AZ

Bakı hələ gözləmə mövqeyindədir  - RƏY

Azərbaycan Zəngəzurda hücum xarakterli silahların toplanmasına imkan verməyəcək

"Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir". Bu barədə Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bildirib. Dövlət başçısı vurğulayıb ki, bir sıra Qərb təsisatlarında anti-Azərbaycan qüvvələr ölkəmizə qarşı haqsız və ədalətsiz münasibət sərgiləyirlər. Ölkə rəhbəri qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasında bizim əleyhimizə olan mövqe bilavasitə öz ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməyimizlə əlaqədardır. Rusiyalı politoloq İqor Korotçenko da Ermənistanın silahlanma təhlükəsindən söz açıb. Ekspert deyib ki, erməni ordusunun hücum silahları ilə yenidən silahlanması İrəvanda heç də hamının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının nəticələri ilə barışmadığının göstəricilərindən biridir. O hesab edir ki, Cənubi Qafqaz ətrafında böyük oyun hələ də davam edir və Ermənistan tələ kimi oyunçuların alətinə çevrilib: "Cənubi Qafqazda vəziyyətin yeni böyük destabilizasiyasının qarşısını almaq üçün Ermənistanın “Troya atı”na çevrilməsini dayandırmaq lazımdır". 
Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov  bildirib ki, Ermənistanda intensiv şəkildə hərbi texnikalar yerləşdirilir. Analitik vurğulayıb ki, 44 günlük müharibə və 2023-cü ilin antiterror tədbirləri adekvat düşünməyə qadir olan beynəlxalq aktorları Cənubi Qafqazdakı yeni reallıqları qəbul etməyə vadar etsə də, bəziləri hələ də yeni müharibə nəticəsində vəziyyəti dəyişəcəklərinə ümidlər edirlər:

"Son bir neçə ay ərzində Ermənistana Hindistandan və Fransadan ən yeni hərbi texnikalar daxil olmağa davam edir. Fransanın 155 mm-lik “SEZAR” özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket sistemləri və “hava-hava” tipli raketlər təkcə son 3-4 həftə ərzində Ermənistana gətirilib. Hazırda Ermənistan ordusunda SEZAR özüyeriyən silahlarının bir diviziyası yerləşdirilib. Fransız silahları Orli Hava Limanından İranın Mehrabad Hava Limanına göndərilir. Oradan İranın Merage aviaşirkəti silahları birbaşa son təyinat yerinə - Ermənistana çatdırır. Bununla da, guya izi gizlətməyə çalışırlar. Həmçinin Fransa Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 “hava-hava” tipli raketlər, 30 ERYX tank əleyhinə raketlər, onlarla Almaniya istehsalı olan DM32 qumbaraatanları, həmçinin “Panzerfaust” verilib. Bundan başqa, Ermənistan silahlı qüvvələrinə Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik "Apilas" reaktiv yaylım atəşi sistemləri və Amerikanın 50 ədəd BGM71-TOW tank əleyhinə raket kompleksləri verilib. Hindistan hərbi texnikalarının da  İranın Bander-Abbas dəniz limanı vasitəsilə Ermənistana çatdırılması davam etməkdədir. Beləcə, adları çəkilən dövlətlərin öz aləmlərində gizli fəaliyyətləri artıq ifşa edilib". 
Z.Məmmədov bəyan edib ki, bu qruplar Ermənistanı silahlandıraraq "erməni məsələsi" adı altında öz maraqlarını reallaşdırmaq arzusundadırlar: "Təəssüflər olsun ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsində separatizmi və terroru seçən bu aktorlar siyasətin çirkab bataqlığında olmalarına baxmayaraq, suları bulandırmaqda israrlıdırlar. Ermənistan ordusunun son həftələrdə şərti sərhədlərdə Azərbaycan sərhədçiləri və ordusu istiqamətində atəş açmaları işğalçı silahlı qüvvələrə bəzi dairələrin yaratdığı arxayınçılığın nəticəsidir. Sual yaranır, bu gün 29.000 kv km ərazidə mövcud olan Ermənistan Respublikası niyə Azərbaycan ilə sülh müqaviləsi bağlamır, əvəzində isə silahlanır? Cavab aydındır! 
Rəsmi Bakının səbri tükənməz deyil. Azərbaycan Zəngəzurda hücum xarakterli silahların toplanmasına imkan verməyəcək. Qərbi Zəngəzur (Sünik) silahsızlaşdırılmış bufer zona elan edilməlidir. Əks təqdirdə, Ermənistan ordusunun xarici havadarları ilə birlikdə təxribatları bölgədə yenidən qanların axıdılmasına gətirə bilər".

Seçilən
162
50
sherg.az

10Mənbələr