AZ

Azərbaycanın sabitlik və sülh tərəfdarı olduğunu artıq bütün dünya görür və bilir ŞƏRH

Təsadüfi deyil ki, Azərbaycan bu gün qlobalmiqyaslı məsələlərin həllində fəal rol oynayır. Ölkəmiz beynəlxalq tədbirlərə uğurla evsahibliyi edir, sivilizasiyalararası dialoqların həyata keçirilməsi üçün mühüm təşəbbüslər irəli sürür, dünyanı narahat edən problemlərdən birgə çıxış yollarının aranması üçün uğurlu platformalar təqdim edir. Elə may ayının 1-də Bakı Konqres Mərkəzində Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi və 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak etməsi ölkə Prezidenti İlham Əliyev cənablarının uğurlu siyasətinə və ölkəmizə göstərilən böyük ehtiramın və dəstəyin göstəricisidir. Üç gün davam edəcək Forum çərçivəsində 4 plenar sessiyanın və 12 panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edir.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi"nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və "Bakı Prosesi" mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.

Prezident İlham Əliyev "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad edildiyini, 2023-cü il sentyabr ayında ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa olunduğunu, Azərbaycanın çox fəal çalışdığını, Ermənistana sülh sazişi ilə bağlı danışıqları başlamaq təşəbbüsü irəli sürdüyünü, hətta baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladığını vurğulayıb: "İndi isə biz müsbət tendensiyadayıq, sülhə doğru gedirik".

Bəli, bu gün dünyada güc amilinin dünyada hakim olduğunu nəzərə alan Prezident İlham Əliyev ölkəmizin daha da gücləndirilməsi üçün daim çalışır. Azərbaycanın hərbi potensialının artırılması da dövlətimizin prioritet istiqamətlərindəndir. Müharibədən sonra yeni silahlı birləşmələrin yaradılması və yeni texnikaların alınması bu məqsədlərə xidmət edir. Azərbaycanın hərbi gücünü artırması müdafiə və təhdidlərdən qorunmaq məqsədi daşıyır. Çünki Azərbaycan sabit, təhlükəsiz diyardır və hər zaman sülhün tərəfdarıdır. Bunu artıq bütün dünya görür və bilir. Artıq münaqişə həll olunub və Minsk qrupu öz fəaliyyətini başa vurub. Bütün dünya, aparıcı ölkələr və beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Azərbaycanın təqdim etdiyi gündəlik artıq beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür. Bir sözlə, postmünaqişə dövründə gündəliyi Azərbaycan müəyyənləşdirir.

İndi qarşıda mühüm məsələ - sülh sazişinin bağlanması, Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyasıdır. Sərhədlərin müəyyənləşdirilməsi avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyulması deməkdir. Qarabağ Azərbaycanın ərazisidir və bütün dünya bunu belə qəbul edir. Və Ermənistan anlamalıdır ki, Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Çünki sülh müqaviləsi ölkələrin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması deməkdir. Azərbaycan 44 gün ərzində həm ərazi bütövlüyünü, həm ədaləti, həm də xalqımızın milli ləyaqətini bərpa etdi. İşğaldan azad olunmuş ərazilərdə bu gün bərpa-quruculuq işləri sürətlə davam edir. Birinci pilot layihə isə məhz Zəngilanın Ağalı kəndində icra edildi. Üç il yarım bundan əvvəl inşaat işlərinin başlandığı Ağalıda indi 200 evdən ibarət "Ağıllı kənd" salınıb. Kənddə yaşayış üçün lazım olan bütün infrastruktur yaradılıb.

Azərbaycan xalqının bundan sonra müzəffər xalq kimi yaşayacağını bildirən Prezident İlham Əliyev Ağalı kəndindən olan sakinlərlə görüşdə gənclərin öz dədə-baba yurduna qayıtmağa çox həvəsli olduqlarını vurğuladı. Dedi ki, 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımız dövlətimizin gücü və qüdrəti sayəsində minalardan təmizlənir, kəndlər salınır, yollar çəkilir, bir sözə, insanların yaşayışı üçün əlverişli şərait yaradılır. Ölkəmiz beynəlxalq sülhyaratma missiyalarında iştirak edərək təkcə regionda deyil, dünyada da sülh və təhlükəsizliyin qorunub saxlanmasına öz töhfəsini verib. Və bu gün İkinci Qarabağ müharibəsinin Qalib Sərkərdəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının Ermənistanla aparılan sülh danışıqları prosesində ortaya qoyduğu dəyişməz, qətiyyətli mövqeyi bir daha göstərir ki, məğlub ölkə ilə yalnız məlum 5 prinsip əsasında hazırlanılan sazişə imza atılacaq. Çünki Azərbaycan Qalib tərəf kimi prosesi öz diktəsi ilə idarə edir, Ermənistan isə müxtəlif bəhanələr gətirib vaxt udmaq istəsə də buna nail ola bilmir. Səbəb isə bölgədə marağı olan güclər Cənudi Qafqazda sülhün və təhlükəsizliyin tez bir zamanda təmin olunmasında israrlıdırlar. Və bu gün dünya birliyi də Azərbaycanın haqlı tələbini aydın şəkildə dəstəkləyir. Tərəflər arasında aparılan sülh danışıqları isə həm Rusiyada, həm də Avropada reallaşır.

