EN

Yeni vəzifələr dövlətimizin daha da güclənməsinə xidmət edir

Samir Vəliyev

Milli Məclisin deputatı

Ərazi bütövlüyü və suverenliyimiz bərpa olunduqdan sonra ölkəmizin həyatında yeni dövr başlayıb. Sentyabrın 1-də baş tutmuş parlament seçkiləri də suveren Azərbaycanın bütün ərazilərində keçirilməsi ilə əlamətdar oldu. Sentyabrın 23-də isə VII çağırış Milli Məclisin ilk iclası keçirildi. İclasda iştirak edən Prezident İlham Əliyev proqram xarakterli çıxış edərək deputatlara dəyərli tövsiyələrini verdi. Dövlətimzin başçısının vurğuladığı kimi, hazırda qarşımızda dayanan əsas vəzifə gücümüzün daha da artırılmasıdır. Çünki mövcud reallıqlar, dünyada baş verən geosiyasi proseslər bunu tələb edir.

Məlumdur ki, hazırda dünyada beynəlxalq hüquq normaları işləmir, bir sıra böyük dövlətlər digər xalqlara qarşı öz maraqlarını diqtə etməyə çalışır. Bu da bəzi milli dövlətlər üçün çətinliklər yaradır. Bu fakt dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT-nin nümunəsində də görünür. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş dövlət qərarların qəbulunda heç də beynəlxalq hüquqa deyil, öz maraqlarına istinad edirlər. Bu da ayrı-ayrı problemlərə yanaşmada ikili standartların tətbiq olunması ilə nəticələnir. Beynəlxalq nizamı pozan böyük dövlətlər müəyyən ölkələrə qarşı əsassız qərarlar qəbul edərək orada müxtəlif bəhanələrlə dövlət çevrilişləri edir, həmin ölkələri xaos yuvasına çevirərək günahsız dinc insanları fəlakətlərə sürükləyirlər.

Hazırda beynəlxalq münasibətlər sistemində “kim güclüdür, o da haqlıdır prinsipi” işləyir. Dünyada mövcud olan ikili standartların, beynəlxalq hüquq normalarının işləməməsinin acı təcrübəsini Azərbaycan da 30 il yaşayıb. Lakin ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan artıq regionda yeni reallıqlar yaradıb. Eyni zamanda, dövlətimiz davamlı olaraq təhlükəsizlik tədbirləri görür, öz hərbi və iqtisadi gücünü artırır. Bütün bunlar müstəqil dövlətimizi xarici təhdidlərdən qorumaq üçün vacib amildir. Nəzərə alaq ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır, həm marginal siyasi ünsürlər, həm dəErmənistan hakimiyyəti revanşizm xülyaları ilə yaşayır. Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında çıxışında qeyd etdiyi kimi, Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar - bütün bunlar onu göstərir ki, Azərbaycana qarşı bu çirkin oyun hələ bitməyib. Bizim Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Dövlət başçısı vurğulayıb ki, qarşımızda dayanan birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik.

Ümumiyyətlə,Azərbaycanın Silahlı Qüvvələri nəinki regionumuzda, o cümlədən dünyada ən güclü ordulardan biri sayılır. Torpaqlarımızın erməni işğalından azad edilməsinin ən mühüm səbəblərindən biri də ölkəmizdə uğurla inkişaf etdirilən ordu quruculuğu siyasətidir, bu sahədə davamlı islahatların aparılmasıdır və görülən işlərin effektivliyidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, səmərəli nəticələr əldə olunur. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahədə həyata keçirilən davamlı islahatlar və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib. Bunun qanunauyğun nəticəsi kimi, Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib.

Vətən müharibəsindən sonra isə Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizin qüdrəti, iqtisadi imkanlarımız dünyanın ən güclü orduları siyahısında yer alan Azərbaycan Silahlı Qüvvələrinin yeni dövrün çağırışları əsasında komplektləşdirilməsinə imkan verir.Digər tərəfdən, Ermənistanın Fransa və digər ölkələr tərəfindən kütləvi surətdə silahlandırılması ordumuzun döyüş imkanlarının artırılması istiqamətində tədbirlərin daha da gücləndirilməsini zəruri edir. Ermənistanla şərtisərhədində yeni hərbi hissələr yaradılır, həmin hərbi hissələrin maddi-texniki təchizatı yüksək səviyyədə təmin olunur, eləcə də mühəndis işləri aparılır. Prezident İlham Əliyev iclasdakı çıxışında “Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, Azərbaycanla şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq. Əgər Azərbaycana real təhdid olarsa, o təhdidi istənilən ərazidə məhv etmək böyük çətinlik yaratmayacaq”- deyə, bəyan edib.

Beləliklə, bizim qarşımızda yeni vəzifələr dayanır. VII çağırış Milli Məclis də cənab Prezidentin tövsiyələrinə və qarşıya qoyduğu vəzifələrə uyğun olaraq üzərinə düşən fəaliyyəti həyata keçirəcək. yap.org.az

Chosen
51
2
sia.az

10Sources