AZ

28 May Azərbaycan xalqının tarixi Zəfər Günüdür

1918-ci ildə Azərbaycan xalqı milli məfkurə ilə silahlanmış, dövlətçilik, müstəqillik ideyaları ilə mübarizəyə qalxan mütəfəkkir oğullarının mücadiləsi nəticəsində öz azadlığına qovuşa bildi. Həmin ilin mart soyqırımına qarşı yumruq kimi birləşən xalq öz tarixi arzusunu gerçəkləşdirdi və Şərqdə ilk dəfə demokratik, hüquqi dövlətin əsasını qoydu. Xalq cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə misilsiz işlər həyata keçirdi. Bu işlərin ən əsas məzmunu ondan ibarətdir ki, Azərbaycan xalqı müstəqilliyin dadını hiss etdi, azad yaşamaq duyğusunu yaşadı. Dünyəvi və parlamentli respublikanın qurulması yeni yaranan bir dövlət üçün olduqca böyük uğur idi.

23 aydan sonra Xalq Cümhuriyyəti süqut etdi. Kommunist - bolşevik hakimiyyəti yenidən ölkəmizi işğal etdi. Sütunları hələ tam möhkəmlənməmiş müstəqil Xalq Cümhuriyyəti belə bir azğın, qana susamış ordunun hücumunun qarşısında durmaq iqtidarında deyildi. Azərbaycan işğal olunsa da, azadlıq ideyaları ürəyimizdə yaşadı, mühacir hökumət üzvlərimiz müstəqillik uğurunda mübarizələrini davam etdirdilər. Heç şübhəsiz ki, 28 May müstəqilliyimizin tarixində ən şərəfli səhifələrdən biridir. Çünki müstəqil dövlət olmaq hər xalqa nəsib olmur. Sayı, ərazisi bizdən dəfələrlə çox olan xalqlar var ki, on illərdir ki, müstəqillik uğurunda mübarizə aparırlar, amma arzularına qovuşa bilmirlər. Azərbaycan bu gün dünyanın 200-ə qədər müstəqil dövlərləri sırasındadır. Müstəqil Azərbaycan Respublikası bu gün mövcudluğuna görə Xalq Cümhuriyyətinə minnətdardır, çünki müasir dövlətimiz onun varisidir. Türkiyədə 29 oktyabr, fransızlar üçün Bastiliyanın alınması, almanlar üçün XIX əsrin ikinci yarısında vahid dövlət halında birləşmə, amerikanlar üçün 4 iyul hansı tarixi əhəmiyyətə malikdirsə, Azərbaycan üçün də 28 May eyni əhəmiyyətə qadirdir.

M.Ə.Rəsulzadə yazırdı ki, I cahan savaşı olmasaydı, fevral burjua inqilabı olmazdı, fevral burjua inqilabı olmasaydı, Azərbaycan Xalq Cümhuriyyəti olmazdı.

Bunu davamı olaraq deyə bilərik ki, 28 May olmasaydı, 1991-ci ilin 18 oktyabrı da olmazdı. Və biz Çeçenistan, Tatarıstan, Dağıstan kimi respublikalardan biri olacaqdıq. 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində dövlətçilik üçün vacib hesab edilən 250 qərar qəbul etdi. Bu qərarları sadalamaq üçün bizə saatlarla vaxt lazımdır. Azərbaycan Xalq Cümhuriyyətini quranlar bu gün Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayır, biz onların adlarını daim ehtiramla yad edirik.

Qurucu babalarımızın bizə qoyub getdiyi dövlət, qiymətli miras kimi bu gün göz bəbəbəyimiz kimi qorunur. Ulu öndər Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü məhz müstəqillik günü kimi dəyərləndirmiş və bunu obyektiv yanaşmalarla əsaslandırmışdı. Ulu Öndərin də qeyd etdiyi kimi, tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. Bu gün regionda və dünyada gedən prosesləri gördükdə bir daha məlum olur ki, əgər o zaman xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev olmasaydı, Azərbaycan bir dövlət olaraq ümumiyyətlə dünya xəritəsindən silinə bilərdi. Ulu öndərin söylədiyi kimi, Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən çətindir. Heydər Əliyevin güclü siyasi iradəsi, əzmi sayəsində, eyni zamanda dövlət müstəqilliyinin möhkəmləndirilməsi və dönməzliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasi kurs nəticəsində xalqımız müstəqilliyini bir dəfəlik möhkəmləndirə bildi. İndi Cənubi Qafqazın lider dövləti olan Azərbaycan beynəlxalq aləmin vacib aktorlarından biridir. 1918-ci ildə öz müstəqilliyinə qovuşmuş Azərbaycan dövləti bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il ərzində düşmənin işğal altında saxladığı Qarabağı əsarətdən xilas etdi. 33 ilə yaxındır ki, Respublikamız yaşayır, yaradır və dünyanın ən nüfuzlu təşkilatlarının üzvüdür. Azərbaycan Respublikası Birinci Respublikanın qaldırdığı üç rəngli bayrağını Azərbaycanın suveren ərazisində həmişəlik dalğalanması üçün bütün istiqamətlərdə mübarizəsini davam etdirir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur.”;

Artıq dörd ildir ki, Müstəqillik gününü qalib ölkənin vətəndaşları kimi qeyd edirik. Bundan böyük səadət, xoşbəxtlik ola bilməz.

Ali Baş Komandanımızın uzaqgörən və cəsarətli siyasəti, şəhidlərimizin qanı hesabına suverenliyini bərpa etdiyimiz Azərbaycan daim yaşayacaq, inkişaf edəcək!

Müstəqillik Günümüz mübarək!

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

Seçilən
133
25
adalet.az

10Mənbələr