AZ

Tarixi hesab olunan və artıq başlayan BÖYÜK PROSES - TƏHLİL

Rusiya sülhməramlı kontingentinin Azərbaycanı, yəni Qarabağı birdəfəlik və tam olaraq tərk etməsi prosesinə start verilib. Artıq Kəlbəcərin Xudavənd monastrındakı post Azərbaycan polisinə təhvil verilib. Xocalıdakı baza da boşaldılır və tarixi hesab olunan böyük prosesin bir neçə günə tam yekunlaşacağı da gözlənilir. Bununla da Azərbaycan Qarabağ və bütün torpaqları üzərində tam suveren ölkə olaraq nəzarətini mütləq şəkildə bərpa edir və bu da ölkəmizin növbəti qələbəsi, diplomatik uğuru olaraq qəbul edilir...

Azərbaycanın bütün addımları əvvəlcədən ölçülmüş, biçilmiş, düşünülmüş vahid bir plan üzrə atılır

İllərlə əvvəl düz 30 ilə yaxın erməni işğalı altında olan ərazilərimizin işğaldan azad olunacağına şübhə ilə yanaşanlar var idi, amma onlar 2020-ci il noyabr ayında torpaqlarımızın işğaldan azad olunduğunun gerçəklik olduğuna əmin oldular və gerçəklikləri öz gözləri ilə gördülər. Hətta bəzi ərazilərdə erməni silahlılarının, terrorçularının qalıqlarının olduğunu və ərazilərimizin tamamilə işğaldan azad olunmadığını düşünənlər, bunu açıq şəkildə ifadə edənlər də tapılırdı, lakin onlar da ötən ilin sentyabr ayında keçirilən anti-terror tədbirləri sayəsində cəmi 23 saat ərzində ərazilərimizin erməni terrorçularından təmizləndiyini müşahidə etmiş oldular və ərazilərimizin tamamilə işğaldan azad edildiyini gördülər. Xankəndidə qaldırılan Azərbaycan bayrağı bütün şübhələrə son qoydu. Bununla belə 10 noyabr tarixli razılaşmanın şərtlərinə uyğun olaraq Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisində, Qarabağ torpaqlarında yerləşdirilməsinə görə də müəyyən fikirlər səsləndirilirdi və hətta bəzən onların bir daha ərazilərimizi tərk etməyəcəyi barədə fikirlər səsləndirənlər də tapılırdı. Amma məsələlərə şübhə ilə yanaşanlar bir-birinin ardınca gördülər ki, Azərbaycan Prezidentinin siyasi iradəsi, diplomatik uzaqgörənliyi, qətiyyəti, xalqımızın həmrəyliyi, ordumuzun şücaəti ilə bütün məsələlər həll olundu və indi də sülhməramlıların ərazilərimizi tərk etməsi prosesi artıq başlayıb. Hər halda ölkə rəhbərimizin, cənab Prezident İlham Əliyevin “Nəyi necə və nə vaxt etmək lazımdır, bunu mən bilirəm”, fikrinin nə demək olduğunu başa düşdülər. Başa düşməyən bir neçə nəfər qalmış olsaydı belə, onlar da heç şübhəsiz ki, indi Rusiya sülhməramlılarının ərazilərimizi tərk etməsini görüncə tam şəkildə başa düşmüş və anlamış olarlar. Anlamış oldular ki, Azərbaycanın bütün addımları əvvəlcədən ölçülmüş, biçilmiş, düşünülmüş vahid bir plan üzrə atılır.

Sülhməramlıların ölkəmizin ərazilərindən çıxarılması prosesi iki ölkənin ali rəhbərliyinin qərarı ilə başlayıb

Bildiyimiz kimi, 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində, yəni Qarabağda qalması 2025-ci ilə qədər davam edə bilərdi. Amma görürük ki, həmin müddət bitmədən əvvəl Rusiya sülhməramlıları ərazilərimizi tərk etməkdədirlər. Sözsüz ki, bunun səbəbləri var və heç şübhəsiz ki, rəsmi Moskva da həmin səbəbləri nəzərə alıb və yaxşıca götür-qoy etdikdən sonra belə qərara gəlib. Hər halda Kreml çox yaxşı başa düşürdü ki, 2023-cü ilin 20 sentyabrında Qarabağda separatizmin ləğvi və ermənilərin Ermənistana qayıtmasından sonra sülhməramlıların missiyası de-fakto bitmişdi. Doğrudur, rəsmi Bakı Rusiya ilə münasibətlərə görə bu məsələdə israr etmirdi, amma Kreml prosesin vaxtından əvvəl başlamasının vacib olduğu qənaətinə özü gəlmiş oldu. Əlbəttə ki, bununla da bağlı səbəblər də bəllidir. Əvvəla, Moskvada anlayırlar ki, sülhməramlıların Qarabağda işi artıq çoxdan bitib və bir il daha qalmaq özləri üçün əlavə yükdür. Digər tərəfdən də axı Ukrayna müharibəsi fonunda hərbi qüvvə çatışmazlığı yaşayan Rusiyanın bu qoşunlara sözün əsl mənasında ehtiyacı da var. Bir sözlə, rəsmi Moskva bütün məqamları nəzərə alaraq, sülhməramlıların ölkəmizin ərazilərindən çıxarılması qərarına gəlmiş olub və bundan sonra da bu proses iki ölkənin ali rəhbərliyinin qərarı ilə başlayıb. Təsadüfi deyil ki, bu barədə rəsmi şəkildə də bildirilir. “2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib”, deyə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin AZƏRTAC-a açıqlamasında Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə dedikləri də təsdiq edir ki, bu proses iki ölkənin ali rəhbərliyinin qərarı ilə başlayıb. Bəlli olur ki, Azərbaycan və Rusiya arasında normal münasibətlərin qurulması və iki ölkənin ali rəhbərliyinin qərarı ilə sülhməramlıların vaxtından əvvəl çıxarılmasına dair qərar verilib. “Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması prosesinə başlanılıb”, deyə Kremlin mətbuat katibi Dmitri Peskovun bu keçirilən mətbuat konfransında bildirməsi də deyilənləri təsdiq edir.

