AZ

İrəvan “sülh istəyi” ilə gözdən pərdə asır

Hökumətin hərbi xərcləri sürətlə artırması da bunu göstərir

Ermənistan hakimiyyəti özünü dünyaya sülhpərvər dövlət kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxır. Ölkənin baş naziri, prezidenti, parlamentin sədri və xarici işlər naziri əllərinə düşən bütün platformalarda etdikləri çıxışlarda Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin imzalanmasında maraqlı olduqlarını sübut eləmək üçün əllərindən gələni əsirgəmirlər.

Deyirlər ki, sülh sazişinin 85-90 faizi, yaxud 16 bəndlik layihənin 13 bəndi razılaşdırılıb. Təklif edirlər ki, gəlin, 13 bəndi imzalayaq, qalanları üzrə müzakirələri sonra davam etdirək. Ancaq qarşı tərəf Azərbaycanın narazılığına səbəb olan əsas məsələni aradan qaldırmaqda – konstitusiyaya dəyişiklik etməkdə hələ də maraqlı görünmür. Halbuki, rəsmi Bakı bu məsələ aradan qaldırılmadan sülh sazişinin imzalanmasının qeyri-mümkün olduğunu bir neçə dəfə bəyan edib.

Bu istiqamətdə həm iki dövlətin rəsmi şəxsləri arasında, həm də media müstəvisində ictimai müzakirələrin getdiyi dövrdə Ermənistanın hərbi xərclərini artıracağı ilə bağlı yayılan məlumat diqqəti cəlb edir. Açıqlanan rəqəmlərdə qeyd olunur ki, Hayastanın hərbi xərcləri 2025-ci ildə ümumi daxili məhsulun 6 faizini təşkil edəcək. Bu da 2024-cü illə müqayisədə 0,7 faiz çoxdur. Ölkənin maliyyə naziri Vahe Ovannisyan oktyabrın 28-də parlament komissiyalarında büdcə dinləmələri zamanı deyib ki, ümumilikdə, müdafiəyə 1,7 milyard dollardan çox vəsait xərclənəcək. Bu isə hazırkı göstəricidən 20 faiz çoxdur.

Nazir onu da bildirib ki, əsaslı xərclərin 55,8 faizi müdafiə sənayesinin payına düşəcək. Ovannisyan müdafiə xərclərini dövlət büdcəsinin ən mühüm hissəsi adlandırıb. Onun sözlərinə görə, bu xərclər ölkənin bütün potensialını özündə cəmləşdirir və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəldiləcək.

Bu istiqamətdə “The Times of India” qəzetinin yazdıqları da diqqəti cəlb edir. Məlumata görə, Ermənistan ABŞ və Fransa ilə birlikdə 2023-2024-cü maliyyə ilində Hindistanın müdafiə məhsullarının ən böyük idxalçıları sırasındadır. Nəşrin yazdığına görə, Ermənistan son 4 ildə Hindistanla raketlər, artilleriya qurğuları, raket sistemləri, radarlar, zirehlər və gecəgörmə cihazları, eləcə də geniş çeşiddə döyüş sursatları və artilleriya mərmiləri almaq üçün bir neçə müqavilə bağlayıb. Üstəlik, Ermənistan Hindistan istehsalı olan “Akaş” hava hücumundan müdafiə raketlərinin ilk xarici alıcısı olub. Bu müqavilələrin bəziləri Ermənistanla Azərbaycan arasında münaqişə zamanı imzalanıb. Qəzet yazır ki, Hindistanın dövlət və özəl şirkətləri 100-ə yaxın ölkəyə geniş çeşiddə silah, sursat və komponentlər ixrac edir. Ötən il ərzində satışlar 2,6 milyard dollar təşkil edib.

Göründüyü kimi, Ermənistan rəhbərliyi bir tərəfdən yarımçıq sülh danışıqları aparır, digər tərəfdən isə müdafiə xərclərini artırır və silah-sursat alışına ciddi maliyyə ayırır. Bu, İrəvanın sülh istəyində qeyri-səmimi olduğunu növbəti dəfə ortaya qoyur.

Mövzu ilə bağlı fikirlərini XQ ilə bölüşən Beynəlxalq Avrasiya Mətbuat Fondunun vitse-prezidenti Oğuz Mirzəyev bildirdi ki, Ermənistanın 2025-ci il üçün hərbi büdcəsini ÜDM-in 6 faizinə çatdırması və ümumilikdə müdafiəyə 1,7 milyard dollardan çox vəsait xərcləməsi, onun regionda hərbi ambisiyalarını bir daha aydın şəkildə nümayiş etdirir. Bu artım Ermənistanın sülh prosesindən uzaqlaşaraq öz hərbi gücünü artırmağa yönəldiyi ilə bağlı ciddi suallar yaradır: “Ölkənin maliyyə naziri Vahe Ovannisyanın müdafiə xərclərinin dövlət büdcəsinin ən mühüm hissəsi olduğunu vurğulaması və bu sahəyə ayrılan əsaslı xərclərin 55,8 faizinin müdafiə sənayesinə yönəldiləcəyini açıqlaması göstərir ki, Ermənistan iqtisadi resurslarını sülhə deyil, daha çox hərbi infrastruktura yatırmağa üstünlük verir. Bu, Ermənistanın regionda sülh və stabilliyi təhdid edən bir güc halına gəlməsi istiqamətində addımlar atdığını təsdiqləyir”.

