AZ

İnsan hüquq və azadlıqları bütöv bir konsepsiyadır

İstiqamət: İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

"İnsanların, vətəndaşların sosial, siyasi fəallığının səviyyəsi, siyasi mədəniyyəti və siyasi şüurunun formalaşması və insan hüquq və azadlıqlarının tənzimlənməsi həqiqətən bir-biri ilə bağlı proseslərdir".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

"O yerdə ki, insan hüquq və azadlıqları lazımi qaydada təmin olunmur, mühafizə edilmir və kənar müdaxilələrdən, qəsdlərdən qorunmur, həmin məkanda insanların sosial, siyasi fəallığından və siyasi mədəniyyət səviyyəsinin qənaətbəxşliyindən söhbət gedə bilməz. Məsələ burasındadır ki, insanın siyasi mədəniyyət səviyyəsi və insanların hüquqları daha önəmli və təsirli rola malikdir. Çünki siyasi mədəniyyət səviyyəsi insanların həm gedən siyasi proseslərə necə reaksiya verdiyini və onu necə qavradığını göstərir, həm də həmin məkanda, həmin ölkədə siyasi qüvvələrin, insanların, vətəndaşların siyasi prosesləri daha dərindən dərk etməsində nə qədər maraqlı olduğunu nümayiş etdirir. Eləcə də insan hüquq və azadlıqlarının tənzimlənməsi, müdafiəsi ölkənin daxili həyatının həm sosial, iqtisadi, siyasi fəallığını təmin edir, vətəndaş varlığını təmin edir, ölkə daxilindəki bütün sahələrdə məhsuldarlıq və səmərəliliyi artırır, eyni zamanda, ölkənin daxilində bir təhlükəsizlik mexanizmidir. Ona görə ki, inkişaf edən cəmiyyətlərdə, xüsusilə də Azərbaycan kimi ölkələrdə zaman-zaman ölkənin inkişafı ilə əlaqədar inkişafdan doğan müəyyən maraqlar, mənafelər, maraq və mənafelərin toqquşması halları baş verir ki, bunu da insan hüquq və azadlıqlarının tənzimlənmə prosesi tam şəkildə həll edir və onun konfliktə çevrilməsinin qarşısını alır. Məsələn, dəfələrlə Azərbaycan prezidenti ölkənin daxilində dövlətin, cəmiyyətin təhlükəsizliyi üçün heç bir riskin olmadığını qeyd edib və əsasən bizim ölkəmizdə təhlükəsizlik üçün risklərin ancaq və ancaq xarici amillərlə bağlı ola biləcəyi vurğulanıb. Ölkə daxilindəki təhlükəsizlik üçün riskin olmamasının belə inamla vurğulanması, əlbəttə, birinci növbədə insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi ilə bağlıdır. Çünki hər bir insan cəmiyyətdə sosial mövqeyindən, kimliyindən, yaşamağından və maddi vəziyyətindən asılı olmayaraq onun hüquq və azadlıqlarına hörmət qoyulmasını istəyib və insanların hüquq və azadlıqlarının lazımi səviyyədə qorunması Azərbaycan şəraitində həm insanların öz fərdi həyatını qurmasına normal təsir edir, həm iqtisadi sektora lazımi qaydada fəal vətəndaş kimi müdaxilə etməsinə şərait yaradır, həm insanın sosial, siyasi fəallığını şərtləndirir, həm də dövlətin və cəmiyyətin seçkili orqanları vasitəsilə birbaşa və dolayı yolla iştirakını təmin etmək üçün əsas üsula çevrilir və bu, insanların hüquqlarının hərtərəfli qorunması, insanlar arasında müxtəlif sosial, siyasi qruplar arasında ziddiyyətlərin yaranmasının qarşısını alan ən böyük mexanizmə çevrilir ki, bu da bizim ölkəmizdə daxili təhlükəsizlik, milli təhlükəsizlik və dövlət təhlükəsizliyi üçün riskin olmamasını təmin edən ən