AFFA İcraiyyə Komitəsinin iclasında milli komandaya rəhbərliyin azərbaycanlı mütəxəssisə həvalə ediləcəyi iddia olunur
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş tezliklə istefaya göndərilə bilər. Bu da təbii ki, millimizin yeni sezonda ard-arda uğursuzluqlara tuş gəlməsi ilə birbaşa bağlıdır.
Publika.az-ın əldə etdiyi məlumata görə, AFFA prezidenti Rövşən Nəcəf portuqaliyalı mütəxəssislə yolların ayrılmasına qərar verib. O, milli komandanın uğursuz çıxışı ilə yanaşı, 70 yaşlı mütəxəssisin son oyunlarda verdiyi açıqlamalardan və göstərdiyi bəhanələrdən razı qalmayıb. Buna görə də Fernandu Santuşla yolların ayrılması qərara alınıb.
Qərar AFFA İcraiyyə Komitəsinin bu həftə - böyük ehtimalla, dekabrın 14-də keçiriləcək iclasında açıqlanacaq. Santuşu isə azərbaycanlı mütəxəssis əvəz edəcək. AFFA prezidenti hazırda yerli məşqçilər arasında seçim edir. Ən real namizədlər isə Qurban Qurbanov və Rəşad Sadıqovdur.
Yada salaq ki, Qurban Qurbanov artıq bir dəfə millimizin çalışdırıcısı postunu tutub.
Natiq Muxtarlı
Tanınmış idman yazarı Natiq Muxtarlı heç bir halda millinin baş məşqçi postunun Qurban Qurbanova həvalə olunmasına razı deyil: “Artıq sayı-hesabı itib, Azərbaycan yığmasına gəlib-gedən məşqçilərin. Amma dəyişən heç nə yoxdur. Səbəbi isə bəllidir. Azərbaycan yığmasının problemi məşqçi deyil. Azərbaycan futbolunun bir problemi var - futbolçu yetişdirilmir. Bu problem hər kəsə bəllidir, amma onu heç kim həll etmək istəmir. 16 il bu problemə Rövnəq Abdullayevin dəstəsi göz yumdu. İsrarla bir əcnəbini göndərib digərini gətirdilər. Bu illər ərzində əcnəbilərə sərf olunan vəsaitlə Azərbaycanın hər qəsəbə və kəndində kiçik futbol məktəbləri açmaq və saysız-hesabsız futbolçu yetişdirmək olardı. Amma etmədilər. Və təsadüfi deyil ki, bu gün Azərbaycanın bütün yaş qruplarından olan yığmaları - U-15, U-17, U-19, U-21 istənilən rəqibə böyük hesabla məğlub olur. Yəni nəticələr göstərir ki, bu uşaqlar futbol oynaya bilmirlər, onlara futbolu necə oynamaq lazım olduğunu öyrətməyiblər. Onlar futbol təhsili, bəli, məhz təhsil almayıblar. Və bu uşaqlar sabah Azərbaycanın əsas yığmasında oynayacaqlar. Çünki başqa seçim yoxdur. AFFA rəhbərliyi isə israrla milli komandanın baş məşqçilərini dəyişməklə nəticə əldə etməyə cəhd göstərir.
Azərbaycanda prosesə - yəni məhsul - futbolçu yetişdirilməsinə indi başlanılsa, 10-15 ildən sonra yığmanın nəticəsi ola bilər. Yığmanın nəticə verməsi üçün bizim Avropa klublarında oynayacaq futbolçularımız olmalıdır. Bu gün nəinki Premyer Liqada, hətta birinci və ikinci dəstədə də oynayacaq səviyyədə futbolçu yoxdur.
AFFA isə Santuşu qovub Qurban Qurbanovu gətirmək istəyir? Birincisi, bu adamlardan hesabat tələb edilməlidir: itirilən bir ilin hesabatı. Axı hər kəs deyirdi ki, əcnəbi baş məşqçi gətirməyə ehtiyac yoxdur, nəticə olmayacaq. Hər kəsin bildiyi həqiqəti AFFA rəhbərləri niyə bilmirdilər? İndi isə Qurban Qurbanovu yenidən odun içinə atmaq istəyirlər. Amma bir ildən sonra onu bu AFFA rəhbərliyi də qovmasa, azarkeşlər istefasını tələb edəcək. Çünki bu məhsulla uğur qazanmaq mümkün deyil. Azərbaycan yığmasına yerli məşqçi gətirilməlidir. Amma bu məşqçi heç bir halda Qurban Qurbanov olmamalıdır. Bütün diqqətlər infrastrukturun qurulmasına yönəlməlidir. Həm uşaq, həm də böyük futbolda. Uşaq futbolu üçün kadrlar hazırlanmalıdır. Futbolun kütləviliyi təmin edilməlidir. Hər qəsəbə və kənddə bu oyunu oynamaq üçün uşaqların minimum şəraiti olmalıdır. Bütün bunları isə qurmaq, yaratmaq çox asandır. Çox sadə bir planla bu işləri görmək mümkündür. Ona görə də yığmada elə məşqçi dəyişikliyi ilə kifayətlənəcəklər. Qurban Qurbanovun yığmaya gəlməsi isə ümumilikdə futbolumuzun faciəsi olacaq. Buna yol vermək olmaz. Elə sizin vasitənizlə Qurban Qurbanova müraciət edirəm: bir dəfə səhvə yol verdiniz, ikinci dəfə bunu etməyin..." /musavat.com/