O.Mirzəyev qeyd etdi ki, Ermənistanın Hindistanla hərbi sahədə genişmiqyaslı əməkdaşlığa başlaması və son illərdə müxtəlif silah sistemləri, raketlər, radarlar, gecəgörmə cihazları, artilleriya qurğuları və geniş çeşiddə döyüş sursatları alması xüsusilə narahatedicidir: “Bu, Ermənistanın sülh və diplomatiya yolundan uzaqlaşaraq daha çox hərbi güc tətbiqi ilə mövqeyini gücləndirməyə çalışdığına işarə edir”.

Müsahibimiz bildirdi ki, Azərbaycan daim regionda sülh və sabitliyin təmin olunması istiqamətində addımlar atmış, beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalmış və münaqişələrin sülh yolu ilə həllinə dəstək vermiş ölkədir. Lakin Ermənistanın davamlı silahlanması və keçmiş münaqişə zonasının yaxınlığında hərbi gücünü artırması, Hindistandan raket sistemləri və artilleriya qurğuları kimi yüksək texnoloji silahlar tədarük etməsi İrəvanın regionla bağlı gələcək planlarının da hərbi güc və təcavüz üzərində qurulduğunu göstərir: “Bu strategiya Cənubi Qafqazda davamlı sabitlik və əməkdaşlıq yaratmaq əvəzinə, regionda gərginliyin artmasına səbəb olur və sülh yolunda ciddi maneələr yaradır. Ermənistanın hərbi eskalasiya siyasəti, yalnız Azərbaycanla deyil, eyni zamanda beynəlxalq ictimaiyyətlə sülhpərvər əlaqələrin inkişaf etdirilməsi üçün əngəldir. Beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT, BMT və digər beynəlxalq təşkilatlar Ermənistanın bu təhlükəli hərbi siyasətinə qarşı mövqe nümayiş etdirməlidirlər. Beynəlxalq sülh və sabitliyə yönəlik təhdidlərin qarşısının alınması üçün Ermənistanın davamlı silahlanmasının nəzarət altına alınması vacibdir. İrəvanın hərbi xərclərini artırması, müxtəlif ölkələrlə, xüsusən Hindistanla böyük miqyaslı silah ticarəti həyata keçirməsi, regiondakı ölkələr üçün ciddi təhlükəsizlik problemi yaradır. Azərbaycanın regionda davamlı sülh və sabitliyi təmin etmək məqsədilə sərgilədiyi sadiqlik və beynəlxalq hüququn normalarına əməl etmək mövqeyi Ermənistanın təxribatçı hərbi siyasəti ilə təhdid altındadır”.

O.Mirzəyev bildirdi ki, bir tərəfdə COP29-a hazırlaşaraq dünyanın ekologiyasının xilas edilməsini və davamlı inkişaf mövzularına töhfə verməyi hədəfləyən Azərbaycan, digər tərəfdə isə silahlanma yarışını sürətləndirən Ermənistan var: “Bakının məqsədi, yalnız regionda deyil, qlobal səviyyədə də dayanıqlı sülh və təhlükəsizliyi təmin etməkdir. Buna qarşı olaraq, Ermənistan hərbi gücünü artırmaqla, Cənubi Qafqazda gərginlik və münaqişə riskini yüksəldir. Bu ziddiyyət, Azərbaycanın sülhpərvər yanaşması ilə Ermənistanın aqressiv hərbi strategiyasının necə fərqləndiyini açıq şəkildə göstərir. Azərbaycanın beynəlxalq aləmdə sülh və sabitliyi təbliğ etdiyi bir dövrdə, Ermənistanın silahlanması gələcək üçün təhlükə yaradan addım olaraq qiymətləndirilməlidir”.

Bununla belə O.Mirzəyev dedi ki, Ermənistan nə qədər silahlansa da, Avropadan və digər ölkələrdən yardım alsa da, Azərbaycan bütün bunlara qarşı tam hazırlıqlıdır və 44 günlük Vətən müharibəsi də bunun bariz nümunəsidir. Azərbaycan Prezidentinin qətiyyətli və düzgün siyasəti sayəsində ordumuz yüksək peşəkarlığı və xalqın dəstəyi ilə Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Ərazi bütövlüyümüz bərpa edildi: “Azərbaycanın gücü və əzmi bölgədə sülh və təhlükəsizliyi təmin etmək üçün yetərlidir. Ölkəmiz heç bir təhdid qarşısında geri çəkilməyəcəkdir. Ermənistan bu reallığı qəbul etməli və regionda davamlı sülh üçün təcavüzkar siyasətindən əl çəkməlidir, çünki Azərbaycan xalqı və dövləti öz suverenliyini qorumaq uğrunda hər zaman birlikdədir”.

