Rusiyanın "Oreşnik" raket kompleksini işə salmasına cavab olaraq, ABŞ-ın Polşa və ya Ukraynada "B-61" tipli nüvə bombalarını yerləşdirmək ehtimalı müzakirə mövzusudur.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "The National Interest" nəşri məlumat yayıb.
Qeyd edilir ki, hazırda qlobal təhlükəsizlik vəziyyəti ciddi şəkildə dəyişir və bölgədə hərbi-strateji balans narahatlıq doğurur.
Xüsusilə "Oreşnik" raket kompleksinin aktivləşdirilməsi Qərbdə geniş müzakirələrə və narahatlığa səbəb olub. Bu addım NATO-nun Şərq cinahında təhlükəsizlik tədbirlərini gücləndirməsini zəruri edə bilər.
Nəşr vurğulayır ki, "mövcud geosiyasi reallıqlar nəzərə alınaraq, münaqişənin inkişafı fonunda ABŞ-ın nüvə arsenalını yerləşdirmək qərarı tamamilə istisna edilə bilməz".
Analitiklərin fikrincə, ABŞ-ın bu cür addımı yalnız hərbi-strateji əhəmiyyət daşımayacaq, həm də ciddi siyasi mesaj xarakteri daşıyacaq. Bu, NATO-nun Rusiya təhdidlərinə qarşı cavab verməyə hazır olduğunu nümayiş etdirməklə yanaşı, həm də Polşa və Ukrayna kimi müttəfiq ölkələrin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Musavat.com