ABŞ hökuməti İranda raket və pilotsuz uçuş aparatlarının istehsalında iştirak edən bir şəxsi və iki şirkəti əhatə edən sanksiyaları genişləndirib.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Sanksiya tətbiq olunan iki şirkət İranda "Şahed-136” tipli zərbə pilotsuz uçuş aparatlarının istehsalına cəlb olunub. İran bu dronları Rusiyaya Ukraynaya qarşı istifadə üçün göndərib.
Sanksiyalar siyahısına həmçinin İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri komandanının müavini, briqada generalı Seyid Hüseyn Məcidi Musəvi Əftexari də daxil edilib. O, İranın ballistik raket istehsal proqramını maddi dəstəkləyən fəaliyyətlərdə iştirakına görə cəzalandırılıb.
Dövlət Departamentindən verilən açıqlamada bildirilib: "ABŞ, İranın öz regionunda və daha geniş miqyasda silah yayması ilə bağlı narahatlığını davam etdirir. Bu gün tətbiq edilən sanksiyalar İranın Yaxın Şərqdə və regiondan kənarda sabitliyi pozmaq məqsədilə istifadə etdiyi zərbə PUA-larının və ballistik raketlərin təhlükəli yayılmasının qarşısını almağa yönəlmiş səylərin bir hissəsidir. Bu, İranın silah yayılmasını dəstəkləyən vasitəçilərə qarşı da nəticə yaradacaq”.
Xatırladaq ki, noyabr ayında Böyük Britaniya Rusiyaya dəstəyə görə İrana qarşı sanksiyaları gücləndirmişdi.
Bu həftə Böyük Britaniya, Almaniya və Fransa İranın nüvə proqramı ilə bağlı narahatlığın artdığını bəyan edərək, yaxın zamanda Tehranın öz nüvə silahına sahib ola biləcəyini qeyd ediblər.
Alpər