Cənubi Çin dənizi üzərində son 30 ilin ən güclü tayfunu hesab edilən və Vyetnamın şimalını vuran “Yagi” qasırğası nəticəsində ölənlərin sayı 127 nəfərə çatıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Vyetnam Kənd Təsərrüfatı Nazirliyinin departamenti daha 54 nəfərin itkin düşdüyünü, 764 nəfərin yaralandığını bildirib.
“Çərşənbə axşamı günü axşam saatlarına olan məlumata görə, “Yagi” qasırğası nəticəsində 127 nəfər həlak olub, onların əksəriyyəti qasırğanın səbəb olduğu daşqın və sürüşmənin qurbanlarıdır”, - məlumatda deyilir.
Departament xəbər verir ki, qasırğa zamanı və daşqınlar və sürüşmələr nəticəsində 752 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hesabatda həmçinin daşqından zərər çəkmiş ərazilərdə ilan sancması və uzun müddət çirklənmiş su ilə bağlı yoluxucu xəstəliklərin sayında da kəskin artım müşahidə olunub.
Vyetnam hökuməti və zərər çəkmiş rayonların yerli hakimiyyət orqanları təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün təcili tədbirlər görür.
Agentlik bildirir ki, Vyetnamın baş naziri Fam Minh Trinh yenidənqurma işlərinin gedişini və zərərçəkənlərə yardım işlərinin təşkilini şəxsən yoxlamaq üçün bazar ertəsi və çərşənbə axşamı bəzi şimal əyalətlərində zərər çəkmiş ərazilərə baş çəkib.
Qasırğanın səbəb olduğu daşqınlar, çayların daşması və torpaq sürüşməsi bazar ertəsi və çərşənbə axşamı da davam edib. Məlumatda bildirilir ki, Hanoyda Qırmızı çayın daşmasına görə bir neçə yüz nəfər şəhərin sahilyanı ərazilərindən təxliyə edilib.
“Yagi”qasırğasından sonra çayların daşması və onların səviyyəsinin qalxması artıq rekord hesab olunur: yerli medianın yaydığı məlumata görə, Vyetnamın şimalında 50 ildən artıqdır ki, belə daşqınlar olmayıb.
Musavat.com