Madrid “Real”ının braziliyalı sağ cinah vingeri Rodriqo Qoes yaxın gələcəkdə İspaniya klubundan ayrılmaq fikrində olmadığını bildirib.
Arena.az braziliyalı futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Mən bu klubu çox sevirəm. Ümidvaram ki, əbədi olaraq burada qalacağam. Karlo Ançelotti? O, mənim üçün ata kimidir”, deyə Rodriqo vurğulayıb.
Xatırladaq ki, Rodriqo Braziliyanın “Santos” klubunun yetirməsidir. Braziliyalı vinger “Real”a 2019-cu ilin iyulunda 45 milyon avro qarşılığında elə, “Santos”dan keçib. Tərəflər arasında müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Braziliyalı ulduzun müqaviləsindəki təzminat məbləği isə 1 milyard avrodur.
Rodriqo “Real”da çıxış etdiyi müddətdə 210 oyuna çıxıb, 54 qol vurub, 40 məhsuldar ötürmə verib. Braziliyalı vinger cari mövsümdə “qaymaqlılar”la bütün yarışlarda 45 oyuna 17 qol, 8 məhsuldar ötürmə ilə fərqlənib.
Rodriqo “Real”la İspaniya La Liqasının (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.
Rodriqo Qoes 2019-cu ilin noyabrında debüt etdiyi Braziliya millisində 22 oyuna 5 qol vurub, 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 23 yaşlı braziliyalı vingerin transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.