Azərbaycanın daha bir qələbəsinin, diplomatik uğurunun bütün dünya şahidi oldu

Etiraf edək ki, sülhməramlılarının bölgədə qalmasında Rusiya maraqlı idi və bundan sonra da onların qalmasına çalışırdı. Qeyd etdiyimiz kimi, bir çoxları da onların əbədi olaraq, yaxud da uzun müddətə ərazilərimizdə qalacağı qənaətində idilər. Hətta Rusiya sülhməramlılarının ərazilərimizdə olması ilə əlaqədar bəzən ictimai narazılıqların da şahidi olurduq. Şahidi olurduq ki, Rusiya sülhməramlılarının ərazilərimizdə yerləşdirilməsinə görə narazı olanlar var və onlar başa düşə bilmirdilər ki, Rusiya sülhməramlılarının həmin dövrdə ərazilərimizdə yerləşdirilməsi ABŞ və Fransanın müdaxiləsinin qarşını almaq məqsədi daşıyırdı. Bununla belə sülhməranlıların daimi, yaxud da uzun müddətə ərazilərimizdə qalması heç də arzu olunan sayılmırdı. Məhz rəsmi Bakının uğurlu diplomatik faəliyyəti, Azərbaycanın, şəxsən cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti sayəsində sülhməramlıların qalmasına heç bir ehtiyac olmadığı öz təsdiqini tapdı və onların ərazilərimizi tərk etməsi prosesinə hər iki ölkənin ali rəhbərliyinin qərarı ilə start verildi. Bu, artıq Azərbaycanın növbəti qələbəsi, diplomatik uğuru olaraq qəbul edilməkdədir. Çünki bütün dünya görmüş oldu, şahidlik etdi ki, sülhməramlıların getməsi ilə bağlı rəsmi Bakı heç bir şəkildə israr etmədi, amma Rusiya öz sülhməramlılarını könüllü şəkildə çıxarmaq istdi və iki ölkənin ali rəhbərliyinin qərarı ilə bu prosesə başlanıldı. Məhz bunu ölkəmizin növbəti qələbəsi, uğuru olaraq qiymətləndirməmək mümkün deyil.

Ölkəmizin öz ərazilərində nəzarəti əlinə alması böyük və tarixi bir proses sayılır

Bəzən ölkə daxilində, yaxud da ölkəmizin hüdudlarından kənarda olan bəzi dairələr Rusiya sülhməramlıları ilə bağlı cəfəng “proqnozlar” səsləndirir, onların bir daha ərazilərimizi tərk etməyəcəyini bildirirdilər. Doğrudur, belə cəfəng fikirlər səsləndirənlərin hansı səviyyəyə, hansı siyasi savada sahib olduqlarını, daha doğrusu, heç bir siyasi savada sahib olmadıqlarını hamımız yaxşı bilirik. Onların səsləndirdikləri fikirlərin hər dəfə nə dərəcədə əsassız olduğunu gördükdə özlərinin də hansı cılız dünyagörüşə malik olduqlarını müəyyən etmək heç də çətinlik törətmir. Ölkəmizin öz ərazilərində nəzarəti əlinə alması kimi böyük bir prosesi görməmək üçün həmin o cılız dünyagörüşlülər qədər kor olmaq gərəkir. Hər dəfə yanlış və cəfəng “proqnozlar” verdikləri ortaya çıxanda, yalanları, dediklərinin mənasız olduğu ifşa olunanda cəmiyyətimiz onların kimliyi barədə kifayət qədər doğru qənaətə gəlmiş olurdu və indi də bu qənaətdə haqlı olduğu öz təsdiqini tapdı. Bəlli oldu ki, həqiqətən də onlar sadəcə qərəzli, xain, xəyanətkar ünsürlərdirlər və ölkəmizin uğurlarını heç də həzm edə bilmirlər. Amma Azərbaycan qələbələr, uğurlar qazanmaqda davam edir, təkcə cəbhə xəttində deyil, diplomatik müstəvidə də zəfərlərə imza atır.

Sülhməramlıların Azərbaycanı, yəni Qarabağı birdəfəlik və tam olaraq tərk etməsi, postların Azərbaycan polisinə təhvil verilməsi, bazaların boşaldılması tarixi hesab olunan böyük proses deməkdir. Etiraf etmək lazımdır ki, bu prosesin başlanması ilə, bir neçə günə tam yekunlaşması ilə, böyük proseslə Azərbaycan Qarabağ və bütün torpaqları üzərində tam suveren ölkə olaraq nəzarətini mütləq şəkildə bərpa etmiş olur. Həqiqətən də ölkəmizin öz ərazilərində nəzarəti əlinə alması böyük və tarixi bir proses sayılır, hansıki bu anda həmin o tarixi böyük proses davam etməkdədir.

Müəllif: İnam Hacıyev
Seçilən
336
50
sia.az

10Mənbələr