Aqil Abbas: "AFFA-nın Santuşun yanında dili gödəkdir"
Futbol üzrə milli komandamızın baş məşqçisi Fernandu Santuşun uğursuzluqlara görə istefaya göndəriləcəyi deyilir. Amma mən onun yola salınacağına inanmıram. Çünki AFFA-nın Santuşun yanında dili gödəkdir.
Reyting.az-ın məlumatına görə, bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, sadiq futbol azarkeşi Aqil Abbas deyib.
“Santuşla müqavilə bağlanıb. O da deyəcək ki, pulumu verin, sonra gedim! Həm də bu adamlar həyasızdır. Berti Foqts vaxtilə necə həyasızlıq eləmişdisə, bu, ondan da geri qalan deyil. Ona görə də Santuş həyasızlığına salıb qalacaq”, - deyə o əlavə edib.
Millət vəkili vurğulayıb ki, təzminatını istəyəcək Santuşa veriləcək pul da yoxdur: "Beləliklə problem də, Santuş da qalacaq. Yüz dəfə deyirik, amma AFFA-nın vecinə deyil. Yerli futbol mütəxəssislərimiz, məşqçilərimiz küçədə "it döyür". Amma onlar gedib xaricdən mənasız məşqçilər gətirir. Onlar da bura gəlib 6 oyunda bir xal qazanırlar, nəticələr də göz önündə”.