Mayın 1-də Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq, 30-dan çox ölkədən dini lider iştirak edir.
Azərbaycan Prezidenti İlham Əliyev “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edib. Ölkə başçısının çıxışı bir çox baxımdan diqqət çəkib.
Birincisi, Prezident çıxışı zamanı deyib ki, sərhədlərin delimitasiyası başlayıb, hətta işlər aparılır:
“Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyirlər”.
Ermənistanla Azərbaycan arasında münaqişənin 30 ildən çox davam etməsinin ən böyük səbəbi vasitəçilər əsasında aparılan danışıqlardır. Fransa, ABŞ, Rusiyanın uzlaşmayan maraqları, status-kvonun dəyişməsində maraqlı olmamaları və digər faktorlar səbəbindən proses dalana dirəndi. Azərbaycan sona qədər diplomatik fəaliyyəti davam etdirib sülhə sadiq olduğunu bildirsə də, müharibə qaçılmaz oldu. Ölkə başçısının da dediyi kimi, sülh müharibə yolu ilə əldə edildi.
Bu gün regionda 30 il ərzində əldə edilməsi mümkün olmayan bir sabitlik və konstruktiv danışıqlar mövcuddur. Ermənistanla Azərbaycan arasında hazırda real sülh danışıqları gedir, lakin prosesə mane olmaq istəyən qüvvələr də var. Onlar illər ərzində münaqişənin uzanmasında maraqlı olan qüvvələridir.
Prezident qeyd edib ki, “Biz Cənubi Qafqazda bunun baş verməsinə imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik. Sülh bu bölgədə yalnız Azərbaycan ilə Ermənistan arasında normallaşma vasitəsilə əldə oluna bilər”.
Rəsmi Bakı ən qısa zamanda sülhün əldə edilməsini istəyir. Hətta Prezidentin dediyi kimi, COP29-a qədər sülh müqaviləsi imzalana bilər. Təbii ki, prosesin uzanması mümkündür, amma danışıqlar bu tempdə davam edərsə, sülh yaxındır.
İkincisi, Prezident çıxışı zamanı müharibədən sonra regionda yaranmış vəziyyətə toxunub. Ölkə başçısı Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təklifi irəli sürdüyünü, hətta baza prinsipləri və sülh sazişi layihəsini hazırladığını vurğulayıb.
Ölkə başçısının dediklərini ilkin sülh sənədinin hazırlandığı və imzalana biləcəyi kimi başa düşmək olar. Prinsipial məsələlərə dair iki ölkə arasında razılıqlar var. Ən əsası delimitasiya prosesi davam edir və sərhəd komissiyalarının görüşü davamlı hal alıb.
Sülhə mane olan əsas məsələlər həll edilib. Anklav, eksklavların taleyi, delimitasiyanın yekunlaşması, kommunikasiyaların açılması kimi məsələlər zamanla həll edilə bilər. Əsas məsələ ilkin sülh müqaviləsinin imzalanmasıdır. Proses ona doğru gedir.
Politoloq Turan Rzayev
visiontv.az