AZ

"Hər bir fərd öz biliyi, bacarığı və qabiliyyətinə görə, cəmiyyətin istənilən dəyərinə yetişə bilər"

"İfadə azadlığı" İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsinə əsasən, fərdin öz fikrini sərbəst ifadə etmək hüququdur. Bura fikir azadlığı, dövlət orqanlarının heç bir müdaxiləsi olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və fikirləri almaq və yaymaq azadlığı daxildir. Bəs Azərbaycanda "fikir azadlığı" varmı? “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın siyasi sisteminə nəzər saldıqda görərik ki, siyasi sistemin palitrası olduqca genişdir. Eyni zamanda demokratik ölkələrə xas olan söz azadlığı, fikir azadlığı, mətbuat azadlığı, fikir plüralizmi Azərbaycanın daxili siyasətinin əsas prioritetlərindəndir. Deputat qeyd edib ki, bütün bunların hüquqi əsasının olması da vacibdir. “Hələ 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında bütün bu azadlıqların konstitusiya əsasları da formalaşdırılmışdı. Yəni hər cür azadlıqlar, o, cümlədən dini etiqad azadlığı, söz azadlığı, mətbuat azadlığı kimi prinsipal məsələlər Azərbaycan Konstitusiyasında öz əksini tapmaqla, bu dəyərlərin inkişafı üçün həm də hüquqi əsaslar üzərində qurulub. Bu səbəbdən də, Azərbaycan cəmiyyəti daim dinamik cəmiyyətə çevrilməyi bacarıb. Cəmiyyətin inkişafının əsasında da, məhz bu azadlıqlar dayanır”-deyən Hikmət Babaoğlu bildirib ki, ölkəmizdə nə qədər fikir zənginliyinin olduğunu, seçkilər vasitəsilə formalaşan institutlarda nə qədər çox siyasi dünya görüşün təmsil olduğunu görürük. Baş redaktor vurğulayıb ki, hazırkı Azərbaycan Respublikasının 6-cı çağırış Milli Məclisində 11 siyasi partiya fəaliyyət göstərirdi. Onun fikrincə, bunun özü də bir göstəricidir. “Bu, fikir azadlığına hörmətin əlamətidir. Eyni zamanda siyasi sistemin azadlığını təsdiq edən faktlardan biridir”-deyən Hikmət Babaoğlu hesab edir ki, Azərbaycanın media palitrası çox zəngindir. “Milli mətbuatımızda, istər klassik mediada, istərsə virtual internet resurslarında biz hər cür fikir palitrasında ən müxtəlif fikirlərlə rastlaşa bilirik. Bu da vətəndaşlarımızın özünü sərbəst şəkildə ifadə etməsinin göstəricisidir. Ayrıca bir məsələ də ölkəmizdə inklüziv cəmiyyətin formalaşması məsələsidir ki, bu da insanların azadlığını bir qədər də genişləndirir. Yəni Azərbaycan Respublikasının dövlət siyasəti, cəmiyyətin bütün maddi və mənəvi dəyərlərini hər bir vətəndaş üçün əlçatan etməkdədir. Hər bir fərd öz biliyi, bacarığı və qabiliyyətinə görə, cəmiyyətin istənilən dəyərinə yetişə bilər. Yetər ki, bunu əldə etmək üçün onun səriştəsi, qabiliyyəti, istedadı və s. digər göstəriciləri olsun. Azad cəmiyyətin əsas atributları hesab olunan fikir azadlığı, söz azadlığı, mətbuat azadlığı, dini etiqad azadlığı və digər azadlıqlar Azərbaycanda bir konstitusiya normasıdır”-deyə Hikmət Babaoğlu əlavə edib. P.S. Etiraf edək ki, bu gün ölkədə hər kəs fikrini demək azadlığına malikdir. Kiçik bir misal gətirək, hər kəsin mobil telefonu var və sosial şəbəkələr hər kəsin üzünə açıqdır. Bu da o deməkdir ki, hər kəs gördüyünü, çəkib, azad şəkildə paylaşa bilir və yaxud kimin kimdən xoşu gəlmirsə, öz sosial şəbəkə hesabında canlı yayıma çıxaraq, şikayətlərini dilə gətirir. Bəs "fikir azadlığı" bu deyilsə, nədir? Əgər ölkədə Media Reyestrindən keçməmiş saytlar mövcuddursa və “Media haqqında” qanun qüvvəyə mindikdən sonra bu saytların rəhbərlərinin əksəriyyəti saytını bloqa çevirərək fəaliyyət göstərə bilirsə, kiminsə haqqında pis və ya yaxşı yaza bilirsə, bu da fikir azadlığı deyilsə, nədir? Bəzən Azərbaycanı sevməyən daxili və xarici qüvvələr Azərbaycanda fikir azadlığının olmadığını dilə gətirirlər. Görünən odur ki, bu şəxslər, bu qüvvələr məqsədli şəkildə Azərbaycan hakimiyyətinə qarayaxma addımı atırlar. Hesab edirəm ki, fikir azadlığının da çərçivəsi olmalıdır. Kimisə tənqid edə bilərsən. Kiminsə etdiyi qanunsuzluqları əlində sübutun varsa, cəmiyyətlə paylaşa bilərsən. Amma insanları təhqir etmək, özəl həyatına müdaxilə etmək və insanlar haqqında qərəzli, şantaj-böhtan xarakterli məlumatlar paylaşmaq fikir azadlığ deyil, sadəcə qanun pozuntusudur. Qanun pozan şəxs də məsuliyyətə cəlb edilir. Bu da ölkədə fikir azadlığı olmadığına dair sübut deyil. Hər kəs fikirlərində, sözlərində "sərhəd"di özü qorumalıdır... İradə Cəlil, Bizimyol.info Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb. İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
50
bizimyol.info

10Mənbələr