməz. Ona görə də Müdafiə Nazirliyimizdən öncə  Prezident İlham Əliyev bəyan elədi ki, Ermənistandan Azərbaycana təhdid, təhlükə yaradan hədəfləri məhv etməyə hazırıq. Müdafiə Nazirliyinin də təxminən eyni məzmunlu və sərt xəbərdarlığın əks olunduğu bəyanat yayması məsələnin hərbi məzmun almağa başlamasından xəbər verir. Bəyanatda Ermənistana bu və ya digər formada dəstək verən dövlətlərə də xəbərdarlıq edilir ki, Azərbaycana qarşı təxribatlar dayandırılmadığı təqdirdə çox sərt formada cavab veriləcək. Və öncədən də elan edilir ki, bu zaman baş verəcəklərin məsuliyyəti Azərbaycanın üzərinə düşməyəcək, məsuliyyət Ermənistanın və onu təxribatlara həvəsləndirənlərin üzərində olacaq. Yəni ki, bundan sonra heç bir dövlət və ya beynəlxalq təşkilat Azərbaycana ”niyə Ermənistana qarşı bunu etdin?" deyə irad bildirməməli və sual ünvanlamamılıdır. Ermənistanın başına hansı bəlalar gələcəksə günahkarı, səbəbkarı Ermənistan hakimiyyəti və ona havadarlıq edənlər hesab olunacaq. Ermənistanı silahlandırıb qızışdıran dövlətlər buna cavab verməlidirlər. Onlar Cənubi Qafqazı savaş meydanına çevirmək istəyirlər".

Ekspertin qənaətincə, prosesin gedişatı və Azərbaycan Müdafiə Nazirliyinin bəyanatı hərbi toqquşmanın hər an baş verə bilmək ehtimalının yüksək olduğunu göstərir: “Ermənistanın son günlər təxribatları hərbi toqquşmanı qaçılmaz edə bilər. Əgər Qərb, əsasən də ABŞ bölgədə həqiqətən sabitlik, sülh istəyirsə, ilk növbədə Azərbaycanın tələbini yerinə yetirib Ermənistana silah verilməsini, müxtəlif addımlarla müharibəyə həvəsləndirmələrini dayandırmalıdırlar. Bu olmayacaqsa, məsuliyyət onların üzərində qalacaq. Heç kim sonra çıxıb bizə deməsin ki, nədən belə etdiniz. Azərbaycan hərbi qüvvələri dövlətimizin sərhədlərini, təhlükəsizliyini qorumaq üçün Ermənistana elə bir ağır zərbə vurarlar ki, Ermənistan dövləti onun altından çıxa bilməz. Bu zaman ermənilərin dadına Fransa da çata bilməyəcək. Ermənistanın silahlandırılması və təxribatlara sövq edilməsi təkcə Azərbaycana deyil, bütün Cənubi Qafqaza, həmçinin Rusiyaya, Türkiyəyə, İrana təhlükədir. Ona görə də bu dövlətlər də məsələyə münasibət bildirməlidirlər”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”   

Избранный
165
50
musavat.com

10Источники