Bu gün xalqımız 28 May - Müstəqillik Gününü böyük iftixar və qürur hissi ilə bayram edir. 28 may tarixinin “Müstəqillik Günü” kimi təsbit olunması dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olması faktına əsaslanır bu da ərazi bütövlüyünü tam bərpa etmiş müasir Azərbaycanın 1918-ci il 28 may tarixində yaradılan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olmasının göstəricisidir.
Azərbaycan xalqı 1918-ci ilin 28 may tarixində müsəlman Şərqində ilk demokratik cümhuriyyəti qurmaqla öz dövlətçilik ənənələrini yenidən bərpa etdi. Lakin müstəqillik yolu xalqımıza heç də asan başa gəlmədi. Çünki 1917-ci ilin fevralında Rusiyada baş verən inqilab nəticəsində imperiyanın süqutu yaxınlaşmış və mərkəzdənqaçma meylləri güclənmişdi. Rusiya Dövlət Dumasına seçilmiş Cənubi Qafqazdan olan deputatlar əvvəlcə Xüsusi Komitə sonra noyabr ayında isə Zaqafqaziya Komissarlığı yaratdılar. 1918-ci ilin 23 fevralında Rusiyanın Müəssislər Məclisinə seçilmiş deputatlar Tiflisdə toplaşaraq ilk öncə Zaqafqaziya Seymi, 22 aprelində isə müstəqil Zaqafqaziya Federativ Respublikası yaratdılar. Regionda olan hər üç millətin nümayəndələrinin təmsil olunduqları Zaqafqaziya seymində xarici və daxili amillərin sayəsində ümumi dil tapmaq çətinləşirdi. 26 mayın tarixində Zaqafqaziya Seymi özünün sonuncu iclasını keçirdi. 27 may tarixində Seymin müsəlman fraksiyası Azərbaycan Milli Şurasını elan etdi. Milli Şuranın rəyasət heyəti və sədri seçildi. 28 may tarixində Azərbaycan Milli Şurasının 44 üzvündən 26-nın imzaladığı dövlət müstəqilliyi haqqında İstiqlal Bəyannaməsi ilə türk-müsəlman dünyasında ilk parlamentli respublikanın yaranmasının əsası qoyuldu. Azərbaycanın öz müstəqilliyini elan etməsi haqqında 30 may tarixində hökumətin başçısı Fətəli xan Xoyskinin imzası ilə dünyanın əsas siyasi mərkəzlərinə telefonoqramma göndərildi. Sonralar Əsas Qanunun-Konstitusiyanın qəbul edilməsi mümkün olmadığı üçün İstiqlal Bəyannaməsi Xalq Cümhuriyyətinin süqutunadək faktiki olaraq Konstitusiyanı əvəz edirdi. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət kimi Xalq Cümhuriyyətinin yaradılması Azərbaycanın dövlətçilik tarixində yeni bir səhifə açdı. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hər il Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsi günü-Müstəqillik Günü kimi qeyd edilir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Cümhuriyyəti tarixdə silinməz izlər qoymuşdur. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət kimi xalqın yaddaşında qalmış və gənc nəslə ötürülmüşdür. Yetmiş il müddətində davam edən bolşevik təcavüzü xalqımızın yaddaşından milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi poza bilmədi və biz dilimizin müqəddəsliyini bu yetmiş il ərzində də qoruyub saxlaya bildik. Əgər bir xalq dilini, adətini və tarixini qorumaq qüdrətindədirsə həmin xalq yaşayacaq. Azərbaycan Cümhuriyyəti 23 ay ərzində xalqın milli şüurunu oyatdı, ölkəmizi beynəlxalq aləmə tanıtdı və buna görə də Azərbaycan Cümhuriyyətinin tariximizdə xüsusi və silinməyən rolu var.
