Son 24 saat ərzində iki regional güc tərəfindən Ermənistan ərazisindən keçə biləcək dəhliz barədə bəyanatlar səsləndirilib.
Ayətullah Xamenei iyulun 30-da “Zəngəzur dəhlizi”nin Ermənistanın maraqlarına uyğun olmadığını söyləyib.
Həmin gün ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen isə Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına yalnız Rusiya Federasiyası və Çin vasitəsilə çıxmaq imkanına malik olduğunu bildirib.
“Əgər ABŞ Azərbaycan və Ermənistan üzərindən marşrut aça bilsə, dünya bazarlarına çıxış əldə edəcək, Rusiya və Çindən asılılığı azaldacaq”, - deyə o qeyd edib.
Musavat.com xəbər verir ki, bununla bağlı yerli politoloq Sergey Melkonyan yerli jurnalistlərə danışıb.
“Hamı başa düşür ki, Rusiya ilə Qərb arasında müharibə gedir. Cənubi Qafqaz Rusiya üçün təhlükəsizlik və digər məsələlər baxımından böyük əhəmiyyət kəsb edirdi, lakin hazırda Ukraynadan sonra Rusiyaya qarşı cəbhələrdən birinə çevrilir. Bu barədə müxtəlif ekspertlər danışırdılar, lakin ilk dəfə məsələ ilə bağlı yüksək səviyyədə mövqe bildirilib”, - deyə erməni analitik qeyd edib.
Bununla belə, Melkonyan Ceyms O'Brayenin bəyanatında heç bir yenilik olmadığını vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan hazırda yürütdüyü siyasət müqabilində ABŞ-dan dəstək alır.
“Ermənistan Gürcüstanda olduğu kimi, siyasət yürütməkdən əl çəkdikdə dəstək də azalacaq və üstəlik, təzyiqlər davam edəcək.
İndi Ermənistanın iki yolu var: ya ABŞ ssenarisi ilə gedir, ya da onun əksinə. Hamı başa düşür ki, region ölkələri İran və Rusiyaya qarşı vasitəyə çevrilir. Bugünkü qərar qəbul edənlər cavab verməlidir ki, bu, Ermənistanın hazırkı maraqları ilə nə dərəcədə üst-üstə düşür”, - deyə Sergey Melkonyan bildirib.
Musavat.com