böyük səbəbdir. Ona görə də Azərbaycanda insan hüquqlarının müdafiəsinə və onun konstitusion qanuni əsaslarının yaradılmasına xüsusi önəm verilir. İnsanların hüquq azadlıqlarının müdafiəsi onların sosial, siyasi fəallığı və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi birinci növbədə hüquqi müstəvidə qanunvericilik normalarının yaradılmasından başlayır. İlk olaraq Azərbaycanda ötən əsrin 90-cı illərinin ortalarında senzuranın ləğv olunması, ölkədə ictimai nəzarətin ən mühüm, ən səmərəli daşıyıcısı olan media mətbuat və söz azadlığı institutunun daha mükəmməl şəkildə formalaşmasına şərait yaratdı ki, bu da əslində insanların hüquq azadlıqlarının inkişafı üçün yeni bir şəraitin yaradılması deməkdir. Ölkənin qəbul olunmuş və sonradan müəyyən dəyişikliklərə məruz qalmış konstitusiyalarının demək olar hamısında insan hüquq və  azadlıqlarını əks etdirən maddələr kəmiyyət və keyfiyyətcə əsas hissəni təşkil edir və demək olar ki, insan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, o, Azərbaycan Konstitusiyasında müəyyən müddəalarla tənzimlənməsin və yaxud da ki, insan fəaliyyətinin elə sahəsi yoxdur ki, orada insanların münasibətlərini, fəaliyyətlərini tənzimləyən ayrıca bir qanun aktı olmasın. Əlbəttə, qanunvericilik içərisində hüquq və azadlıqların tənzimlənməsi, sözsüz ki, insanların siyasi mədəniyyətinə və sosial, siyasi fəallığına təsir göstərir. İnsan hüquq və azadlıqları bütöv bir konsepsiyadır. Ona qəti şəkildə yarımçıq yanaşmaq olmaz, yəni onun universallığı qəbul olunmalıdır. Başqa sözlə desək, kimsə düşünsə ki, insanların, məsələn, iqtisadi, sosial sahədə, istirahət hüququ və yaxud təhsil hüququ və ya sağlamlıq mühafizə hüququ qorunmaqla bərabər onun siyasi hüquqları və yaxud da ki, siyasi azadlıqları şəraitdən asılı olaraq məhdudlaşdırıla bilər və yaxud da ümumiyyətlə bu hüquqlarından istifadənin qarşısı alına bilər, əlbəttə, bu, normal yanaşma deyil. Çünki insan hüquq və azadlıqlarının bir sahə üzrə inkişafı onun başqa sahə üzrə məhdudlaşdırılması ilə tam zidd təşkil edir. İnsan hüquq və azadlıqlarına, universal və cəmiyyət miqyasında qlobal yanaşılmalıdır ki, bütün sahələrdə açıq şəkildə inkişaf edə bilsin və bir-birinin inkişafına, dərinləşməsinə, təkmilləşməsinə təsir göstərə bilsin. Əgər insan hüquq və azadlıqlarına yarımçıq münasibət göstərilirsə, əlbəttə, həmin cəmiyyətdə həm insan hüquqları institutu formalaşa bilməz, həm də cəmiyyətin inkişafından doğan mənafelərin və maraqların toqquşmasını ciddi konfliktlərə çevirməkdən qorumaq mümkünsüz hala gələ bilər. Ona görə də Azərbaycan ilk növbədə qanunvericilik hüquq və konstitusiya müstəvisində insan hüquqlarının müdafiəsinə ciddi önəm verir ki, bu da ölkəmizin son 30 ildə qəbul etdiyi və bir neçə dəfə referendumda dəyişdirdiyi konstitusiyalarda lazımi səviyyədə əks olunub. Digər tərəfdən, insan hüquq və azadlıqlarının cəmiyyətin sosial, siyasi fəallığının təkmilləşdirilməsi və idarə olunması eyni zamanda bir praktik məsələ kimi diqqəti cəlb edir. Yəni təkcə sənəd üzərində yazılanlarla, konstitusiya və qanunlarla kifayətlənmək