Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümündə 4-cü turun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, həm A, həm də B qrupunda bir oyun baş tutub.
Abşeronda son çempion “Sabah” NTD-ni qəbul edib. Rimas Kurtinaytisin komandası çətinlik çəkmədən qalib gəlib.
Günün ikinci görüşü isə B qrupunda Qubada keçirilib. Yerli komanda “Sumqayıt”ı sınağa çəkib və 14 xal fərqi ilə qalib gəlib.
Xatırladaq ki, turun açılış matçında “Naxçıvan” səfərdə “Abşeron”a 72:68 hesabı ilə qalib gəlib. “Lənkəran” isə doğma meydanda “Ordu”ya 55:92 hesabı ilə uduzub. Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq. “Sərhədçi” “Neftçi”ni, “Gəncə” “Şəki”ni qəbul edəcək.
Azərbaycan Basketbol Liqası
4-cü tur
30 noyabr
A qrupu
“Sabah” – NTD 110:86 (41:16, 18:26, 31:19, 20:25)
Abşeron Olimpiya İdman Kompleksi.
B qrupu
“Quba” – “Sumqayıt” 97:83 (18:22, 25:21, 23:19, 31:21)
Quba Olimpiya İdman Kompleksi.
A qrupu: Sabah – 8. Naxçıvan – 8. Abşeron – 5. NTD – 5. Sərhədçi – 4. Neftçi – 3.
B qrupu: Ordu – 7. Gəncə – 6. Lənkəran – 6. Şəki – 5. Quba – 5. Sumqayıt – 4.
Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.