EN

Eduard Məmmədov: "Zəfər Günündə iki dəfə Avropa çempionu oldum"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Avropa çempionatında Zəfər günündə döyüşürdüm. Həmin gün final görüşünü heç cür uduza bilməzdim".
Oxu.Az xəbər verir ki, bunu Baku TV-yə müsahibəsində Yunanıstanda keçirilən kikboksinqin WAKO versiyası üzrə Avropa çempionatında 2 qızıl medal qazanan titullu idmançımız Eduard Məmmədov deyib. Turnirdə iki versiyada mübarizə aparan E.Məmmədov bunun çox çətin olduğunu qeyd edib.
"Bu yarışa favorit kimi getmişdim. Turnirdə yeganə idmançı mən idim ki, iki növdə qızıl medal qazana bildim. Hər il cavan rəqiblərim gəlir. Düzdür, mən bütün idmançılara hörmətlə yanaşıram. Hər bir idmançının öz fiziki gücü, texnikası var. Bilirəm ki, ildən-ilə döyüşmək daha da çətinləşir. Amma yenə də çalışırıq ki, nəticə qazanaq, uğur əldə edək. Əsas bir məqsədimiz var ki, vətənə qızıl medalla qayıdaq, bayrağımızı ucaldaq və himnimizi səsləndirək. Baxmayaraq ki, bir gündə iki final döyüşmək çətin idi, amma mən qürur duyurdum ki, Zəfər günündə yarışıram", - deyə o bildirib.
Turnirlərə həm idmançı, həm də məşqçi kimi qatılan E.Məmmədov əldə etdiyi qələbələrin tələbələrinə motivasiya verdiyini söyləyib:
"Hər bir yarışa həm idmançı, həm də məşqçi kimi qatılıram. Bu, ikiqat çətin olur. Çünki həm özün döyüşməlisən, həm də tələbələrin döyüşür, çalışırsan ki, onlara motivasiya verəsən. Həmişə onlara deyirəm ki, müəllimizin döyüşür, qalib gəlir və çempion olursa, siz də həmçinin ona oxşamalısınız. Ən böyük motivasiya budur".
Gələcək planlarından danışan idmançımız əsas məqsədinin gələn il keçiriləcək dünya çempionatında qızıl medal qazanmaq olduğunu deyib:
"2025-ci ildə dünya çempionatı olacaq. Çalışacağam ki, yenə də öz rekordumu təkrarlayım. Məqsədim 2 versiyada çıxış etməkdir. Bilirəm ki, bir növdə çıxış etsəm, daha asan olar. Amma çalışacağam ki, yenə də böyük uğur qazanım. Bundan əvvəl may ayında Dünya Kuboku keçiriləcək. Gücümüz, sağlığımız yerində olsa, orada da çıxış edəcəyik".
Ətraflı süjetdə:
Chosen
26
50
oxu.az

10Sources