28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür.
Qeyd edək ki, 15 oktyabr 2021-ci ilədək Respublika Günü kimi qeyd olunurdu, sonra bu ad dəyişdirilərək Müstəqillik Günü adlandırıldı.
Arıq 3 ildir ki, Azərbaycanda mayın 28-i Respublika Günü deyil, Müstəqillik Günü kimi qeyd edilir. Bununla bağlı Milli Məclisin ötən il oktyabrın 15-də keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi qəbul edilib.
Qanunun qəbul edilməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.
Müstəqillik Günü və ya köhnə adı ilə Respublika Günü 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir.
Xatırladaq ki, 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar devrildi. Bununla da Rusiyada monarxiyaya son qoyuldu. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı.
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olaraq qəbul olunur.
1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqiliyi yenidən bərpa olunub.
Mövzu ilə bağlı “Cebhe.info”ya danışan AMEA əməkdaşı, dosent Zaur Əliyev xatırladıb ki, 1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin sonuncu iclası keçirilib:
“İclasda çıxış edən Sereteli Gürcüstanın federasiyadan çıxdığını bəyan etdi və Seym özünün buraxılması haqqında qərar qəbul etdi. Mayın 26-da Gürcü milli şurası tərəfındən Gürcüstanın müstəqilliyi elan edildi və Ramişvili başda olmaqla hökumət kabinəsi yaradıldı. Yeni hökumətin ilk xarici siyasi addımı mayın 28-də Almaniya ilə saziş bağlamaq oldu.
O zaman Cənubi Qafqaz Seyminin dağılmasından sonra üç müstəqil dövlət yaranmayacağı təqdirdə regionun İran, Türkiyə və Rusiya arasında bölünməsi barədə konkret şərt irəli qoyulmuş idi. Əgər Batum konfransında tərəflər dil tapa bilməsəydi öz aralarında Azərbaycanın bir hissəsi İrana və Rusiyaya, digər hissəsi isə Türkiyəyə veriləcəkdi.
Gürcüstan Türkiyə və Rusiya arasında, Ermənistan isə Türkiyəyə veriləcəkdi.
Fikrimizi təsdiq etmək üçün 1918-ci ilin mayın 28-də Milli Şuranın səhər toplantısında “Erməni xalq partiyası”nın nümayəndəsi M.Papacanovun çıxışna baxmaq kifayət edər.
O, hərbi əməliyyatların dayandırılması təklifini irəli sürdü. O, iddia edirdi ki, müvəqqəti sülh xalqı faciələrdən xilas edə bilər və sülh dövründə “Erməni məsələsi” ümumavropa konqresində öz həllini tapa bilər: "Sülhün mövcudluğu bizə imkan verər ki, biz kiçik da olsa, öz milli ərazimizi yaradaq. Bu da gələcəkdə millətimizin inkişafına zəmin verəcəkdir".
Avropada gedən müharibədən qalib çıxmış və Paris Sülh Konfransını çağıran prezident Vilson və onu müdafiə edənlər 3 Qafqaz respublikası qarşısında məsələni belə qoymuşdu: siz dövlətinizi yaradın, sərhədlərini müəyyən edin, paytaxtlarınızı yaradın, biz də sizin müstəqilliyiniz haqqında düşünək.
Azərbaycan tərəfi də məcburiyyət üzündən torpaqları Ermənistana verdi. Bir mənafeyi qurban verib başlıca mənafeyi - Azərbaycanın müstəqilliyini elan etmək, onun taleyini həll etmək üçün bu addımı atmağa məcbur oldu”.
“Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fövqəladə iclas keçirdi. Yaranmış vəziyyətin çətinliyini nəzərə alaraq yekdilliklə Azərbaycanın idarə olunmasını öz öhdəsinə götürməyi qərara aldı və özünü müvəqqəti Milli Şura elan etdi. M.Ə. Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri təyin olundu. H.Ağayev, M. Seyidov onun müavinləri seçildilər. Sonra Milli Şuranın 9 nəfərdən ibarət İcraiyyə orqanı yaradıldı ki, onun da sədrliyinə F.X.Xoyski seçildi.
Mayın 28-də Milli Şuranın 26 nəfərin iştirakı ilə keçirilən birinci iclasında Seymin buraxılması və Gürcüstanın istiqlaliyyətinin elan edilməsi ilə əlaqədar Azərbaycandakı vəziyyət müzakirə edildi.
Milli Şura 24 səslə Azərbaycanın istiqlaliyyətinin elan edilməsi haqqında qərar qəbul edərək (S.MQəniyev və C.Axundov bitərəf qalmışdı), 6 bənddən ibarət İstiqlal Bəyannaməsini bəyan etdi”, - deyə Z.Əliyev əlavə edib.
