AZ

Milli Kitabxanada “28 May – Müstəqillik Günü” haqqında tədbir olub

Milli

Bakı, 27 may, AZƏRTAC

Milli Kitabxanada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən kitabxananın direktoru, professor Kərim Tahirov 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdiyini bildirib.

“Məhəmməd Əmin Rəsulzadənin əsasını qoyduğu Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk parlamentli respublika və demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaradıb. Bu gün Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktından danışarkən mütləq vurğulamaq lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır. Biz onların varisiyik, onların işinin davamçılarıyıq – ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda”.

Kərim Tahirov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin davamçısı, Prezident İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanın müstəqillik dayaqlarını daha da möhkəmlənib. Bu gün artıq ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Üçrəngli bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi bütöv Azərbaycanda, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə, ən yüksək zirvələrdə dalğalanır.

Tədbir çərçivəsində əlamətdar günlə bağlı eyniadlı virtual və ənənəvi kitab sərgisi də istifadəçilərə təqdim olunub.

Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr tam mətnləri ilə yer alıb.

Virtual sərgi ilə http://anl.az/el/vsb/Cumhuriyyet/index.html link vasitəsilə tanış olmaq mümkündür.

Ənənəvi sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti, qurucuları, dövlət rəmzləri, müstəqilliyimizin bərpası, müstəqil, azad və bütöv Azərbaycan dövlətinin tarixi haqqında müxtəlif dillərdə ədəbiyyatlar nümayış edilib.

Seçilən
133
25
azertag.az

10Mənbələr