Bakı, 12 fevral, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün yeganə matçında “Kəpəz” “Səbail”i qəbul edib. Qəbələ şəhər stadionunda reallaşan görüş Bakı klubunun qələbəsi ilə başa çatıb – 4:1.
Dörd turdan sonra qalib gələn paytaxt təmsilçisinin heyətində qolları Aleksandr Ramalinqom (penalti), Rüfət Abdullazadə və Suleyman Alluş (2) vurublar. “Sarı-göylər”in qoluna isə Martins Junior imza atıb.
Bu nəticədən sonra xallarını 30-a çatdıran “Səbail” 5-ci pilləyə yüksəlib. “Kəpəz” isə 20 xalla 9-cu sırada qalıb.
Turun açılış oyununda “Qarabağ” doğma meydanda “Sabah”la heç-heçə edib – 3:3.
Qeyd edək ki, XXII tura fevralın 13-də keçiriləcək “Turan Tovuz” - “Qəbələ”, “Zirə” -“Sumqayıt” və “Araz-Naxçıvan” – “Neftçi” qarşılaşmaları ilə yekun vurulacaq.