EN

Sumqayıtda NASCO XXVII elmi konfransının plenar iclası keçirilib

Dekabrın 10-da Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı və “SOCAR Polymer” MMC-nin baş sponsorluğu, BP və Nobel Energy şirkətlərinin sponsorluğu ilə SDU-da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransının (NASCO XXVII) plenar iclası keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdən öncə konfrans iştirakçıları müstəqil dövlətimizin qurucusu, Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, Sumqayıt şəhərində yerləşən abidə önünə gül dəstələri qoyublar.

Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayevin, respublikamızın tanınmış ali təhsil müəssisələrinin rektorlarının, görkəmli alimlərin, ictimai-siyasi xadimlərin, doktorantların və gənc tədqiqatçıların iştirakı ilə keçirilən elmi konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirin açıq elan edilməsinin ardından Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən SDU-nun  rektoru, dosent Rüfət Əzizov qonaqları və iştirakçıları salamlayaraq, doktorantların və gənc tədqiqatçıların növbəti XXVII Respublika elmi konfransının SDU-da keçirilməsindən məmnunluğunu bildirib. Rüfət Əzizov elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi məqsədilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan danışıb və bu istiqamətdə Sumqayıt Dövlət Universitetində aparılan yeniliklər, tədris olunan ixtisaslar və tələbə-məzunların əmək bazarındakı fəaliyyəti ilə əlaqədar görülən işlər, həyata keçirilən layihələrdən bəhs edib. Diqqətə çatdırıb ki, bu gün ölkəmizin sənaye mərkəzi hesab edilən Sumqayıt şəhərinin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti sənaye şəhərinin bilik və təcrübə mənbəyinə çevrilir.

Daha sonra çıxış üçün söz elm və təhsil naziri cənab Emin Əmrullayeva verilib. Nazir çıxışında 27-ci dəfə təşkil olunan konfransın təşkilinin yüksək qiymətləndirildiyini vurğulayaraq, bu cür tədbirlərin elm sahəsində möhkəm və uğurlu bir ənənə formalaşdırdığını və gənc alimlərə böyük imkanlar yaratdığını qeyd edib. Ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində bir sıra mühüm və uğurlu addımlar atıldığını qeyd edən cənab Emin Əmrullayev bildirib ki, bu gün müasir təhsil infrastrukturunun yaradılması, universitetlərdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi bu sahədəki əsas prioritetlərdəndir. 

Plenar iclasdan sonra konfrans öz işini bölmələr üzrə davam etdirib. Qeyd edək ki, iki gün davam edəcək konfransa 287 tezis daxil olub, onlardan 251 teziz qəbul  olunub. Konfrans dekabrın 11-də başa çatacaq.

Chosen
59
7
azedu.az

10Sources