AZ

Postmodernizmin insan fəlsəfəsi: virtual dünya fenomeni və metamodernizmə keçid

Elnarə QARAGÖZOVA Filologiya üzrə fəlsəfə doktoru, dosent, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi


İnsana və dünyaya baxışın yeni fəlsəfi etapı olan postmodernizm özündən öncəki fəlsəfi biliyə güclü zərbə endirərək tam yeni dünyagörüşü sisteminin əsasını qoya bildi. Varlığı istehza obyektinə çevirən, bu prosesin kobud eklektika və sağlam məntiqin şübhə altına alınması ilə müşahidə edildiyi postmodernizm zamanında inqilabi cərəyan kimi səciyyə edilən modernin də kanonlarını dağıdaraq tam yeni fəlsəfi düşüncə sistemi, daha doğrusu, sistemsizliyə əsaslanan fəlsəfi sistem yaratdı. Günümüzün reallığı olan postmodern cəmiyyətin özülünü hedonist istehlak təşkil edir və postmodern insan heç bir böyük bəşəri ideyaya bağlı deyil. Bu səbəbdən də müəllifin ölümü - insanın transformasiyası postmodernin əsas simvoluna çevrilir, heç bir yüksək, bəşəri ideyaya malik olmayan insan sonunda özünü, öz insan mahiyyətini inkar edərək yoxa çıxır. Postmodern cəmiyyətin informasiya seli altında qalan insan işarələr, simulyakrlar aləmində yaşamağa məhkumdur. Qərb intellektual fikrinin sıralarına 10 Nobel mükafatı laureatının da daxil olduğu bir qrup nümayəndəsi tərəfindən dərc olunmuş "Humanist manifest 2000" adlı proqram məqaləsində bu məqam aşağıdakı şəkildə etiraf edilir: "Bəşəriyyətin mirası olan öncəki ideya və ənənələrin əksəriyyəti artıq yeni realilərə və gələcəyin bizə gətirəcəyi məqamlara cavab vermir".

Postmodernizmin fəlsəfəsi insanı əlavəyə, yenilənməyə, tamamlanmağa ehtiyacı olan varlıq kimi görür. Bu tamamlanma da süni effektlərin əlavəsi ilə yerinə yetirilir: kosmetik əməliyyatlar, implantlar, filter proqramları buna bariz təzahürdür. Postmodernizmin təməl anlayışı olan "müəllifin ölümü" ümumən "insanın ölümü"dür və postmodern insanın ölümünü bütün ipostaslarda həyata keçirir, onu oxucu, müəllif, şəxsiyyət, fövqəlbəşər yaradıcı kimi məhv edir. Lakin yenə də bu insanın tamamilə məhvi deyil. Postmodernizm məhz klassik, ənənəvi insan anlayışını məhv edərək transinsan, postinsan modelini təklif edir. Postmodernizmin təklif etdiyi transformasiyaların anoloji nümunələrinə daha öncəki əsrlərdə də rast gəlinir. Lakin qədim dövrlərdə bu transformasiyalar müəyyən müqəddəs xarakterə, ideoloji mənaya malik idi. Postmodernizmdə isə bu transformasiyalar hər hansı məna yükündən məhrumdur. Postmodern tarnsformasiyalar parodiya, sarkazm əsasında yaranır və Rene Dekartın şübhəyə əsaslanan fəlsəfəsi postmodernizmdə ən yüksək səviyyəsinə çatır. Onun məşhur kəlamı olan "cogito ergo sum" - "düşünürəmsə, deməli, mövcudam" məhz şübhədən doğan analitik fikrin nəticəsi idi. Şübhə etmək düşüncənin, mühakimənin ilkin etapıdır. Azərbaycanın filosof şairi, romantizmin dahi nümayəndəsi Hüseyn Cavid şübhənin insanın kamilliyə gedən yolunun ilkin etapı, bəşəri düşüncənin əsası olduğunu qeyd edir:

 

Şübhədir hər həqiqətin anası,

Şübhədir əhli-hikmətin babası.

Şübhə etməkdə haqlıdır insan,

Çünki hər kəscə bəllidir: yaradan

Hər zaman, hər tərəfdə nur əfşan,

Fərqsiz onca həp zəmanü məkan...

Şübhə artarsa, həm yəqin artar,

Mərifət nuru şübhədən parlar.

