AZ

Rusiyada yeni “qatil azərbaycanlı” şousu: Adi cinayət hadisəsi hökumət mətbuatının gündəmini necə zəbt edib

Rusiyada milliyyətcə azərbaycanlı və rus olan iki nəfərin davası qanla bitib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, aprelin 17-də Moskvanın Krasnodarskaya küçəsində (Lublino rayonu) iki nəfər avtomobil dayanacağına görə dava edib. İddia edilir ki, 24 yaşlı yerli sakin avtomobilini girişdə səkidə saxlayan 21 yaşlı sürücünü danlayıb. Sürücü dava edib, rəqibini bıçaqlayıb və qaçıb.

Zərərçəkmiş qarın və bud nahiyəsinin nüfuz edən yaralarından xəstəxanada dünyasını dəyişib.

Qətlə görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi qaldırılıb, törədənin azərbaycanlı olduğu öyrənildikdən sonra daha ağır maddəyə - həmin maddənin 2-ci bəndinə tövsif edilib. Birinci bənd qətlin bir nəfər tərəfindən törədilməsi, ikinci bənd isə bir qrup şəxs tərəfindən törədilməsi halında tətbiq edilir. İkinci maddəyə dəyişiklik qətli törədən Şahin Abbasov adlı azərbaycanlı gəncin qardaşının maşınında hadisə yerindən qaçması ilə əsaslandırılır.

Çox ilgincdir ki, bu gün Rusiya mətbuatı - dövlət agentlikləri, TV-ləri də daxil olmaqla, sıradan bir cinayət hadisəsinin izlənməsinə geniş yer ayırıb. Gün ərzində Rusiya Dövlət İnformasiya Agentliyi – TASS hadisə barədə 4 dəfə məlumat yayıb. Eyni zamanda Ş.Abbasovun Moskvada bizneslə məşğul olan qardaşı, atası, yaxınlarının adları, obyektləri diqqət mərkəzinə gətirilib.

Yayılan məlumatlarda qeyd olunur ki, cinayətlə bağlı istintaqı İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin Xüsusilə mühüm işlər üzrə şöbəsi aparır. “Ən təcrübəli müstəntiqlər və kriminoloqlardan ibarət bir qrup işə cəlb olunub”.

İstintaq Komitəsinin məlumatına görə, Ş.Abbasov Rusiyada qanunsuz olub. O, federal axtarışa verilib və bir neçə rayonda axtarışa verilib. Onun Rusiyanı tərk edib-etməməsi ilə bağlı məlumatlar öyrənilir.

Şübhəlinin və davanın digər iştirakçılarının fotoşəkili üz tanıma sisteminə yüklənib. Şübhəlinin atası və dostu saxlanılıb, onlarla bağlı İstintaq Komitəsində istintaq hərəkətləri aparılır.

İstintaq Ş.Abbasovun ailə üzvlərinin Rusiya vətəndaşlığını qanuni alıb-almadığını da araşdırmağa başlayıb.

Lublin rayonu ilə qonşu olan Kapotnya rayonunda Ş.Abbasovun hadisə yerindən qaçdığı BMW markalı avtomobil tapılıb. İstintaq qurumu iddia edir ki, maşından “Microtech” markalı bıçaq və 1 ədəd “Makarov” tapançası aşkar edilib: “Çox güman ki, canavar şəklində qara sapı olan bıçaq cinayət silahı idi - onun bıçağında qəhvəyi ləkələr görünür. Bunun qan olub-olmadığını müayinə müəyyən edəcək”. Çox maraqlıdır deyilmi – cinayət törədib qaçan şəxs cinayət alətini və öz vəziyyətini daha da ağırlaşdıran tapançanı maşında qoyub qaçır...

Hazırda sosial şəbəkələrin Rusiya seqmentində hadisə çox geniş müzakirə olunur, Azərbaycan və azərbaycanlılar haqqında təhqirlər yağdırılır. Bu prosesə mətbuat da ciddi dəstək verir: cinayəti törədənin azərbaycanlı olması bütün xəbər başlıqlarında keçir... İstintaq orqanı axtarışla bağlı tez-tez xəbər sızdırır. Bundan əlavə, Şahinin qardaşının biznes obyekti nişangaha çevrilərək insanların ora hücumuna nail olunmasına çalışılır.
Xatırladaq ki, 2013-cü ildə Şəmkirdən olan Orxan Zeynalov rus mənşəli şəxslə mübahisə edib, onun ölümünə səbəb olanda da Rusiyada eyni təbliğat aparılmışdı.

 

Musavat.com

Seçilən
336
50
musavat.com

10Mənbələr