Futbol üzrə Almaniya yığmasının sabiq qapıçısı, “Bayern”in formasını geyinən Manuel Noyer bundestimdən ayrılmasını ilk dəfə şərh edib.
Arena.az xəbər verir ki, Noyer Almaniya yığmasının qapısında öz yerini almış həmkarı Mark-Andre ter Ştegenlə görüşmək niyyətindən də söhbət açıb:
“Kənardan izləmək çox gözəl idi. İndi mən də azarkeşəm. Mən ona ən yaxşısını arzulayıram, əlbəttə. Təkcə onun üçün deyil, digər qapıçılar üçün də. Mən həmişə güclü qapıçılarımızın olmasını dəstəkləyirəm. Ter Ştegenlə yenidən görüşəcəyik. Mən Mark da daxil olmaqla hamı ilə görüşməyin intizarındayam”, deyə Noyer vurğulayıb.
Xatırladaq ki, Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.
Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Noyer cari mövsümdə “Bayern”in heyətində 4 oyuna çıxıb, 3 qol buraxıb, 2 oyunda qapısının toxunulmazlığını təmin edib. Təcrübəli qolkiperin “Bayern” karyerası ümumilikdə 525 oyun, 430 buraxılmış qol və 246 “quru” matçdan ibarətdir.
Manuel Noyer 2009-cu ilin iyununda debüt etdiyi və bu il karyerasını bitirdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.
Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.
“Transfermarkt” internet-portalı 38 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.