Fransa və onun kimilərinin siyasi hoqqabazlığının heç bir mənası yoxdur. Azərbaycan güclü dövlətdir, onun güclü lideri, xalqı və ordusu var. Bu gün onlar vəhdətdə çıxış edirlər. Bütün bu reallıqlar fonunda Ermənistanın silahlandırılması bizim üçün heç bir məna kəsb etmir.
Bunu “Far.Az”a açıqlamasında politoloq, siyasi şərhçi, Milli Məclisin VI çağırış deputatı Elman Nəsirov deyib.
O xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü il sentyabrın 2-də qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin ildönümü ilə əlaqədar təbrik müraciəti ünvanladı: "Bu da yetməzmiş kimi, sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində “prezident seçkiləri”nin keçirilməsi Azərbaycanı antiterror əməliyyatına təşviq etdi. Bu, artıq onun göstəricisi idi ki, Ermənistanın siyasi hərbi rəhbərliyi situasiyanı düzgün qiymətləndirə bilmir, onun Azərbaycanla sülh müqaviləsi imzalamaqla bağlı niyyəti yoxdur. Ermənistanın siyasi və hərbi rəhbərliyi İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətindən düzgün nəticə çıxarmadığına görə qondarma rejimə təbrik mesajı göndərdi. Bu onu göstərdi ki, Ermənistan revanşizm hissləri ilə yaşayır və onu təbliğ edir. Həmin il sentyabrın 19-da Azərbaycan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınmasına başlanıldı. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə antiterror əməliyyatı aparıldı”.
Politoloq sözügedən əməliyyat nəticəsində erməni separatizminin kökünün birbaşa kəsildiyini xüsusilə vurğulayıb: “Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam, qəti və əbədi olaraq təmin edildi. Bu reallıq artıq Paşinyanı Azərbaycan ilə danışıqlara getməyə məcbur etdi ki, müəyyən məsələlərlə bağlı anlaşma əldə edilsin. Bəli, bu gün Ermənistan-Azərbaycan danışıqları prosesində, xüsusilə də sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində müəyyən addımlar atılıb”.
Siyasi şərhçi COP29-un da Ermənistan ilə münasibətlərə təsir göstərəcəyini istisna etməyib: “Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları üçün beş baza prinsipi mövcuddur. Eyni zamanda Azərbaycan tərəfi Ermənistana sülh danışığının yekun variantını da təqdim edib, təkliflər mübadiləsi aparılıb. Prezident İlham Əliyev hər zaman söyləyir ki, COP29 konfransı sülh prosesinin mühüm tərkib hissəsi ola bilər. Beləliklə, bütün bu reallıqlar sülhün əldə edilməsi üçün unikal imkanlar yaradıb. Hətta belə bir fikir də var ki, COP29 tədbirinə qədər sülh müqaviləsi imzalansın. Hətta müəyyən çərçivə sazişi də imzalana bilər. Əgər hansısa məsələlərdə razılıq əldə edilə bilinməzsə, sonrakı mərhələyə qala bilər”.
E.Nəsirov Ermənistanın Fransaya arxalanmağının nəticəsiz olacağını vurğulayıb: “Ermənistanın siyasi hakimiyyəti Qərbdəki havadarlarından son dərəcə asılıdır. Xüsusilə də Fransadan. Fransa prezidenti Emmanuel Makron açıq aydın şəkildə Ermənistanı müdafiə edir. O, bununla revanşizmi təbliğ edir və aranı qızışdırır. Fransa əvvəllər Ermənistana müdafiə silahları göndərirdisə, artıq hücum silahları göndərir. Bu analoji addımı Hindistan və Yunanıstan da atır. Bu dövlətlərin Ermənistanı nə məqsədlə hücum silahı ilə təmin etdikləri aydındır. Onlar Ermənistanı üçüncü Qarabağ müharibəsinə hazırlayır. Onun başının altına yastıq qoyurlar ki, qorxma, çəkinmə arxandayıq, “itirdiklərini” geri qaytaracaqsan. Soruşan yoxdur ki, Ermənistan nə itirib? Qarabağ və Şərqi Zəngəzur Ermənistan torpağı idimi? Axı tarixi reallıqlar var. Bu ərazilər qədim, əzəli və qanuni Azərbaycan torpaqlarıdır”.
Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də bir gündən də az davam edən antiterror əməliyyatı nəticəsində bölgədə qalan Ermənistan silahlı qüvvələri tam tərksilah edilərək Azərbaycan ərazisindən çıxarıldı, qondarma rejimin qalıqları isə onun ləğv olunduğunu elan etdi. Azərbaycan öz ərazisində separatçılığa, “boz zona”ya son qoydu. Bununla da Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edildi.