EN

Zelenski “Qələbə planı”nı təqdim etdi

Ukrayna Prezidenti Volodimir Zelenski “Qələbə planı”nı Ali Radaya tam təqdim edib.

Zelenski Radada çıxışı zamanı planın bəzi bəndlərinin artıq mediada səsləndirildiyini deyib. O, ölkəsində “qələbə” sözünün bəzi insanları narahat etdiyini də vurğulayıb.

Planını açıqlayan Zelenski bu proqramın “sülh sammitinə körpü” olacağını bildirib. O, plana əsasən müharibənin 2025-ci ilin sonunadək bitəcəyinə inandığını sözlərinə əlavə edib.

Zelenski planının 5 bənddən ibarət olduğunu bildirib. Bu bəndlərin üçündə ictimaiyyətə açıqlanmayan məxfi hissələr var.

Birinci bənd geosiyasi məsələlərə aiddir və Ukraynanın “indi” NATO-ya dəvət edilməsini nəzərdə tutur.

İkinci bənd müdafiə sahəsini əhatə edir və buraya Rusiya ərazisində əməliyyatların davam etdirilməsi və onun ərazisinə zərbələrə məhdudiyyətlərin aradan qaldırılması, Rusiya aviasiyasının tərəfdaşlarla birgə məhv edilməsi, dron və raketlərdən istifadənin genişləndirilməsi, tərəfdaşların kəşfiyyat məlumatlarına əlçatanlıq daxildir. Bu bənd məxfi hissələrə sahibdir. 

Üçüncü bənddə Ukrayna öz ərazisində Rusiyadan gələ biləcək istənilən hərbi təhlükədən qorunmaq üçün kifayət edəcək qeyri-nüvə xarakterli strateji sistemlərin yerləşdirilməsini təklif edib. Bu bənddə də məxfi hissə yer alıb. Bu hissə ilə artıq ABŞ, Britaniya, Fransa, İtaliya və Almaniya liderləri tanış olub. 

Dördüncü bənddə isə Ukraynanın iqtisadi inkişafı və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi yer alıb. Burada da məxfi cümlə mövcuddur və onunla ABŞ və Aİ tanış ola bilər.

Beşinci bənd isə müharibəsonrası dövr üçün nəzərdə tutulub. Belə ki, müharibə başa çatdıqdan sonra ukraynalı hərbçilər öz təcrübələrindən NATO və Avropanın müdafiəsinin gücləndirilməsi üçün istifadə edə bilərlər. Qeyd olunub ki, Ukrayna hərbi birləşmələri müharibədən sonra Avropada ABŞ kontingentinin bir hissəsini əvəz edə bilər.

Xatırladaq ki, Zelenski öz planını təqdim etmək üçün ötən həftə Böyük Britaniya, Fransa, Almaniya və İtaliyada səfərdə olub. O, bundan əvvəl isə sentyabrda ABŞ-yə səfəri zamanı ölkə Prezidenti Co Bayden, vitse-prezident Kamala Harris və konqresmenlərə həmin planı təqdim etmişdi. 

Chosen
86
50
buta.media

10Sources