“Barselona”nın ispaniyalı sağ cinah hücumçusu Lamin Yamal və İspaniya klubu arasındakı yeni müqavilə barədə danışıqlar davam edir.
Arena.az xəbər verir ki, Yamalın agenti Jorje Mendeş futbolçunun klubla müqaviləsi haqda xəbərlərə münasibət bildirib.
Portuqal mütəxəssis yeniyetmə futbolçunun “Barselona” ilə mütləq yeni müqavilə imzalayacağına əminliyini ifadə edib%
“Lamin Yamal “Barselona” ilə mütləq yeni müqavilə imzalayacaq. Lamin “Barselona”da qalmalıdır. Nə vaxt olacağını deyə bilmərəm, amma bu, mütləq olacaq. O, 2024-cü ili fenomenal keçirdi və şəxsən mənim üçün keçən il İspaniya yığması və “Barselona” ilə dünyanın ən yaxşı oyunçusu oldu”, deyə Mendeş vurğulayıb.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 21 oyuna çıxıb, 6 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 72 oyun, 13 qol və 21 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.