Z.Əliyev əlavə edib ki, Azərbaycan Cümhuriyyəti Şərqdə ilk respublikadır, amma o dövr üçün dünyada bir neçə bu tipli dövlət var idi:
“Amerika, Fransa. Azərbaycan dünyada demokratik üsul idarəsini seçən üç dövlətdən biridir. Yəni dünyada Amerika, Fransadan sonra Azərbaycan xalqları birləşdirən bir dövlət olub. Dilimizə ərəb dilindən keçən cümhuriyyət sözünün kökü olan “cumhur” sözünün mənası “xalq”dır. Kəlmə, “Kamusi-Türki”də “xalq”, “cəmiyyət” və siyasi idarəetmə şəkli olaraq üç mənada açıqlanıb.
Cümhuriyyət termininin yaranmasında ərəbcə “cumhur-xalq” əsas alınsa da, kəlmə fransızca republique qarşılığında türkcə “lıq/lik/lük” şəkilçisinın ərəbcə forması olan “iyyət” birləşməsindən yaranmışdır. Belə olan halda, kəlmənin dilimizdəki tam açıqlaması “xalqa aid, xalqla bağlı və xalqa məxsus” olub. Ona görə də rəsmi sənəddə Azərbaycan Xalq Cümhuriyyəti kimi yazılıb.
Bir sözlə Azərbaycan Cümhuriyyəti Şərqdə ilk, dünyada üçüncü demokratik dövlət olub. 1918-ci il mayın 28-də tarixdə Azərbaycan Cümhuriyyəti quruldu. Onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi.
İlk qərara görə Azərbaycan Cümhuriyyətinin bayrağı qırmızı fonda Ay və səkkiz guşəli ulduz idi. Əslində ay ulduzun digər bir mənası Oğuzların totemi olan Öküz buynuzu və Göz idi. Sonradan bu totemi irəli sürməyərək Ay və 8 guşəli ulduz formatında təqdim etməyə başladılar.
1918-ci ilin 4 noyabrında Əli Bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və Xan Xosyki birgə üç rəngli bayraq barədə müzakirə edib qərar verilər ki, yaşıl, qırmızı və göy rəngdə bayraq qəbul etsinlər.
Lakin general Tomson buna etiraz edir və İslam faktorunun önə çəkilməsini istəmir. Rənglərin yeri 9 noyabr 1918-ci ildə dəyişir və Azərbaycan Cümhuriyyətinin rəsmi bayrağı olur. Bu günə qədər də ən yüksək yerlərdə dalğalanmağa və xalqımızın simvoluna çevrilir.
28 May 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti təşkil olunanda inzibati-ərazi hüquqlarının xəritəsi qəbul edilmişdi. Xəritə Azərbaycan Dövlət Yerquruluşlu Layihə İnstitutunun arxivində saxlanan, dövlətimizin 1871-ci ildən 1920-ci illərə qədər olan, orijinal sənədlərdən, torpaq istifadəçilik aktlarından və imperatorlar II Aleksandr, III Aleksandr və III Nikolayın möhürləri ilə təsdiq edilən sənədlər əsasında tərtib edilmişdi.
Bu xəritədə Azərbaycan dövlətinin inzibati ərazisi Gürcüstan, Rusiya, Türkiyə və İranla olan sərhədlər 1894-cü ilə olan vəziyyətdə saxlanmaqla, 9 910 719 kvadratkilometr təşkil edir. Bu xəritədə də Zəngəzur qəzası Azərbaycanın tərkibində idi”.
Həmsöhbətimiz vurğulayıb ki, Xalq Cümhuriyyəti dövründə dövlətin ərazi siyasəti ilə bağlı qarşısında duran beş əsas məsələ vardı:
“1. Naxçıvanın Azərbaycan Cümhuriyyətinə birləşdirmək və Amerikanın oranın ermənilərə verməsi planın pozmaq (buna nail olundu)
4. İrəvanın Azərbaycana geri qaytarmaq.( Naxçıvandakı Amerika konsulunun sayəsində alınmadı, arada Zəngəzurdan qoşunlarımız çıxarıldı)
5. İranda yaşayan Şahsevən tayfası ilə razılaşdırılmış müqavilə əsasında başlanacaq üsyan nəticəsində Təbrizə qədər ərazinin Azərbaycan Cümhuriyyətinə birləşdirmək (rus bolşeviklərin iran rejiminə verdiyi dəstək nəticəsində şahvsevən tayfası atılıarı quldur elan edildilər və plan baş tutmadı).
Bu fəaliyyətin əsas mahiyyəti təbliğat idi ki, bu da birbaşa mətbuat vasitəsi ilə həyata keçirilirdi. Yaranmış demokratik şəraitdən istifadə edən bolşeviklər öz xain niyyətlərini həyata keçirməyə nail oldular. Nəticədə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Cümhuriyyəti süqut etdi”.