Polşanın “Zaqlembe” (Sosnovets) klubunun azarkeşləri komandanın bazasına soxularaq baş məşqçi Aleksandr Xatskeviçi döyüblər.
Arena.az bu barədə “Meczyki” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, çərşənbə günü komandanın məşqi zamanı bir dəstə xuliqan komandanın bazasına daxil olub. Hücum zamanı belarus mütəxəssis Aleksandr Xatskeviçin üzünə zərbə endirilib. Bundan başqa, məşqçi bir neçə möhkəm kötək də yeyərək, döyülüb.
Bildirilir ki, məlumatı “Zaqlembe” klubu da təsdiqləyib. Daha əvvəl, məşqçinin artıq “Zaqlembe”dən istefaya getməyə yaxın olduğu bildirilmişdi.
“Zaqlembe” Polşa Birinci Liqasının 2023/2024 mövsümünün yarış cədvəlində sonuncu – 18-ci pillədə qərarlaşıb. Komanda 25 oyuna cəmi 13 xal toplayıb.