"Son dəqiqələrdə tam istədiyim oyun oldu. Oyunu iki hissəyə bölərdim. İlk hissədə və ikinci hissənin əvvəlində temp aşağı idi. Rəqib də buna səbəb oldu".
İdman.biz xəbər verir ki, bunun "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sabah"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 16-cı turunda səfərdə "Sabah"la qarşılaşmada qeydə alınan 1:1 hesablı heç-heçəni şərh edib: "İlk dəqiqələrdə fərqli oyun üslubu seçmişdi. Bizim futbolçular da o tempə öyrəşdilər. İkinci hissədə azarkeşlər üçün daha maraqlı futbol oldu. Rəqibin hücum xətti çox bacarıqlıdır. Bu gün hər iki komanda qalib gələ bilərdi. Bəlkə də ədalətli nəticə bərabərlikdir. Ağır qrafikdəyik. Futbolçularda bir az yorğunluq hiss olunur. "Qəbələ" ilə kubok matçında da dəyişikliklər etmişdik. Futbolçulara görə bir az ehtiyatlanırıq. Kevin Medina fiziki cəhətdən ən hazırlıqlı oyunçularımızdan idi. 2 oyunu 90 dəqiqə oynadı və əzələ problemi oldu. Avropa oyunlarında temp başqadır. Bu gün bəlkə də hücum xəttini gücləndirməli idim, amma Bədavini Bəhlulla əvəzlədim. Heç bir futbolçunu ritmdən salmaq istəmirik. Futbolçuların durumuna görə belə addım atmışdıq.
Qurban Qurbanov "Araz-Naxçıvan"ın lider mövqeyində qərarlaşması ilə bağlı da fikir vildirib: "Liderdirlər. Əsas bu cür komandalardan ehtiyat etmək lazımdır. Sakit öz işlərini görürlər. Buna sevinirəm, Elmar Baxşıyevə uğurlar arzulayıram, ciddi iş görülüb. Onların oyununu tam analiz etməyə hələ ki, vaxtım yoxdur. Amma mənim üçün çox maraqlıdır. Onlarla matça kimi yaxşı təhlil etməliyik".
Qeyd edək ki, xal itkisindən sonra "Qarabağ" lider mövqeyini əldən verib.
İdman.biz