Politoloq Ramiyə Məmmədova isə XQ-yə açıqlamasında bildirdi ki, Ermənistan hakimiyyəti xüsusilə 44 günlük müharibədən sonra hərbi xərclərin artırılması üzərində çalışır. Onun sözlərinə görə, son vaxtlar bu məsələ daha da aktuallaşıb. Biz bunu həm Ermənistanın özünün atdığı addımlarda, həm də ona havadarlıq edən xarici qüvvələrin əməllərində görürük. İrəvanın silahlandırılması son 3 ildə daha da intensivləşib. Bu sahəyə yetərincə maliyyə ayırırlar: “Ermənistan gördü ki, Azərbaycan erməni işğalının davam etdiyi 30 ilə yaxın dövr ərzində ordusunun maddi-texniki bazasını və hərbi hazırlıq səviyyəsini gücləndirdi, onu dünyanın ən qüdrətli ordularından birinə çevirdi. Nəhayət, münasib şərtlər yetişdiyi vaxt torpaqlarını azad etmək üçün müharibəyə başladı. İndi rəsmi İrəvan da eyni şəkildə hərəkət etməyə çalışır. Ancaq deyəsən, qarşı tərəf anlamır ki, Azərbaycan dünya birliyi tərəfindən tanınmış suveren ərazilərini azad etmək uğrunda mübarizə aparırdı. Ermənistan isə revanş məqsədilə hərbi xərclərini artırırsa, deməli, yenidən işğalçılıq niyyəti güdür”.

R.Məmmədovanın fikrincə, bu gün cərəyan edən proseslərə baxdıqda, görmək olar ki, Ermənistan sülhə gəlməkdən daha çox da hərbi münaqişəyə hazırlaşmaq istəyini ortaya qoyur: “Onlar xam xəyallarla yaşayırlar. Guya, yenidən Qarabağın dağlıq hissəsini geri qaytara biləcəklər. Ancaq Azərbaycan Ordusu da yerində saymır. Prezident İlham Əliyevin də bildirdiyi kimi, İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində Azərbaycan öz hərbi gücünü daha da artırıb. Yeni silahlı birləşmələr yaradılıb, xüsusi təyinatlı qüvvələrin say tərkibi bir neçə dəfə artırılıb. Həmçinin, yeni xüsusi təyinatlı qüvvələr, komando qüvvələri yaradılıb”.

Ermənistanın hazırda həm Azərbaycana, həm də Türkiyəyə ərazi iddiasının olduğunu qeyd edən ekspert bildirdi ki, həmin iddiaların həyata keçməsi üçün xarici qüvvələr aktiv fəaliyyət göstərirlər: “Qonşu dövlətlərə ərazi iddialarının qalması Ermənistanın təcavüzkar mahiyyətinin dəyişmədiyini bir daha ortaya qoyur. İrəvana silah satan ölkələr onu müharibəyə sövq edirlər. Təbii ki, Hindistan silah bazarına girmək niyyətindədir. Amma onun buradakı marağı təkcə ticari maraqlarla məhdudlaşmır. Nyu–Dehli nəzərə alır ki, onun silah satdığı ölkə Azərbaycanla münaqişə vəziyyətindədir. Azərbaycan isə Pakistanla strateji müttəfiqdir”. R.Məmmədova onu da bildirdi ki, silahlanma Ermənistanın revanşizm niyyətlərini həyata keçirməyəcək, əksinə onun daha pis duruma düşməsinə gətirib çıxaracaq.

Onu da bildirək ki, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Edvard Asryan oktyabrın 28-də jurnalistlərə açıqlamasında hazırda regionda eskalasiya təhlükəsinin olmadığını bildirib. Asryan sərhəddə vəziyyətin nisbətən sabit olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, baş qərargahın təhlilləri müharibənin mümkünlüyü barədə danışmağa əsas vermir. Görünür, siyasətçilər populist bəyanatlar versələr də, hərbçilər növbəti eskalasiyanın Ermənistan üçün çox ağır nəticələr vəd etdiyini anlayırlar. Onlar başa düşürlər ki, Ermənistan hərbi təxribatlarını bərpa edərsə, Azərbaycan qat-qat güclü cavab tədbirləri görəcək.

Səxavət HƏMİD
XQ

phrase_var_article.chosen
142
50
xalqqazeti.az

10phrase_var_article.sources