Bəli, bu gün Azərbaycanın mövqeyi dəyişməzdir. Azərbaycan Prezidenti İlham Əliyev bütün görüşlərində, müsahibələrində dönə-dönə Azərbaycanın mövqeyinin dəyişməz olduğunu vurğulayır. Qalib tərəf kimi Azərbaycan sülh sazişinin imzalanması üçün əlindən gələni, öhdəsinə düşəni reallaşdırmağa tam hazır vəziyyətdədir. Və Azərbaycan Prezidenti İlham Əliyevin bu mesajı Ermənistana 2 yol göstərir: Ya 5 prinsipi qəbul edib sülh sazişi imzalanmalı, ya da "dəmir yumruq" yenidən işə düşməlidir. Təbii ki, 44 günə diz çökən Ermənistan bir daha ağır zərbə almaq istəməz. Bu, Ermənistanın hərtərəfli çöküşü, məhvi ilə nəticələnməsi deməkdir. Və bu gün Ermənistan anlamalıdır ki, başqa çıxış yolu yoxdur və Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, bu dövlətin gələcək inkişafını da yubadır. Onsuz da ötən 30 illik işğal dövründə Ermənistan iqtisadi - siyasi müstəvidə çox şey itirib - bu dövlət müstəqil olmaq şansını itirib. Yenidən eyni metodla sülhə mane olmaq istəyi isə indiki halda Ermənistana daha böyük zərbə vura bilər. Onsuz da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan Avropa İttifaqının moderatorluğu ilə keçirilən görüşlər zamanı da səsləndirdiyi vədlərdən boyun qaçırmaqla özünü dalana dirəyib - artıq reallıqdan qaçmaq mümkün deyil.

Bəli, həqiqət budur ki, qalib tərəf kimi Azərbaycan sülh sazişinin imzalanması üçün əlindən gələni, öhdəsinə düşəni reallaşdırmağa tam hazır vəziyyətdədir. Yəni Azərbaycan Prezidenti Vətən müharibəsində əldə edilən zəfərdən sonra bölgədə sülh və əməkdaşlığa nail olmaq üçün postmüharibə dövründə də sülh kontekstində regionla bağlı çətin geosiyasi maraqlar şəraitində diplomatik liderliyini, məharətini sərgiləməyə davam edir. Savaşdan sonra hərbi potensialını gündən-günə gücləndirən, sərhəddəki mövqelərini daha da möhkəmləndirən Azərbaycan sülhün, qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyaraq Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün addımlar atır. Bununla yanaşı, prosesin alternativinin nə ilə nəticələnəcəyini də Ermənistana göstərməklə deyir ki, sülh sazişinin imzalanmaması Ermənistan üçün böyük fəlakət olacaq: Ya 5 prinsipi qəbul edib sülh sazişi imzalanmalı, ya da "dəmir yumruq" yenidən işə düşməlidir.

Bir sözlə, Azərbaycan öz sülh təşəbbüslərinə adekvat cavab tələb edir və bizim buna tam haqqımız çatır. Çünki haqq-ədalət də, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Biz heç kimin ərazisinə göz dikmirik və öz halal torpaqlarımızın bir qarışını da heç kəsə verməyəcəyik. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığıdır.

Beləliklə, bütün bunlar onu göstərir ki, regionda vəziyyətə diktə edən tərəf Azərbaycandır və ölkəmizin atdığı addımlar beynəlxalq hüquqa əsaslanır. Və Azərbaycan öz sülh təşəbbüslərinə adekvat cavab tələb edir və bizim buna tam haqqımız çatır. Çünki haqq-ədalət də, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Biz heç kimin ərazisinə göz dikmirik və öz halal torpaqlarımızın bir qarışını da heç kəsə verməyəcəyik. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplomatik siyasətinin reallığıdır.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri

Seçilən
215
50
sia.az

10Mənbələr