olmaz. Onların həyatda real, praktik təcəssümünə də dövlət orqanları, ictimai institutlar və siyasi qurumlar tərəfindən lazımi qaydada nüfuz olmalıdır ki, onların həm inkişafı tənzimlənsin, həm də qarşısına çıxan maneələr zamanında fiksə oluna bilsin. Məsələn, əgər dövlət təhsil sektorunda, səhiyyə sektorunda insanların öz sağlamlıq hüququnun qorunması üçün lazımi şərait yaratmasa, xəstəxanalar, məktəb kompleksləri olmasa, insan özünün sağlamlığı, mühafizə və yaxud da təhsil hüququnu necə həyata keçirə bilər? Və yaxud da əgər icbari tibbi sığorta deyilən bir sistem əgər zamanında bir institut kimi tətbiq olunmasa, onda cəmiyyətin orta səviyyəni təşkil edən böyük bir kütləsinin böyük məsrəflər tələb edən tibbi əməliyyatlardan istifadə etmək imkanı sıfıra enə bilər və bu da insanların öz sağlamlığını qorumaq hüququnun sadəcə havadan asılı qalmış bir vəziyyətə düşməsinə səbəb ola bilər və yaxud da ki, ölkədə lazımi qaydada imtahan yoxlama sistemi normativlər əsasında formalaşmalıdır. Universitetlər sistemi yaradılmalıdır ki, insanlar özlərinin qabiliyyətinə və savadına uyğun olaraq təhsil hüququnu həyata keçirə bilsin. Yəni insanların hüquq və azadlıqlarının müdafiəsi, mühafizəsi üçün birinci növbədə lazımi qurumlar, dövlət qurumları, ictimai qurumlar tərəfindən ona şərait yaradılmalıdır ki, insanlar bundan istifadə edə bilsinlər. Eyni zamanda, insan hüquq və azadlıqlarının pozulmasına görə cəza mexanizmlərinin və sanksiyaların tətbiq olunması da çox ciddi əhəmiyyət kəsb edir. Məsələn, biz Azərbaycanda da İnsan Hüquqları İnstitutunun bu aspektini lazımi səviyyədə görürük. Çünki əgər konstitusiya varsa, insan hüquqlarının və azadlıqlarını tənzimləyən qanunlar varsa, insanlar praktik şəkildə onlardan istifadə edirsə, bu da hələ məsələnin hamısı deyil. Çünki insan hüquq azadlıqları heç də cəmiyyətdə hamı tərəfindən eyni səviyyədə qəbul olunmur, başa düşülmür və yaxud da ki, heç də hamı insan hüquq və azadlıqlarına lazımi qədər əməl olunmasında özünü məsuliyyətli vətəndaş kimi apara bilmir. Bəzi insanlar ya şüurlu şəkildə, ya başa düşmədən insanların hüquqlarını, azadlıqlarını pozurlar. İnsanların hüquq və azadlıqlarını pozduğu hallarda, müəyyən inzibati üsullarla əlaqədar və məsul dövlət orqanlarının müdaxiləsi ilə bu proseslərin qarşısı alınır ki, bu da insan hüquq və azadlıqlarının həm konstitusiya, qanunlar səviyyəsində tənzimlənməsi, həm də inzibati-məhkəmə, hüquq sistemi yolu ilə onun müdafiə olunması mexanizmlərinin yaranmasını təmin edir. Bir sözlə, insan hüquq və azadlıqları, siyasi mədəniyyət, sosial, siyasi fəallıq hər bir cəmiyyətin yaradıcı başlanğıcıdır. Bu üç amil bir arada tutulmasa onda insanlarla, vətəndaşlarla, cəmiyyətlə, fərdlə, toplumla dövlətin arasında çox ciddi münaqişələr yarana bilər. Nə yaxşı ki, Azərbaycan dövlətində dövlət quruculuğu prosesinin ilkin mərhələsindən başlayaraq dediyim bu aspektlərin hər birinə həm qanunvericilik müstəvisində, həm də praktiki icra müstəvisində lazımi yanaşma var".

Röyalə Xəyal

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
50
olaylar.az

10Mənbələr