AZ

Sülh prosesində Əliyevdən təsirli jest- “kənardan kömək etmək istəyənlər buyursunlar”...

Image

Məhəmməd Əsədullazadə: “Prezident bununla Almaniyaya mesaj vermiş oldu”

Prezident İlham Əliyev Almaniya kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında sülhə nail olmaq üçün çox yaxşı fürsətlərin olduğunu qeyd edib və bunu tutarlı arqumenntlərlə əsaslandırıb: 

“Artıq Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır”. 

Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini dayandırdığını vurğulayan dövlət başçısı qeyd edib: “Yəni sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə əməkdaşlıq etməyə hazırıq”. 

Bu, əslində o deməkdir ki, Rusiya sülhməramlılarının Qarabağda olmasını bəhanə edənlər üçün artıq əsas qalmayıb. Bir növ, ölkə başçısı bildirdi ki, kənardan kimsə kömək etmək istəyirsə buyursun.

“Ermənistan sona qədər siyasi iradə nümayiş etdirsə, hesab edirəm ki, tezliklə sülh sazişi imzalana bilər” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, bu, prosesdə iştirak etmək istəyənlərə verilən mesajdır: “Prezident İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində kansler Olaf Şoltsla görüşdə Azərbaycan-Ermənistan münasibətləri, bununla bağlı gedən son proseslər müzakirə olunub. O cümlədən, Prezident açıq dedi ki, kim kömək istəyirsə buyura bilər. Əlbəttə ki, burada söhbət ədalətli və tərəfsiz köməkdən gedir. Ölkə başçısı buna etiraz etmədiyini bildirdi. Hesab edirəm ki, Prezident bununla Almaniyaya mesaj vermiş oldu. Çünki Berlin həmişə ədalətli və neytral mövqe tutur. O baxımdan düşünürəm ki, bu istiqamətdə Azərbaycan tərəfinin apardığı siyasət çox obyektiv nəticələr verməkdədir. Ermənistanla Azərbaycan arasında ikitərəfli danışıqlarda irəliləyişlər əldə olunub. Belə ki, 4 kəndin Azərbaycana qaytarılması, Almatıda iki ölkə xarici işlər nazirlərinin görüşünün keçirilməsinin planlaşdırılması ikitərəfli görüşlərin bəhrəsidir. Nəzərə almaq lazımdır ki, bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransında Əliyev-Paşinyan görüşünün keçirilməsi Şoltsun təşəbbüsü ilə baş tutdu. Düzdür, kansler vasitəçi deyildi, amma tərəfləri Münhen platformasında bir araya gətirdi. Bu kimi məsələlər Almaniyaya olan etimadı artırır. Ümumi tendensiya da onu göstərir ki, hazırda real sülh imkanları daha böyükdür. O üzdən, Almaniya kimi ciddi dövlət prosesə dəstək versə, bu ancaq ümumi işin xeyrinə olacaq. Ermənistan sona qədər siyasi iradə nümayiş etdirsə, hesab edirəm ki, tezliklə sülh sazişi imzalana bilər. Xüsusən də noyabrda keçiriləcək COP29 tədbirinə qədər çərçivə sülh sazişinin imzalanması gözlənilir. Qazaxıstanda xarici işlər nazirlərinin görüşündə bu məsələnin detalarının müzakirə ediləcəyi gözlənilir. Bir sözlə, mümkündür ki, vasitəçilərsiz ikitərəfli sülhə nail olunsun”.

Vidadi ORDAHALLI





Seçilən
223
50
baki-xeber.com

10Mənbələr