Xəbər verdiyimiz kimi, “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən ölkə başçısı İlham Əliyev Avropanın siyasi fəaliyyətinə toxunub.
Dövlətimizin başçısı çıxışında bildirib ki, Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər: “Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir.Onda siz nəyə görə tənqid etmirsiniz? Nəyə görə siz sanksiyalar tətbiq etmirsiniz? Nəyə görə susursunuz?"
Deputat Naqif Həmzəyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Avropadan olan bəzi ölkələrin digər dövlətlərin daxili işlərinə müdaxilə etməsi təəssüf doğurur. Beynəlxalq hüquqdan, demokratiyadan, insan hüquq və azadlıqlarından danışan Avropa dövlətləri sülh əldə edən və ədaləti bərpa edən tərəflərə qarşı qərəzli mövqe sərgiləyirlər.
Onun sözlərinə görə, Avropa Parlamenti və AŞPA bəzən baş verən proseslərə ikilistandartlardan yanaşır:
“Sülhün əldə olunması mümkün olan bir çox məsələlərdə məhz kənar müdaxilələr əngəl törədir və nəticədə münaqişə daha da böyüyür. Avropa dövlətləri tərəfləri öz təsiri altında saxlamağa çalışmaqla, ölkələrin resurslarından öz mənfəətləri üçün istifadə edirlər. Azərbaycan nə Avropa Parlamentinin, nə də AŞPA-nın ədalətli mövqedən çıxışına şahid olub. Xüsusilə də işğal dövründə Azərbaycan torpaqlarının qeyri-şərtsiz geri qaytarılması məsələsində Ermənistana qarşı hər hansısa sanksiya tətbiq olunmadı və ya ciddi addımlar atılmadı. Azərbaycan ərazi bütövlüyünü öz gücü hesabına əldə etdi".
Naqif Həmzəyev, millət vəkili
Avropadakı demokratiya carçılarının Azərbaycan-Ermənistan münasibətlərinə qarışmasına da toxunan deputata görə, Avropa ölkələrinin müdaxiləsi olmasa tərəflər arasındakı sülh prosesi daha sürətli baş verəcək:
"Bu gün Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyən dövlətlərin sayı çox azdır. Lakin Azərbaycan bir daha dünyaya sübut edir ki, heç bir vasitəçi olmadan Ermənistanla münasibətləri normallaşdırmaq gücü var. Artıq Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilir. Bu, dayanıqlı sülhün əldə olunması üçün çox mühüm addımdır və ölkəmizin diplomatik uğuru kimi qiymətləndirilməlidir. Azərbaycan dünya ictimaiyyətini ikilistandartdan əl çəkməyə çağırır. Xüsusilə də müstəmləkə siyasəti həyata keçirən dövlətlər öz daxili işləri ilə məşğul olmalıdırlar".
Gülşən Şərif