 

Ferdinand Sössürün dil konstruksiyalarının öz realiləri daxilində yaşaması, insandan və real həyatdan asılı olmaması fikri də postmodern fəlsəfənin əsasıdır. Postmodernizmin "bu dünyada hər şey mümkündür" şüarı virtualı obyektivliyə, oyun virtuallığına yolun başlanğıcıdır. Postmodern deksonstruktiv dünyada norma və patologiya, mədəni və qeyri-mədəni arasında sərhəd pozulur. Postmodernin təklif etdiyi yeni dünya düzənində əsas hakimiyyət informasiyanındır. KİV, TV, İNTERNET dünyadakı mediaimperiyanın əsas strukturlarıdır və dünyanın taleyi, bəşəri ssenarilər bu mediaimperiyada yazılır.

Virtual aləmdə və onlayn mühitdə ədəbiyyat postmodernizmin maraqlı tərəfləridir. Yeni texnologiyalar və internetin imkanları yazıçı və şairlərə forma və məzmunla təcrübə aparmağa, innovativ və interaktiv əsərlər yaratmağa imkan verir. Neoədəbiyyat və onlayn ədəbiyyat rəqəmsal dövrdə mətn, müəlliflik, oxucu və ünsiyyət haqqında dəyişən fikirləri əks etdirir. Virtual aləm yeni ədəbi forma və janrların inkişafına təkan verir, həmçinin poeziya sənətini özünüifadə və tamaşaçı ilə qarşılıqlı əlaqə üçün yeni imkanlarla zənginləşdirir. Formal olaraq onlayn ədəbiyyat dedikdə ədəbi bloqlar, internet layihələri və forumlar nəzərdə tutulur. Onlayn ədəbiyyat çox vaxt internetdə yerləşdirilən, lakin kağız üzərində dərc olunmayan orijinal əsər deməkdir. Bu ədəbiyyat həm müsbət, həm də mənfi bir sıra xarakterik fərqlərə malikdir.

Şəbəkə ədəbiyyatının əsas xüsusiyyətləri aşağıdakılardır:

qeyri-xəttilik - hiperlinklər sayəsində müəllif mətn daxilində ixtiyari əlaqələr qura bilər.

interaktivlik - onlayn mətn bir neçə insanın birgə yaradıcılığı üçün daha əlverişlidir

multimedia - digər sənət növlərinin fraqmentlərini onlayn mətnə daxil etmək çap mətninə nisbətən daha asandır. Postmodern mətndə realla irreal arasında sərhəd silinir və bu bədii mətndə şizofrenik izlər, elementlərlə müşayiət olunur. Postmodernin virtual dünyası COVID infeksiyası zamanı öz mövqelərini daha da möhkəmləndirdi və postmodernist oyun fenomeni də məhz virtuallıqda daha əyani şəkildə təzahür etdi.

Son illərdə bir sıra tədqiqatçılar postmodernizm dövrünün bitdiyini və yeni dövrün - metamodernin başlandığını iddia edirlər. Metamodernizmi müstəqil cərəyan kimi deyil, postmodernin daha yüksək səviyyəsi kimi qiymətləndirən tədqiqlər də var. Metamodernizm postmodernizmin ironik yanaşdığı dəyərləri yenidən topluma qazandıran bir cərəyandır. Metamodern yanaşmada ironiyadan daha artıq səmimimlik, barış, bərpa notları üstündür. Hal-hazırda metamodernizm tez-tez postmodernizmdən sonra gələn mədəni və fəlsəfi hərəkatı təsvir etmək üçün istifadə olunan bir termindir. Bu baxımdan metamodernizm bir cərəyan olaraq postmodern və modernist ideyaların sintezini təklif edir, onlar arasında tarazlıq tapmağa çalışır. Tez-tez dağıdıcılığı və heterogenliyi vurğulayan postmodernizmdən fərqli olaraq, metamodernizm dünyanın müxtəlifliyinə və mürəkkəbliyinə sayğını qoruyaraq müəyyən dəyərlərə və normalara qayıdış ideyasını təklif edir. Beləliklə, metamodernizm bütövlükdə postmodernizmin bəzi məhdudiyyətlərini və ifrat mövqelərini dəf etmək cəhdi, müasir dünyanın yeni sintezinə və dərkinə can atması kimi qiymətləndirilə bilər.























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
50
525.az

10Mənbələr