EN

ABŞ: Şimali Koreya hərbçiləri artıq Ukrayna üçün qanuni hədəfdir

ABŞ Dövlət Departamentində bildiriblər ki, Şimali Koreya hərbçiləri arasında Kursk vilayətində itkilər var və KXDR əsgərlərinin Ukraynaya döyüş əməliyyatlarında iştirak etmək üçün daxil olması eskalasiyanın güclənməsi kimi qiymətləndiriləcək.  

Qaaynarinfo xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.  

Millerdən soruşublar ki, Şimali Koreya hərbçiləri Ukrayna sərhədini keçərsə, onlar Ukrayna üçün qanuni hərbi hədəf hesab ediləcəkmi?  

Dövlət Departamentinin nümayəndəsi cavab olaraq bildirib ki, ABŞ-ın fikrincə, "Kursk vilayətinə yerləşdirilmiş Şimali Koreya hərbçiləri artıq qanuni hədəflərdir".  

"Onlar müharibəyə daxil olublar, buna görə də onlar kombatantdır və Ukrayna hərbçiləri üçün qanuni hədəfdir", – o vurğulayıb.  

Miller Rusiya ərazisində döyüş meydanında həlak olan Şimali Koreya hərbçilərini görüyünü qeyd edib.  

"Əgər onlar Ukrayna sərhədini keçsələr, bu, Rusiya hökuməti tərəfindən daha bir eskalasiya olacaq, həmçinin Şimali Koreya hökuməti tərəfindən də eskalasiya olacaq, çünki onlar müstəqil və suveren dövlətin ərazisində ona qarşı təcavüzkar müharibədə iştirak üçün şimali koreyalı qoşunlar göndərib", – o açıqlayıb.  

Bundan əlavə, Dövlət Departamentinin nümayəndəsi vurğulayıb ki, bu, Şimali Koreya hökuməti tərəfindən tam eskalasiya olardı.  

Miller əlavə edib ki, bu hadisələrin fonunda ABŞ son həftələr Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün addımlar atır.  

"Biz bunu davam etdirəcəyik", – o yekunlaşdırıb.  

Məlum olduğu kimi, Şimali Koreya və Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğaldan sonra əməkdaşlıqlarını fəallaşdırıblar. Ölkələrdən hər hansı birinə silahlı təcavüz baş verərsə, qarşı tərəfə dərhal hərbi yardım göstərməyi öhdəsinə götürən saziş imzalayıblar.  

Dünən Ukrayna hərbçiləri Kursk vilayətindəki son hücumlardan sonra həlak olmuş Rusiya və Şimali Koreya hərbçilərinin foto və videolarını yayıblar.  

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin təxminlərinə görə, Şimali Koreya bölmələri azı 30 nəfər itki verib.  

Pentaqonun nümayəndəsi general-mayor Pet Rayder isə bildirib ki, ABŞ tərəfinin qiymətləndirməsinə görə, Şimali Koreya qüvvələri ilk dəfə Kursk vilayətində Rusiya qüvvələri ilə birlikdə döyüşə girib və itki verib.

Alpər
Chosen
16
7
qaynarinfo.az

9Sources