Bu gün keçirilmiş iki oyunla Azərbaycan Basketbol Liqasında 2024/2025-ci illər mövsümünün 4-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, həm A, həm də B qrupunda bir oyun baş tutub.
Günün ilk oyununda “Sərhədçi” “Neftçi” ilə qarşılaşıb. Mövsümə uğursuz start verən “ağ-qaralar” ilk qələbə qazanmağa çalışıblar. Amma onların cəhdi uğursuz olub.
“Gəncə” isə doğma azarkeşlər qarşısında qələbə seriyasını davam etdirib. Qərb təmsilçisi “Şəki” ilə görüşdə geridönüş ediblər. Meydan sahibləri 3 xal fərqi ilə qalib gəliblər.
Xatırladaq ki, turun açılış matçında “Naxçıvan” səfərdə “Abşeron”a 72:68 hesabı ilə qalib gəlmişdi. “Lənkəran” doğma meydanda “Ordu”ya 55:92 hesabı ilə uduzmuşdu. “Sabah” NTD-yə 110:86, “Quba” isə “Sumqayıt”ı 97:83 hesabı ilə məğlub etmişdi.
Azərbaycan Basketbol Liqası
4-cü tur
30 noyabr
A qrupu
“Sərhədçi” – “Neftçi – 84:77 (19:7, 23:16, 29:35, 13:19)
Abşeron Olimpiya İdman Kompleksi.
Xallar: Sabah – 8. Naxçıvan – 8. Sərhədçi – 6. Abşeron – 5. NTD – 5. Neftçi – 4.
B qrupu
“Gəncə” – “Şəki” – 78:75 (14:18, 16:27, 22:11, 26:19)
Gəncə Olimpiya İdman Kompleksi.
Xallar: Gəncə – 8. Ordu – 7. Lənkəran- 6. Şəki – 6. Quba – 5. Sumqayıt – 4.
Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.