EN

Pakistan MSK-nın nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında olub

Pakistan

Bakı, 30 avqust, AZƏRTAC

Avqustun 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Pakistan müşahidə missiyasının rəhbəri, Pakistan Mərkəzi Seçki Komissiyasının sədri Sultan Mohammadın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanla Pakistan arasındakı sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrindən danışan MSK sədri nümayəndə heyətini sentyabrın 1-də keçiriləcək seçki prosesinə hazırlıqla bağlı ətraflı məlumatlandırıb.

Azərbaycanda hazırda səsvermə hüququna malik 6 milyondan çox seçicinin olduğunu bildirən M.Pənahov seçkilərdə 990 namizədin mübarizə apardığını deyib.

Ölkə üzrə ümumilikdə 6 mindən çox seçki məntəqəsinin fəaliyyət göstərdiyini diqqətə çatdıran MSK sədri 54 seçki məntəqəsinin işğaldan azad edilmiş ərazilərdə yerləşdiyini bildirib. Parlament seçkilərinin xalqımız üçün əlamətdar olduğunu vurğulayan M.Pənahov Milli Məclisə seçkilərin 30 ildən sonra ilk dəfə Azərbaycanın bütün ərazilərində keçiriləcəyini bildirib.

Diqqətə çatdırılıb ki, seçkilərə hazırlıq Azərbaycan Seçki Məcəlləsinin tələblərinə uyğun aparılıb, seçicilərin rahat səs verə bilmələri üçün hərtərəfli şərait yaradılıb.

Pakistanın Azərbaycana dost ölkə olduğunu, ölkəmizin ərazi bütövlüyü məsələsində rəsmi İslamabada hər zaman dəstək göstərdiyini vurğulayan Sultan Mohammad deyib: “Qardaş ölkə Azərbaycan əlamətdar gün, növbədənkənar parlament seçkiləri ərəfəsindədir. Əminik ki, bu seçkilər də ölkənin Seçki Məcəlləsinə tam uyğun şəkildə, şəffaf və ədalətli keçəcək”.

Pakistan Mərkəzi Seçki Komissiyasının sədri Azərbaycanda növbədənkənar parlament seçkilərinə hazırlığın yüksək səviyyədə təşkil edildiyini və seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu da diqqətə çatdırıb.

Chosen
36
50
azertag.az

10Sources