AZ

Almatıda çərçivə, Tiflisdə sülh sənədi - nikbin proqnoz

Məktub diplomatiyasının uğurlu sonluğudurmu; Azərbaycan və Ermənistan arasında danışıqların növbəti mərhələsi ilə bağlı ilginc məqamlar

 

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatı görüşünün anonsu verilsə də, hələ ki, konkret tarix açıqlanmayıb. Ancaq görüş, yəqin ki, yaxın zamanda baş tutacaq. Çünki Bakı və İrəvan arasında ikitərəfli formatda danışıqlar öz üstünlüklərini göstərməklə yanaşı, yetərincə mühüm mərhələyə daxil olub. Hər halda tərəflər arasında təkliflərlə bağlı məktub mübadiləsinin də nə vaxtsa sonu gəlməlidir.

“Azərbaycan sülhün əldə olunması üçün fəal işləyir. Danışıqlar Azərbaycanın hazırladığı sənəd əsasında aparılır. Biz indi sülh prosesində müsbət tendensiya görürük. Sərhədin delimitasiyasına başlanılıb. Təkcə delimitasiya deyil, həm də sərhədlərin demarkasiyası”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib. Prezidentin sözlərinə görə, sərhədin delimitasiyası və demarkasiyası heç bir vasitəçi olmadan iki ölkə arasında əldə olunan razılaşmalar əsasında həyata keçirilir: “Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda bunun baş verməsinə imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik. Sülh bu bölgədə yalnız Azərbaycan ilə Ermənistan arasında normallaşma vasitəsilə əldə oluna bilər”.

Azərbaycan lideri, sözsüz ki, haqlıdır. Əsas odur ki, hansısa üçüncü qüvvə sülhyaratma prosesinə pəl vurmasın. Almatı danışıqları bu xüsusda ciddi irəliləyişlə yadda qala bilərmi? “Mən Almatı prosesindən ən azı sülhə dair çərçivə sazişinin razılaşdırılmış variantının üzə çıxacağını gözləyirəm. Çərçivə sazişi sülh müqaviləsinin fundamental prinsiplərini özündə əks etdirən sənəddir. Çərçivə sazişi ilə sülh müqaviləsi arasında cəmi bir addımlıq yol qalır. Güman edirəm ki, proses kifayət qədər irəliləyib və müsbət nəticələr əldə edilib. Sülh müqaviləsinin imzalanması prosesi yeni vüsət qazanıb. Azərbaycan Prezidenti də bəyan edib ki, COP29-a qədər sülh müqaviləsi imzalana bilər. Bu, bütün dünya tərəfindən təqdir edilir”.

Qabil

Qabil Hüseynli

Bu fikri isə politoloq Qabil Hüseynli mediaya açıpqlamasında deyib. Son zamanlar bu qəbildən nikbin proqnoz və gözləntilər artıb. Bəs ikitərəfli danışıqların nəhayət, məntiqi yekunu kimi sülh müqaviləsi harda imzalana bilər? Almatının davamı kimi Tiflisdə, yoxsa sərhəddə? Bu il belə bir hadisə baş verəcəkmi? Başqa yandan, belə uğurlu sonluq hansı keçmiş “vasitəçi” ölkəni daha çox qcıqlandıracaq - Rusiyanı, ABŞ-ı, yoxsa Fransanı? Ermənistanın öz daxilində radikal-revanşistlərin, “5-ci kolonçular”ın reaksiyası nə olacaq? Ölkə qarışa, Paşinyana qarşı qəsd cəhdi ola bilərmi? Onun təhlükəsizliyi ümumiyyətlə necə qorunur?

Arzu

Deputat: “Hazırda Paşinyan İrəvanın Moskvadan asılılığını azaltmağa çalışır”

