EN

ABŞ Gürcüstanın yüksək vəzifəli məmurlarına yeni sanksiyalar tətbiq edib

Daxili işlər naziri də daxil olmaqla, 2 məmur sanksiya siyahısına salınıb

Amerika Birləşmiş Ştatlar əhalinin etirazlarının amansızlıqla yatırılmasına görə "Gürcü Arzusu” hökumətinin yüksək vəzifəli məmurlarına qarşı yeni sanksiyalar tətbiq edib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bildirib ki, Gürcüstanda etirazçılara qarşı zorakılıqla əlaqədar daxili işlər naziri də daxil olmaqla, iki Gürcüstan məmuruna qarşı sanksiyalar tətbiq edilib.

"Böyük Britaniya və digər Avropa ölkələri bu yaxınlarda bənzər addımlar atıblar. Biz Gürcüstanda insan hüquqlarını pozanları məsuliyyətə cəlb etməkdə həmrəyik”, – deyə Miller bildirib.

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) rəhbərindən başqa, DİN-in Xüsusi Əməliyyatlar Departamentinin rəis müavini Mirza Kezzevadzeyə qarşı sanksiyalar tətbiq edilib.

Dövlət Departamenti həmçinin hüquq-mühafizə orqanlarının və təhlükəsizlik xidmətlərinin etirazçılara qarşı zorakılıqda iştirak etmiş əməkdaşlarına qarşı viza məhdudiyyətləri tətbiq edəcək. Bundan başqa, sanksiyalar azad səs vermək hüququ da daxil olmaqla, əsas azadlıqların məhdudlaşdırılmasına görə hakimiyyətin bələdiyyə orqanlarının vəzifəli şəxslərinə də şamil olunacaq”, – Miller bildirib.

"ABŞ Gürcüstanda hüquqların pozulmasında təqsirli olanların məsuliyyətə cəlb edilməsi üçün mövcud alətlərdən istifadə edir”, – Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə "Turan”ın suallarına cavabda bildirib.

O əlavə edib ki, sonuncu sanksiyalar ABŞ-nin ötən həftə açıqladığı viza tədbirlərinin ardınca tətbiq olunur.

"ABŞ "Gürcü Arzusu” tərəfindən ölkə vətəndaşlarına – etirazçılara, KİV, müxalifət nümayəndələrinə və hüquq müdafiəçilərinə qarşı davam edən amansız zorakılığı qətiyyətlə pisləyir. Hesab edirik ki, "Gürcü Arzusu” partiyası ölkənin gürcü xalqının istədiyi və Gürcüstan konstitusiyasında nəzərdə tutulan Avroatlantik gələcəyindən üz çevirib”, – o deyib.

Gürcüstanda siyasi böhran

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib və Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim "Gürcü Arzusu” Partiyası 54 faiz səslə qalib gəlib. Lakin müxalifət səsvermənin rəsmi nəticələrini qəbul etməkdən imtina edib və çoxsaylı qanun pozuntularını əsas gətirərək etiraz aksiyalarına çağırıb.

Polis dəfələrlə etirazçıları dağıdıb.

Noyabrın 28-də Baş nazir İrakli Kobaxidze 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarından imtina edəcəyini elan etdikdən sonra etirazlar daha da kütləviləşib.

Avropa İttifaqı və ABŞ hakim partiyanın qərarını pisləyib və Gürcüstanla əməkdaşlığı kəskin şəkildə azaldıb.

Müxalifət Aİ-ni "Gürcü Arzusu” Partiyasının hökumətinin legitimliyini tanımamağa çağırıb.

Prezident Salome Zurabişvili Gürcüstan Konstitusiya Məhkəməsinə parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı iddia qaldırsa da, məhkəmə iddiasını qəbul etməyib.

Zurabişvili bəyan edib ki, ölkədə yeni parlament seçkiləri təyin olunana qədər vəzifəsini tərk etməyəcək.

Dekabrın 14-də Gürcüstan parlamentinin Seçkilər Kollegiyası "Gürcü Arzusu” Partiyasının deputatı, keçmiş futbolçu Mixail Kavelaşvilini ölkə Prezidenti elan edib.

Dekabrın 19-da Böyük Britaniya Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelaurini, Polis Departamentinin rəhbəri Sulxan Tamazaşvili və Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin direktoru Zviad Xarazişviliyə sanksiya tətbiq edib.
Chosen
13
50
arqument.az

10Sources