AZ

10 noyabr bəyanatından geriyə qalan tək MƏSƏLƏ: Zəngəzur dəhlizi öz həllini tapır – Səxavət Məmməd yazır

Regionumuzdakı proseslər o qədər sürətlə cərəyan edir ki, bir müddət əvvəl Rusiya sülhməramlıları çıxmayacaq deyə, əndişə edərkən, bu gün isə çıxdığını gördük.

Rusiya sülhməramlıları Qarabağa daxil olanda ermənilərin himayəçisi kimi gəlmişdi. Müharibədən qaçan erməniləri geri qaytardılar, onlara evlər tikdilər. Hətta özləri belə modul tipli kazarmaları daşdan tikdilər. Kilsə açdılar, rus dahilərinin büstlərinin açılışını etdilər. Bütün bunlar baş verən zaman Rusiya sülhməramlıları Qarabağı vaxtından əvvəl tərr edəcək, demək olardımı? Məntiq bunun əksini söyləyirdi. Xatırlayaq, Ağdərədə rus icması yaradıldı, Xankəndində də eyni addım atıldı. Hətta rus pasportlarının verilməsi belə, gündəm olmuşdu. Bütün bunlar baş verərkən olardı ki, gedəcəklər? Paşinyanın Rusiya sülhməramlılarının 30 il qalması təklifi də yadımızdadır.

Qısa zaman ərzində proseslər elə həddə çatmışdı ki, Ermənistan Azərbaycanla Rusiyanı Qarabağda üz-üzə qoymuşdu. Ancaq tədricən vəziyyət dəyişməyə başladı. Xüsusilə 22 fevral 2022-ci ildə Moskva bəyannaməsindən sonra proseslər fərqli yöndə cərəyan etməyə başladı. Bunun ardınca Qarabağda ilk əməliyyat həyata keçirildi (24 mart 2022-ci ildə Fərrux əməliyyatından söhbət gedir – S.M). Düzdür, o əməliyyatdan sonra sahədə ruslar bir müddət Azərbaycan ordusuna qarşı sərt davranmağa başladı. Bunun səbəbi isə siyasi göstərişdən daha çox sahədə baş verən bir hadisə ilə bağlıdır. Bu barədə isə yazmayım, gizli qalsın.

Ardınca müxtəlif yüksəkiliklər istiqamətində əməliyyatlar baş verdi, nəhayət, antiterror əməliyyatı keçirildi. Pafosu sevənlər “Rusiya sülhməramılarına rəğmən Azərbaycan əməliyyat keçirdi”, reallıq ondan ibarət idi ki, Rusiya sülhməramlıları müəyyən nöqtələrə çəkildi (4 məntəqə), xəritələr üzərində onların durduğu istiqmətlər işarələndi və onların olduğu istiqamətə zərbələr endirilmədi. Düzdür, əməliyyat zamanı rus hərbçilər həlak oldu, təkrar yazıram, bu hadisə əməliyyat rəsmi olaraq dayandırılandan 6 saat sonra baş vermişdi və düşünürəm ki, sobataj idi.

Gələk Rusiya sülhməramlılarının regiondan çıxmasının əsas səbəbinə. Antiterror əməliyyatının nəticələri təkcə Rusiyanın yox, elə Qərbin də bütün planlarını pozdu. Hər kəs gözləyirdi ki, erməni silahlıları ərazini tək edəcək, mülki əhali qalacaq və bunun üzərindən siyasi oyunlar, rəqabət davam edəcək. Erməni əhalinin Qarabağı tərk etməsi bütün planların pozulmasının əsas səbəbkarı oldu. İnsan var, problem var, insan yoxdur, problem də yoxdur. Rusiya sülhməramlıları görəndə ki, erməni əhalisi yoxdur, öncə postlarını tərk etməyə başladı, nəhayət, birdəfəlik gedəsi oldular.

Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsinin digər səbəblərindən biri də istər rəsmi Moskvanın, istər rəsmi Bakının çox tənqid etdiyi, hətta Ermənistanla Azərbaycan arasındakı gərginliyə gətirib çıxaran bu ilin aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasındakı Brüssel görüşü oldu. Görüşdə ermənilərin Qarabağa qayıtması ilə bağlı bir cümlə belə işlədilməzkən, qaçqınların həyat və şəraitinin yaxşılaşdırılması yönündə atılacaq addımlar, ayrılacaq maliyyə onu göstərirdi ki, heç Ermənistanın da onları geri göndərmək kimi niyyəti yoxdur. Səbəblərdən bəlkə də birincisi Ermənistanın insan resursu idi. Beləcə Rusiyanın narahatlığına da son qoyulmuş oldu. Çünki Ermənistan zaman-zaman Qarabağa Avropa İttifaqının missiyasının daxil olmasını təklif edirdi, Qərb də bunda maraqlı görünürdü.

Erməni yoxdur, geri qayıtmaq ehtimalı da yoxdursa, Rusiya sülhməramlılarının qalma ehtimalı ola bilər? Ötən ay Rusiya sülhməramlılarının mina təmizləmə işinə cəlb edilməsi müzakirə edilirdi. Bu məsələ də ruslar tərəfindən ortaya atılmışdı. Özləri də bilirdi ki, qalmaq üçün əsas yoxdur.

Gələk digər məsələyə. 10 noyabr bəyanatının 9 bəndindən 8-i tamamilə həll edilib. Yalnız 9-cu bənd qalıb ki, bu da Ermənistan ərazisindən keçəcək nəqliyyatla bağlıdır. Yəni, 10 noyabr bəyanatından geriyə qalan tək şey Zəngəzur dəhlizinin açılmasıdır. Hesab edirəm ki, bu məsələ də öz həllini tapacaq.

Türkiyənin Azərbaycanda hərbi bazası yaradılması mövzusu müzakirə olunan zaman yazırdım ki, bazaya yox, sazişə ehtiyac var. Necə ki, Şuşa bəyannaməsi imzalandı. Rusiyanın da burada hərbçi saxlamasına gərək yoxdur, çünki Moskva bəyannaməsi imzalanıb.

Bundan sonra Azərbaycanın qarşısında duran məsələ qazandıqlarını qorumaqdır.

Səxavət Məmməd

Seçilən
340
50
yenicag.az

10Mənbələr