Ümummilli Lider Heydər Əliyev çıxışı zamanı bildirmişdir ki, “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”. Qeyd etmək lazımdır ki, Azərbaycan Demokratik Cümhuriyyətinin fəaliyyət göstərdiyi dövr çox çətin, ziddiyyətli, mürəkkəb dövr olmuşdur. Belə bir çətin şəraitdə görülən işlər və gələcək nəsillərə çatan irs ilk Azərbaycan Demokratik Cümhuriyyətinin tarixi mahiyyətini çox yüksək səviyyədə özündə əks etdirir. Məhz bu demokratiya, milli azadlıq, müstəqillik əhval-ruhiyyəsi, birlik əsrin sonunda xalqımızı dövlət müstəqilliyinə gətirib çıxara bilmişdir. 20-ci yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı 20-ci yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində 20-ci əsrdəki ikinci parlaq qələbəsidi.
Vurğulamaq lazımdır ki, Azərbaycan xalqının və dövlətinin müstəqillik tarixində yeni bir dönəm başlamışdır. Bunun da əsas səbəbi işğal edilən və 30 illik ayrılıqdan sonra Qarabağa qovuşmağımız, ərazi bütövlüyümüzü təmin olunmasıdı. Qarabağ torpaqlarının 30 il ərzində işğal olunması, dinc sakinlərin erməni vandalizminin qurbanı olması sanki xalqımızda bir natamamlıq sindromu yaratmışdı. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun zəfərindən sonra sanki xalqımızın özünəinam hissi artdı. 20 ildən artıq bir dövrdə Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin müstəqilliyinin, suverenliyinin daha da gücləndirilməsinə xidmət edir. Güclü təməl üzərində uğurla inkişaf edən ölkəmiz hazırda tarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi ilə dünyanın diqqət mərkəzindədir.
Ölkə başçısı cənab İlham Əliyev bildirmişdir ki, “Müstəqillik deyəndə mən rəsmi atributları nəzərdə tutmuram. Müstəqil siyasət müstəqilliyin əsas amilidir və belə olan halda həmişə inkişaf, əmin-amanlıq olacaq, Azərbaycan xalqı rahat, təhlükəsizlik şəraitində yaşayacaq, necə ki bu gün yaşayır. Bizim siyasətimiz bundan ibarətdir. Hesab edirəm ki, bizim nümunəmiz bir çox ölkələr üçün də cəlbedicidir. Ona görə də bu gün dünyada Azərbaycanı böyük rəğbətlə qarşılayırlar, bizə inanırlar, sözümüzə inanırlar. Ona görə ki, biz ləyaqətli siyasət aparırıq və xalqın maraqlarını həmişə müdafiə edirik” fikirləri müasir müstəqil Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyini şərtləndirən amillərin təqdimatıdır”. Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan diplomatiyası ölkəmizi strateji cəhətdən önəmli və nüfuzlu dövlətə çevirmişdir. Ölkədə aparılan böyük abadlıq-quruculuq işləri, əldə edilmiş mühüm siyasi, iqtisadi nailiyyətlər ictimai-siyasi həyatın bütün sahələrində inkişafın bariz göstəricisidir. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti, şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır və öz müstəqilliyini bərpa edən Azərbaycan demokratik, dünyəvi, hüquqi dövlətin möhkəm təməli qoyulmuşdur. Məhz bu müddət ərzində Azərbaycan xalqı öz müstəqil dövlətinin Konstitusiyasını qəbul etmiş, qanunvericiliyini, hakimiyyətin bölünmə prinsiplərini, hüquq normalarını dünya standartlarına uyğunlaşdıraraq başqa dövlətlərlə hərtərəfli əməkdaşlığa hazır olduğunu nümayiş etdirmişdir. İllər ərzində yaşayışımızın bütün sahələrini əhatə edən köklü dəyişikliklər və dərin islahatlar həyata keçirilmişdir. Ölkəmiz müstəqil dövlət olaraq öz milli neft strategiyası və konsepsiyasını icra etməyə başlamış, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələr bağlayaraq dünya iqtisadiyyatına öz uğurlu töhfəsini verir.
Milli Məclisin deputatı,
Rauf Əliyev