Deputat Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında maraqlı fikirlər söylədi: “Məlumdur ki, Qazaxıstan prezidentinin həm Azərbaycana, həm də Ermənistana səfəri vaxtı məhz xarici işlər nazirlərinin danışıqlarının və sülh müqaviləsinin hazırlanmasının Almtıda keçirilməsi ilə bağlı razılıq əldə edilib. Eyni zamanda bu, rəmzi bir xarakter daşıyır, belə ki, 1991-ci ilin dekabrında MDB ölkələrinin müstəqilliyinin də əsaslarını qoyan və dövlətlərarası sərhədlərin müəyyən edilməsi prinsiplərini təsdiq edən tarixi Alma-Ata Bəyannaməsinin imzalandığı Almatıda baş tutmuşdu. Bu görüşün nəticəsi tək iki dövlət arasında deyil, Azərbaycan-Ermənistan sazişlərinin praktiki icrasına xidmət edəcək və Cənubi Qafqazda güclü və uzunmüddətli sülhün tezliklə bərqərar olmasına da ciddi töhfə verəcək. Təbii ki, xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi artıq sülh müqaviləsinin imzalanmasına gedən bir yoldur. Ən mühüm hadisə də təbii ki, vasitəçi olmadan danışıqların aparılmasıdır. Bu proseslər davam etdikdən sonra artıq sülh müqaviləsinin imzalanması harada baş verməsindən asılı olmayaraq, əldə edilən ən ciddi nəticədir. Təbii ki, Qərb heç bir əlaqəsi olmayan regionda geostrateji mübarizəyə başlayıb - Cənubi Qafqazda ABŞ və Aİ Ermənistana hər cür yardım vəd edir, Paşinyan isə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. Buna görə də Rusiya sazişin imzalanmasının əleyhinə deyil, Qərb isə, əsasən də Fransa bunun əleyhdarı ola bilər. Lakin ciddi bir təsir mexanizmi olmayan Fransa sadəcə olaraq öz məkrli siyasətini sazişdən sonraya saxlaya bilər”. A.Nağıyev digər bir məsələni də qeyd etdi: “Aİ və ABŞ Ermənistana dəstək elan ediblər. Onların verdiyi bəyanatın təhlili göstərir ki, bu dəstək təkcə Bakı ilə rəqabətdə İrəvana deyil, həm də ölkə daxilində güclü müqavimətlə üzləşən Paşinyana verilir, bir sözlə, onun hakimiyyətdə qalması üçün addımlar atılacaq. Hazırda Paşinyan İrəvanın Moskvadan asılılığını azaltmağa çalışır. Məlumdur ki, Ermənistana Qərbdən siyasi və iqtisadi dəstək də Rusiyanın regionda təsirinin zəifləməsi ilə bağlıdır. Bu proseslər göstərir ki, bütün təşəbbüslərə baxmayaraq, Azərbaycan və Türkiyənin Ermənistanla diplomatik gedişləri qeyri-regional oyunçuların siyasətini neytrallaşdıra bilir”. Paşinyana qarşı sui-qəsdə gələndə, deputat qeyd etdi ki, artıq bir neçə belə cəhd olub və qarşısı alınıb: “Keçən il sentyabrın 23-də Bazeyan (Albert Bazeyan 1999-2001-ci illərdə İrəvanın meri olub) və ”Səlibçilər" hərbi-vətənpərvərlik təşkilatının daha 7 üzvü saxlanılıb. Onlar hakimiyyəti ələ keçirməyə və Paşinyana sui-qəsd etməyə hazırlaşmaqda ittiham olunublar". A.Nağıyev bildirdi ki, hazırda əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır və bunu hər iki tərəf istəyir: “Azərbaycan tərəfi olaraq bizim xarici və daxili siyasətimiz müstəqil və dönməzdir...”

Akif

Partiya sədri: “Paşinyana qarşı sui-qəsd ehtimalı ən təhlükəli variant kimi qalır”

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, Prezident İlham Əliyevin kənar müdaxilələrə qarşı sərt mövqeyi, Paşinyanın 4 kəndlə və ondan sonrakı hadisələrlə bağlı nisbətən ardıcıl addımları, vasitəçilik istəyində olanların təkidli mövqedən geri çəkilmələri yazın vaxtlarda nəticənin əldə olunacağına ümidlər verir: “Amma Almatıda hansısa sənədin imzalanacağı inandırıcı deyil. Çünki hər iki tərəfin etiraf etdiyinə görə, xeyli razılaşdırılmamış məqamlar var. Almatı görüşünü vasitəçisiz danışıqlar baxımından ciddi irəliləyiş hesab etmək olar. Orada növbəti addımla bağlı razılıq əldə oluna, məsələn, hansısa sənədin hazırlanması üçün işçi qrup yaradıla bilər. İstənilən halda, Prezident İlham Əliyevin COP29-a qədər sənədin imzalanacağına ümidləri boş yerə yaranmayıb, reallığa  gedən proseslərə uyğun olaraq deyilib və ekstra ordinar bir hadisə baş verməsə, məntiqi yekununu tapacaq”. Anağı hesab edir ki, sənədin harada imzalanacağı da önəmli məsəlıdir və prosesin hansı istiqamətdə gedəcəyini müəyyən edəcək: “Yaxşı olar və ümid edirik ki, bu, Azərbaycanla Ermənistanın delimitasiya, hətta demarkasiya olunan ərazisində baş tutacaq. Bu, həm də vasitəçisiz prosesə ciddi dəstək mənasına gələ bilər. Bu varianta ABŞ və Rusiyanın etiraz etməyəcəyi qənaətindəyik. Çünki onlar üçün bu, heç-heçə kimi dəyərləndiriləcək, tərəflərdən hər hansı birinin üstünlük qazanmaması anlamına gələcək. Narazı qalan, əllərini gəmirən Fransa, tam razı qalan isə Türkiyə olacaq”. Partiya sədri Ermənistanda münasibətlərin birmənalı olmayacağına şübhə etmir: “Əhalinin əksəriyyəti rahatlıqla nəfəs alacaq, müharibə perspektivinin uzaqlaşdığını razılıqla qarşılayacaq. Hakimiyyət davası aparanlar yenidən aranı qarışdırmağa çalışacaqlar. Amma xarici dəstəyin yalnız Fransa ilə məhdudlaşacağı, daxildə sosial bazalarının daha da zəifləyəcəyi ilə bağlı hansısa nəticəyə nail ola bilməyəcəklər. Paşinyana qarşı sui-qəsd ehtimalı ən təhlükəli vatiant kimi qalır. Amma bunun bizim üçün o qədər də fərqi yoxdur. Proses orada kimin gəlib-getməsindən asılı olmayaraq, davam edəcək”.

E.PAŞASOY,
“Yeni Müsavat”

 

Seçilən
228
50
musavat.com

10Mənbələr